Azay Quliyev Vyanada Xəzər dənizinin
dayazlaşması və Cənubi Qafqazda formalaşan yeni
siyasi reallıq barədə
çıxış edib.
Manset.az xəbər verir ki, ATƏT-in “Fəlakətlərə qarşı dayanıqlılığın və cavab tədbirlərinin gücləndirilməsində ATƏT-in rolunun artırılması” mövzusunda keçirilən Ətraf Mühit və İqtisadiyyat Ölçüsü üzrə 2025-ci il İcra İclasında çıxış edən ATƏT Parlament Assambleyasının İqtisadi Məsələlər, Elm, Texnologiya və Ətraf Mühit üzrə Ümumi Komitəsinin Sədri, millət vəkili Azay Quliyev çağırış xarakterli nitqində iqlim dəyişikliyi, münaqişələr və korrupsiyanın qarşılıqlı təsirlərinə diqqət çəkərək, bu problemlərin birgə şəkildə həllinin ATƏT-in təhlükəsizliyə dair hərtərəfli yanaşmasının mərkəzində dayanmalı olduğunu bildirib.
Quliyev
çıxışına Finlandiya Sədrliyinə və ATƏT-in İqtisadi və Ətraf Mühit üzrə
Fəaliyyətlər Koordinatoru səfir Bakıt Cüsupova təşəkkür etməklə başlayıb və
ATƏT PA-nın bu istiqamətdə gördüyü işləri təqdim edib:
“ATƏT
Parlament Assambleyası 323 milli parlament nümayəndəsini birləşdirərək
təhlükəsizlik, iqtisadi sabitlik və ekoloji dayanıqlılıq sahəsində siyasi
iradənin formalaşdırılmasına xidmət edir. Bizim vəzifəmiz fəlakətlərə qarşı
mübarizədə yalnız öhdəlikləri deyil, real nəticələri təmin etməkdir.”
İqlim dəyişikliyi və qlobal
təhlükəsizlik
Millət
vəkili vurğulayıb ki, iqlim dəyişikliyi nəticəsində baş verən təbii
fəlakətlərin artması artıq təkcə ekoloji deyil, həm də geosiyasi və sosial
sabitlik problemi halını alıb:
“Ekstremal
hava hadisələri, resursların tükənməsi və enerji sistemlərinin kövrəkləşməsi
ekosistemləri, sülhü və sosial həmrəyliyi ciddi sınaq qarşısında qoyur. 2023-cü
ildən bəri üç il ardıcıl rekord isti hava şəraiti ilə yadda qaldı, lakin cavab
tədbirlərimiz hələ də yetərli deyil. Biz həm zərərin azaldılmasına, həm də
uyğunlaşmaya paralel diqqət yetirməli, ən əsası – maliyyələşmə mexanizmlərini
təmin etməliyik.”
Bu
kontekstdə Quliyev 2025-ci
ilin Porto Bəyannaməsində iqlim və təhlükəsizlik əlaqəsinin ön
plana çəkildiyini xatırladıb və ATƏT-in bu istiqamətdə praktiki fəaliyyətini
gücləndirməyə çağırıb.
Münaqişələr və onların ekoloji
təsirləri
Azay Quliyev çıxışında Rusiya
Federasiyasının Ukraynaya qarşı təcavüzkar müharibəsini qətiyyətlə pisləyərək,
onun yalnız humanitar deyil, həm də ekoloji fəlakətlərə yol açdığını bildirib:
“Bu
müharibə istixana qazı emissiyalarının artmasına, su hövzələrinin
çirklənməsinə, meşələrin məhv edilməsinə və bioloji müxtəlifliyin itirilməsinə
səbəb olub. Ukraynanın bu şəraitdə nümayiş etdirdiyi dözümlülük bizim birgə
fəaliyyətimiz üçün nümunədir.”
O,
həmçinin ATƏT PA-nın Ukraynaya Dəstək Komandasının (PSTU) fəaliyyətindən
danışaraq, parlament diplomatiyasının müharibədən sonrakı bərpa və enerji
təhlükəsizliyi proseslərində rolunu vurğulayıb.
Qəzzada vəziyyət və humanitar
fəlakət
Quliyev
Qəzzadakı müharibənin də ağır humanitar və ekoloji nəticələrə gətirib
çıxardığını diqqətə çatdırıb və atəşkəsin əldə olunmasını, girovların azad
edilməsini və humanitar yardımın çatdırılmasını müsbət inkişaf kimi
dəyərləndirib:
“İnsan
təhlükəsizliyinin bərpası gələcək sülh danışıqları üçün əsas ilkin şərtdir.
