"Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi Brüssel görüşünü ilk olaraq, Azərbaycanın irəli sürdüyü təkliflərin qətiyyətli diktəsi kimi qiymətləndirə bilərik. Yəni bu görüş yalnız daha əvvəl qəbul edilmiş üçtərəfli bəyanatların icrasının hansı yöndə realizə olunmasını deyil, həm də bütövlükdə Cənubi Qafaqazdakı təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bir görüş idi. Və ən əsası, Brüsselddə Azərbaycanın təkliflərinin dəstəklənməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin danılmaz sübutudur ".
Manset.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Aydın Hüseynov mövzu ilə bağlı şərhini irəli sürərkən səsləndirib.
Millət vəkilinin sözlərinə görə, Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.
Deputat qeyd edib ki, keçirilən görüşün vacib nüanslarından biri Soçi Bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunması idi. Belə ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi hər vəchlə və müxtəlif bəhanələrlə həmin razılığın icrasını gecikdirməyə cəhdlər göstərirdi: “Yalnız Azərbaycan Prezidentinin qətiyyəti və siyasi iradəsi sayəsində Ermənistanın baş naziri danışıqlar masasına cəlb olundu. Nəticədə Brüsseldə keçirilən görüşdə çox əhəmiyyətli irəliləyişin əldə olunduğunu vurğulaya bilərik. Sülh danışıqlarınnın ilkin mərhələsinə hazırlıq və dövlət sərhədinin delimitasiyası komissiyasının yaradılması yönündə əldə edilən razılaşma da belə qənaətə gəlməyə zəmin yaradır ki, artıq əvvələr olduğu kimi, erməni tərəfinin yayınması üçün heç bir rıçaqı qalmayıb. Bu baxımdan da artıq bir sıra nüfuzu politoloqlar Brüssel görüşünü Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli diplomatiyasının uğuru kimi qiymətləndirirlər”.
“Danışıqların Azərbaycanın baza prinsipləri kimi irəli sürdüyü 5 maddə əsasında davam etdirilməsi Azərbaycanın mövqeyinin güclü və dəyişilməz olduğunu bir daha təsdiq edir”, deyən Aydın Hüseynovun sözlərinə görə, digər mühüm detalları da xatırladıb: “Misal üçün, Avropa İttifaqında “Dağlıq Qarabağ” ifadəsinin istifadə olunmaması, zaman-zaman Ermənistan rəhbərliyinin artıq ölü qurum kimi tanınan ATƏT-in Minsk qrupunu cəlb etməsinə baxmayaraq, həmin qurumun prosesdən kənarlaşdırılması birbaşa Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın uğurlu xarici siyasəti kimi tərənnüm olunur. Əgər bu gün Avropa İttifaqı kimi mötəbər qurum Azərbaycanın təkliflərini öndə tutursa, əsas prinsip kimi qəbul edirsə, söz yox ki, biz burada Prezident İlham Əliyev siyasi xarizmasının, prinsipiallığının məntiqi nəticələrini vurğulaya bilərik. Artıq qarşıda qəti işlərin görülməsi vacibliyi Brüsseldəki görüş vasitəsi ilə qarşı tərəfə çatdırılıb və ilk növbədə, Ermənistan rəhbərliyi də yaxşı bilir, dərk edir ki, irəli sürülən 5 təklifi icra etməkdən başqa heç bir çarəsi yoxdur. Düşünürəm ki, bu Ermənistan “diplomatiyasının” Azərbaycan Prezidentinin xarici siyasətinin qarşısındakı növbəti kapitulyasiyasıdır ”.