2025-ci il Azərbaycanın sosial-siyasi həyatında bir sıra mühüm məqamlarla, eyni zamanda yerli idarəetmə strukturlarının fəaliyyətinə artan ictimai marağın müşahidə olunduğu bir il kimi yadda qaldı. Xüsusilə bölgələrdə rayon icra hakimiyyəti başçılarının fəaliyyəti bu il ərzində daha çox müzakirə mövzusuna çevrildi. Bir tərəfdən dövlət səviyyəsində şəffaflıq, səmərəlilik prinsipləri daha qabarıq şəkildə vurğulanarkən, digər tərəfdən bəzi rayonlarda korrupsiya, səlahiyyətlərdən sui-istifadə, vətəndaşla əlaqənin zəifliyi kimi problemlər ön plana çıxdı.
Manset.az Yurd.media-ya istinadən Azərbaycanın tanınmış jurnalistləri, media resurslarının rəhbərləri ilə 2025-ci ildə icra hakimiyyətlərinin fəaliyyəti, onların sosial-iqtisadi inkişafa tövhəsi, ümumi idarəetmə keyfiyyəti ilə bağlı sorğunu təqdim edir.
"Bu hadisələr icra strukturlarında sistemli problemlərin olduğunu bir daha göstərdi"
Yenisabah.az saytının baş redaktoru İmdad ƏlizadəYenisabah.az saytının baş redaktoru İmdad Əlizadə rayon icra hakimiyyəti başçılarının 2025-ci ildəki fəaliyyəti bir neçə istiqamətdə qiymətləndirib:
“İlk növbədə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatları nəticəsində həbs olunan icra başçıları diqqət çəkir. Bu, ilin ən ciddi faktlarından biridir. Belə ki, 2025-ci ildə Qax və Balakən rayon icra hakimiyyətlərinin başçıları korrupsiya və mənimsəmə ittihamları ilə həbs olunublar və hazırda istintaq davam edir. Bu hadisələr icra strukturlarında sistemli problemlərin olduğunu bir daha göstərdi”.
İ.Əlizadə qeyd edib ki, digər diqqətçəkən istiqamət isə işğaldan azad olunmuş ərazilərdə Prezidentin xüsusi nümayəndəliklərinin fəaliyyəti ilə bağlıdır:
“Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin geri dönüş prosesi bu nümayəndəliklərin məsuliyyətindədir. Bu fəaliyyət təkcə Azərbaycan üçün deyil, beynəlxalq ictimaiyyətin də diqqətindədir. İnsanların otuz ildən sonra doğma yurdlarına dönüşü həssas və strateji əhəmiyyət daşıyır, vətəndaşların sosial təminatı və məşğulluğunun yaradılması baxımından xüsusi nümayəndəliklərin fəaliyyəti önə çıxır”.
Eyni zamanda baş redaktor vurğulayıb ki, hazırda vəzifədə olan icra başçılarının fəaliyyətində fərqli mənzərə mövcuddur:
“Bəzi hallarda gənc kadrların təyin olunmasına baxmayaraq, narazılıqlar əvvəlki dövrlərlə müqayisədə daha çoxdur. Təbii ki, obyektiv qiymətləndirmə üçün yerli əhalinin münasibəti və yerində müşahidələr əsas götürülməlidir. Sadəcə sosial şəbəkələrdəki məlumatlarla tam qiymət vermək çətindir. Amma ümumi mənzərədə daha çox struktur problemləri və idarəetmədə səmərəsizliklər hiss olunur”.
Baş redaktor eyni zamanda il ərzində xüsusi fərqlənən bir icra hakimiyyəti başçısını da qeyd edib:
“İcra hakimiyyətinin sosial şəbəkə hesablarına və həmin icra hakimiyyətinin fəaliyyətini işıqlandıran digər səhifələrə, saytlara baxsanız, görərsiniz ki, Azərbaycanda fərqli formada işləyən, insanlarla fərqli ünsiyyətdə olan, bütün günü əraziləri gəzən, insanlarla görüşən, tikinti meydançalarına gedən, sakinlərlə təmasda olan, tapşırıqlar verən bir icra başçısı var — Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov”.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz ƏhmədovO qeyd edib ki, hətta Araz Əhmədovun pozitiv təsir bağışlayan fəaliyyəti ilə bağlı çalıdığı media qurumunda xəbər də hazırlayıblar:
“Çünki biz adətən məsafəli olan, insanlara çətinliklə çıxış imkanı verən icra başçısı obrazlarına öyrəşmişik. Amma Araz Əhmədov öz fəaliyyəti ilə bu obrazı dəyişir. Mən düşündüm ki, belə bir müsbət nümunə var və onu işıqlandırmaq lazımdır. Çünki biz təkcə şikayətlər yazmamalıyıq, yaxşı işləyənləri də göstərməliyik ki, digərləri də belə işləyə bilsin. Bunun üçün sadəcə təşəbbüs və istək lazımdır, insanların içində olmaq lazımdır. Axı icra başçıları Prezidentin yerlərdəki nümayəndəsidir. Onların əsas işi insanlarla işləmək, onların problemlərini həll etməkdir”.