Dayanıqlılıq yalnız siyasi deyil, həm də humanitar məsuliyyət tələb edir.”
Azərbaycan və Cənubi Qafqazda yeni
mərhələ
Nitqinin
ən mühüm hissəsində Azay Quliyev Azərbaycan və Ermənistan arasında sülh
sazişinin 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmasını və ATƏT-in Minsk
Qrupunun fəaliyyətinə son qoyulmasını Cənubi Qafqazda yeni siyasi reallığın
yaranması kimi dəyərləndirib:
“Azərbaycanın
müharibədən sonra atdığı cəsarətli addımlar, o cümlədən işğal
zamanı Ermənistana yük tranzitinə qoyulan məhdudiyyətlərin tam
aradan qaldırılması regionda sülh,
təhlükəsizlik və iqtisadi əməkdaşlıq üçün tarixi fürsət yaradır. Bu, həm də
iqlim və iqtisadi çağırışların birgə həlli üçün yeni imkanların qapısını açır.”
Korrupsiya və dayanıqlılıq:
təhlükəli dövran
Millət
vəkili korrupsiyanın dayanıqlılığa vurduğu zərbəni xüsusi vurğulayaraq, onu
“ekoloji və institusional sabitliyi dağıdan zəhərli dövran” adlandırıb:
“Ekoloji
tənəzzül korrupsiyanı, korrupsiya isə ictimai inamı və dövlətlərin fəlakətlərə
qarşı cavab vermə qabiliyyətini sarsıdır. Bu zərərli dövranı qırmaq ATƏT-in
prioritet vəzifələrindən biri olmalıdır.”
Tövsiyə olunan prioritet
istiqamətlər
Azay
Quliyev fəlakət risklərinin azaldılması və hazırlığın gücləndirilməsi üçün dörd
əsas istiqamətdə əməkdaşlığı genişləndirməyi təklif edib:
- Ümumi
erkən xəbərdarlıq sistemlərinin yaradılması;
- Risk
xəritələşdirmə və məlumat mübadiləsinin artırılması;
- Fövqəladə
hallara hazırlıq və cavab mexanizmlərinin təkmilləşdirilməsi;
- İqlimlə
bağlı təbii fəlakətlər üçün fövqəladə maliyyə fondlarının yaradılması.
O
əlavə edib ki, süni intellekt və kvant texnologiyaları risklərin
proqnozlaşdırılması və erkən xəbərdarlıq sistemlərində inqilabi rol oynaya
bilər.
Xəzər dənizinin dayazlaşması:
regional çağırış
Azay Quliyev Xəzər dənizinin su
səviyyəsinin azalması problemini “təkcə ekoloji deyil, həm də sosial və
iqtisadi təhlükə” kimi xarakterizə edib:
“Suyun
azalması milyonlarla insanın dolanışığına, bioloji müxtəlifliyə və sahil
infrastrukturlarına birbaşa təsir edir. İqlim dəyişikliyi ilə yanaşı, suyun
qeyri-effektiv
istifadəsi və koordinasiyanın çatışmazlığı vəziyyəti daha da ağırlaşdırır. Buna
görə də, Xəzəryanı dövlətlər arasında koordinasiyanın gücləndirilməsi həyati
əhəmiyyət daşıyır.”
COP 29-da
qəbul olunan tarixi qərarlar
Quliyev
xatırladıb ki, rəhbərlik etdiyi Komitə 2024-cü ildə Dublində və 2025-ci ildə
Vyanada keçirilən sessiyalarda iqlimlə bağlı miqrasiya və ekoloji təhlükəsizlik
mövzularına xüsusi diqqət ayırıb.
O,
həmçinin COP29-un Bakıda uğurla keçirilməsini və 300 milyard ABŞ dolları illik
iqlim maliyyəsi hədəfinin qəbulunu “tarixi nailiyyət” adlandırıb:
“İndi
əsas məsələ COP29 qərarlarını konkret addımlara çevirməkdir. Qlobal
Dayanıqlılıq Çərçivəsi və karbon bazarlarının tənzimlənməsi kimi qərarlar iqlim
təhlükəsizliyinin yeni arxitekturasını müəyyənləşdirəcək.”
Sonda
Quliyev parlamentlərin roluna toxunaraq bildirib:
“İctimai
dəstək olmadan hökumətlərin səyləri davamlı nəticə verə bilməz. Parlamentlər bu
dəstəyin təminatçısı, xalqla dövlət arasında körpü rolunu oynayır. ATƏT PA
hökumətlərlə çiyin-çiyinə işləməyə hazırdır – planetimiz, xalqlarımız və
gələcəyimiz naminə!”