Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri arasında üçtərəfli görüş keçiriləcək. Danışıqlarda Bakı və İrəvan arasında sülh müqaviləsinin hazırlanması məsələsi müzakirə olunacaq.
Bəs, müzakirələrdə hansı məsələlər gündəmdə olacaq? Ümumiyyətlə, bu dəfəki danışıqlarda nə kimi irəliləyişlər ola bilər?
Mövzu ilə bağlı Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Manset.az-a açıqlamasında bildirib ki, konkret olaraq bu görüş Rusiyanın Qərbə mən də varam siyasətinin davamı kimi qiymətləndirilir.

Ekspertin sözlərinə görə Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşdə hər-hansı bir sənədin imzalanması gözlənilmir:
“Bu müzakirələrdə nəqliyyat yollarının açılması, sülh gündəliyi, Qarabağdakı məlum etiraz aksiyası, delimitasiya və demarkasiya məsələləri müzakirə olunacaq. Lakin bu dəfə heç bir sənəd və ya bəyanat qəbul edilməyəcək. Bu görüş ilə Rusiya sadəcə olaraq Qərbə mən də varam deməyə çalışır. Xarici işlər nazirləri Vaşinqtonda iki dəfə, bir neçə gün görüş keçirib və gündəlik ortadadır. Rusiyanın vasitəçiliyi ilə keçiriləcək görüşdə hər-hansı bir sənədin imzalanması gözlənilmir. Ümumiyyətlə, Moskvada bir sənəd imzalansa belə onun reallaşması mümkün deyil. Çünki, Rusiyanın öz imzası və vasitəçiliyi ilə imzalanan sənədlər Kreml tərəfindən kağız parçası kimi dəyərləndirilir. Ona görə də Moskvada XİN rəhbərlərinin görüşündən müsbət nəticələr gözlənilmir”.
Aygün
Manşet.az