"Bu cür geniş narazılığın ölkənin ikinci böyük şəhərində müşahidə olunması ciddi narahatlıq doğurur"

Manset.az xəbər portalının baş redaktoru Əli Vəliyev də sorğumuzu geniş cavablandıraraq müsbət və mənfi fəaliyyəti ilə seçilən icra hakimiyyəti başçıları ilə bağlı danışıb.
Naxçıvan zonasında olduğuna görə, ilk olaraq oradan başlayan baş redaktor qeyd edib ki, Muxtar Respublikada Sədərək və Şərur rayon icra başçıları kifayət qədər fəaldırlar, insanlarla ünsiyyətdədirlər, vətəndaş qəbulları keçirir, problemlər dinlənilir və müəyyən həllər tapılır:
“Amma Naxçıvanda olan digər rayonların icra başçılarının fəaliyyəti ya zəifdir, ya da ümumiyyətlə görünmür”.
Ə.Vəliyev Azərbaycanın əsas turizm bölgələrindən olan Şamaxı və İsmayıllı rayonlarının icra başçılarını da xüsusi qeyd edib — hər ikisi kifayət qədər fəaldır, işlərinə məsuliyyətlə yanaşırlar:
“Amma, məsələn, Oğuz rayonunun icra hakimiyyətinin fəaliyyəti çox bərbaddır, fəaliyyət demək olar ki, hiss olunmur”.
Cənub zonasında isə Ə.Vəliyev də Masallının icra başçısını qeyd edib:
“Yeni təyin olunan bu şəxs demək olar ki, daim vətəndaşların içindədir, təşəbbüskar fəaliyyət göstərir, iş adamlarını bir araya toplayır, müzakirələr aparır. Məsələn, bu yaxınlarda ehsan süfrələrinin yığışdırlması ilə bağlı bir qərar verilib, yığılan vəsait kənd yollarının asfaltlanmasına yönəldilir. Bu, təqdirəlayiqdir”.
Eyni zamanda o qeyd edib ki, Lənkəran və Astaranın icra başçılarının fəaliyyəti bərbaddır.
Neftçalanın icra başçısının fəal olduğunu, gözəl tədbirlər keçirdiyini, həmçinin Ağstafa və Samux rayon icra hakimiyyətlərinin müsbət fəaliyyətlə seçildiyini qeyd edib.
Ə.Vəliyev bildirib ki, Abşeron icra başçısı Abidin Fərzəliyev müsbət mənada fərqlənir:
“Abidin Fərzəliyev xüsusilə şəhid ailələri və qazilərlə davamlı təmasdadır — qəbul saatı olmadan onları dinləyir, qapısı daim açıqdır. Mən özüm də şəxsən bunun şahidi olmuşam. Bakı şəhərinə gəldikdə isə, Nizami, Suraxanı və Sabunçu rayonlarının icra başçılarının fəaliyyətini müsbət qiymətləndirirəm — onlar vətəndaşla təmasda, problemlərin həllinə yönəlmiş addımlar atırlar, rayonunu da müsbət qiymətləndirmək olar”.
Baş redaktor Aran rayonlarında vəziyyətin qənaətbəxş olmadığını, həmçinin Qazax rayonunun icra başçısı ilə bağlı da ciddi fəaliyyət müşahidə olunmadığını qeyd edib.
Gəncə şəhər İcra HakimiyyətiLakin Əli Vəliyevin fəaliyyətsizliklə bağlı xüsusi vurğuladığı yerli icra orqanı Gəncə şəhər İcra Hakimiyyəti oldu:
“Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhər İcra Hakimiyyətinin fəaliyyəti çox zəifdir. Ümumiyyətlə, Gəncənin tarixi və nüfuzu nəzərə alındıqda, bu şəhərin icra hakimiyyətinin fəaliyyəti heç bir formada görünmür.
Mən deyərdim ki, nə şəhid ailələri, nə qazilər, nə də sadə vətəndaşlar hazırkı idarəetmədən razı deyil. Gəncənin tanınmış şəxsləri də narazıdır. Mən özüm də bu mövzu ilə bağlı insanlarla görüşmüş, araşdırmalar aparmışam — nəticə eynidir: narazılıq çoxdur. Bu cür geniş narazılığın ölkənin ikinci böyük şəhərində müşahidə olunması ciddi narahatlıq doğurur”.
