"Prezident İlham Əliyevin “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumundakı çıxışı müasir beynəlxalq münasibətlər sistemində təhlükəsizlik, sülh, enerji və nəqliyyat məsələlərinin strateji əhəmiyyətini bir daha ön plana çıxardı".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.

Onun sözlərinə görə, Prezidentin çıxışı qlobal təhlükəsizlik mühitinin dəyişdiyi bir dövrdə dövlətlərin qarşısında duran əsas çağırışların təhlili və Azərbaycanın bu proseslərdə tutduğu mövqenin təqdimatı kimi də diqqəti cəlb edir:
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan regional təhlükəsizlik sahəsində çox mürəkkəb yol keçib. Təxminən 30 il ərzində ölkə ərazisinin 20 faizi işğal edilərək azərbaycanlılar etnik təmizləməyə məruz qalıb. Həmin dövrdə Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələr icra olunmadığı üçün Azərbaycan beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü bərpa etmək məcburiyyətində qalıb."
Deputatın sözlərinə görə, 2020-ci ildəki 44 günlük Vətən müharibəsi ilə Azərbaycan işğal altında olan ərazilərini azad edib və regionda sülhün bərqərar olunmasına siyasi yollarla nail olub:
"Azərbaycan və Ermənistan arasında sülh
prosesinin sürətli inkişafı nadir hadisədir. 2025-ci ilin avqustunda sülh
sazişinin paraflanmasından sonra sərhəddə sabitlik təmin olunub və ölkəmiz
Ermənistanla ticarətin bərpası kimi addımlarla dayanıqlı sülhə sadiqliyini
nümayiş etdirir. Uzun illər fəaliyyət göstərmiş ATƏT-in
Minsk qrupu münaqişənin həllinə real töhfə verməyib, lakin tərəflər
arasında birbaşa dialoq başladıqdan sonra sülh prosesində irəliləyiş əldə olunub.
Eyni
zamanda bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyin mühüm tərkib
hissəsinə çevrilib. Azərbaycan neft, qaz və elektrik enerjisinin etibarlı
təchizatçısı kimi beynəlxalq enerji təhlükəsizliyinə mühüm töhfə verir və
hazırda ölkəmizin qaz ixrac etdiyi dövlətlərin sayı 16-ya çatıb. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub
nəqliyyat dəhlizləri üzrə mühüm tranzit mərkəzinə çevrilib. Ermənistanla
sülhdən sonra Orta Dəhlizin yeni istiqamətinin yaradılması isə Azərbaycanın
əsas hissəsini Naxçıvan Muxtar Respublikası
ilə birləşdirərək regionda yeni iqtisadi və nəqliyyat imkanları yaradacaq. Azərbaycanın
müharibədən sülhə keçid təcrübəsi, enerji təhlükəsizliyi və nəqliyyat
layihələrindəki rolu müasir dünyada əməkdaşlıq və sabitlik üçün mühüm
nümunədir".