"Əhalinin problemləri dinlənilmir"
Baku.ws saytının baş redaktoru Azad ƏliyevBaku.ws saytının baş redaktoru Azad Əliyev qeyd edib ki, Şəki icra başçısı Elxan Usubovun işləri diqqət çəkir:
“İcra başçısı kənd sakinləri ilə şəxsən səyyar qəbul keçirir və bu işlər haqqında icra hakimiyyətinin rəsmi saytında mütəmadi məlumatlar yerləşdirilir. Şəkidə məşğulluğun olması şəhərə səfər zamanı hiss olunur. Yəni bütün bunlar müsbət məqamlardır”.
Eyni zamanda A.Əliyev qeyd edib ki, 2025-ci il icra başçılarının işi baxımından çox neqativ il kimi yadda qaldı:
“Bölgələrin əksəriyyətində icra hakimiyyətinin sakinlərlə işi görünmür. Əhalinin problemləri dinlənilmir”.
Azxəbər.com saytının baş direktoru Əfsələddin AğalarovAzxəbər.com saytının baş direktoru Əfsələddin Ağalarov bildirib ki, Azərbaycanda bölgələrin inkişafı ilə bağlı hər il mütəmadi olaraq yeni layihələr icra olunur:
“Amma bəzən görürük ki, vətəndaşlardan gələn şikayətlər, narazılıqlar, eləcə də sosial şəbəkələrdə paylaşılan məlumatlar onu göstərir ki, bəzi məmurlar hələ də öz vəzifə səlahiyyətlərini tam icra edə bilmirlər və ya etmək istəmirlər. Son illərdəki məmur həbsləri də göstərir ki, bu sahədə ciddi problemlər var və bu problemlərlə mübarizə yüksək səviyyədə davam etdirilir.
Ə. Ağalarov qeyd edib ki, ilk növbədə bölgələr arasında hansıların iqtisadiyyata daha çox töhfə verdiyi müəyyənləşdirilməlidir:
“Məsələn, qeyri-neft sektorunda əsas gəlir mənbəyi olan məhsullar harada yetişir, toplanır, satışa çıxarılır – bunu müəyyən etdikdən sonra həmin bölgələrin inkişafında daha sistemli yanaşmalar tətbiq edilə bilər”.
Azərbaycan insanı sadə, səmimi vəzifəli şəxs görəndə sevinir
Pravda.az saytının təsisçisi və baş redaktoru İlkin PirəliPravda.az saytının təsisçisi və baş redaktoru İlkin Pirəli isə bildirib ki, bölgələrdə rayon icra hakimiyyətlərinin fəaliyyəti elə də diqqəti cəlb etmir:
“Buna görə də əsas vətəndaş şikayətləri rayonlar üzrədir. Nəinki vətəndaşın, heç mətbuatın da sorğularına cavab vermirlər. Xüsusi olaraq, ad çəkmək istəmirəm, çünki, demək olar, hamısı eynidir”.
Onun sözlərinə görə, yeni təyin olunanlar bir qədər çalışırlar, sonradan passiv duruma keçirlər:
“Vətəndaşların ən çox şikayət etdiyi icra hakimiyyətlərinin “bizim səlahiyyətimizdə deyil” yanaşmasıdır. “Səlahiyyətsiz” qurumdan şikayətlərin olması da normaldır. Sosial şəbəkələrdə rayon icra hakimiyyəti başçılarının keçirdiyi görüşlərlə bağlı fotoların paylaşılması, sadəcə, görüntü xatirinədir. Ortada ciddi fəaliyyət yoxdur”.
İ.Pirəli qeyd edib ki, Bakının rayonları müəyyən qədər fərqlənir, bu da təbii ki, paytaxt olduğuna görədir.
Ölkə.az saytının baş redaktoru Samir MirzəÖlkə.az saytının baş redaktoru Samir Mirzə də vurğulayıb ki, “icra hakimiyyətləri” deyəndə insanın beynində daha çox mənfi düşüncələr formalaşır:
“Bunun nəticəsidir ki, bir çox icra hakimiyyətlərində əməliyyatlar keçirilib, həbslər olub. Ortada xeyli fasilə yaransa da, bəzi icra başçıları bunlardan dərs götürmədi, ötən günlərdə daha bir əməliyyat keçirildi”.
O qeyd edib ki, yaşadığı Binəqədi rayonunda uzun illərdir təmirə ehtiyacı olan Aboyev parkı var, icra başçıları dəyişsə də, xüsusi nəzərəçarpan hansısa dəyişiklik görünmür:
“Qəsəbəmizdə yeni binalar tikilir, infrastruktur nəzərə alınmır, əhali artır, tıxac çoxalır. Bizim yaşadığımız küçədən elə olur ki, qəsəbənin mərkəzinə maşınla güclə gedib çatırıq. Qapımızın ağzı tez-tez tıxac olur”.
Baş redaktor qeyd edib ki, Azərbaycan insanı sadə, səmimi vəzifəli şəxs görəndə sevinir, onun haqqında xoş sözlər danışır:
“İnsanların içinə çıxıb səmimi söhbət edənlər, onlarla maraqlananlar avtomatik olaraq beyinlərdə yaxşı qalacaq. Təəssüf ki, belə hallarla da az qarşılaşırıq. Bir dəfə hansısa rayonun icra başçısının bu yaxınlarda görüntüsü yayıldı ki, rəsmi görkəmdə dağa piyada qalxdı. Buna belə bizim cəmiyyət pozitiv yanaşır. Qaldı ki, nəzərəçarpacaq işlər görülsə, görün insanlar onları necə qədər qiymətləndirərlər”.
"Həmin şəxs o rayonun bütün əhalisinin icra başçısı olmalıdır"
Bakıvaxtı.az saytının Baş redaktoru Qalib İbrahimoğluBakıvaxtı.az saytının Baş redaktoru Qalib İbrahimoğlu da sorğuya cavabında qeyd edib ki, bölgələrdə əhalinin şikayətçi olduğu qurumlardan biri də yerli icra hakimiyyətləridir:
“Etiraf edək ki, bəzən bu şikayətlər haqsız olur. Amma dövlətimizin başçısı yerlərdə icra hakimiyyəti başçısı təyin edibsə, həmin şəxs həmin rayonun bütün əhalisinin icra başçısı olmalıdır.
Prezident icra başçılarını təyin edəndə onların qarşısında bir tələb qoyur: xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq… Amma bəzən icra başçıları özləri xoşagəlməz hallara yol verirlər. Və nəticə də həbs olunan icra başçılarının taleyi…”
Baş redaktor müsbət fəaliyyəti ilə seçilən icra hakimiyyəti başçılarını da qeyd edib:
“Öz təcrübəmdən deyirəm, ata-baba yurdum Yevlaxda son illər icra başçıları fəaliyyətləri ilə diqqət çəkirlər. Hazırkı icra başçısı Anar Tağıyev də Yevlaxa rəhbər təyin olunandan şəhərin inkişafı üçün işlər görür.
Bərdə və Tərtər rayon icra hakimiyyəti başçıları Vidadi İsayev və Müstəqim Məmmədovdan da razılıqlar eşidirəm.
Hazırda yaşadığım Səbail rayounun İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov da işgüzarlığı ilə seçilən başçılardandır”.
Modern.az saytının əməkdaşı Mail AğaxanovModern.az saytının əməkdaşı Mail Ağaxanov sorğuya cavabında bildirib ki, son illər rayonlara təyin olunan icra başçılarının fəaliyyəti ilə bağlı aparılan müşahidələr bu fəaliyyətin ümumilikdə qənaətbəxş olduğunu deməyə əsas verir:
“Konkret hansı rayonun icra başçının yaxşı və ya pis işləməsinə gəlincə özüm cənub bölgəsindən olduğum üçün deyə bilərəm ki, Masallı rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, Lerikin icra başçısı Əkbər Abbasov və əvvəllər Salyanın və hazırda Hacıqabulun icra başçısı işləyən Sevindik Hətəmovun fəaliyyəti bir vətəndaş və bir media nümayədəsi kimi məni qane edir. Adını çəkdiyim məmurlar təmsil etdiyi rayonların kəndlərində tez-tez vətəndaş qəbulu keçirib insanların problemləri ilə yaxından tanış olub onların həlli istiqamətində aidiyyati qurumlara tapşırıq və göstərişlərini verirlər”.
O təəssüflə qeyd edib ki, fəliyyəti qənaətbəxş olmayan icra başçılar hələ də var:
“Bunu sosial şəbəkələrdə həmin rayonların sakinlərinin öz dilindəndə tez-tez eşidirik. Bu siyahıya Qazaxın icra Başçısı Rəcəb Babaşovu, Astaranın icra başçısı Qəzənfər Ağayevi, Lənkəranın icra başçısı Taleh Qaraşovu, Sabirabadın icra başçısı Siraqəddin Cabbarovu, Yardımlının icra başçısı Ayaz Əsgərovu və daha da bir neçə rayon rəhbərini əlavə etmək olar. Adını çəkdiyim rayonların rəhbərlərinin fəaliyyəti ilə bağlı təmsil etdikləri rayonların sakinləri tərəfindən narazılıqlarlar eşidirik, eyni zamanda mətbuatda tənqidi yazılara rast gəlirik”.