“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı atdığı addımlar qərəzli, ikili standartların nümunəsidir. Nümayəndə heyətimizin səsinin dondurmaq təşəbbüsü isə heç bir çərçivəyə sığmır və əsassızdır. AŞPA-da baş verənlərin arxasında Fransanın dayandığına heç bir şübhə yoxdur. Paris Azərbaycanın Qarabağ zəfərini həzm edə bilmir. Bu ölkə 25 il ATƏT-in Minsk qrupuna həmsədrlik edib və bütün bu illər ərzində Ermənistanın maraqlarından çıxış edib, Azərbaycana torpaqlarından imtina etməsi üçün təzyiqlər edib, həmsədrlik institutunun öz fəaliyyətində ədalətli mövqe tutmasına maneçilik törədib”.
Bunu Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat Fransanın Qarabağ separatçılarına dəstək verməsinin arxasında məkrli niyyətlərin, islamofob və anti-Azərbaycan münasibətlərin dayandığını qeyd edib:
“Azərbaycan Fransa da daxil olmaqla Avropanın əksər ölkəsinin və dünya birliyinin rəsmi olaraq tanıdığı öz ərazilərini işğaldan azad edib, 30 illik erməni işğalına son qoyub. Əgər AŞPA parlamentariləri Fransanın diqtəsi ilə insan haqlarını müzakirəyə çıxarırlarsa və Azərbaycanı ittiham edirlərsə, bəs 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köşkün düşməsindən, hüquqlarının kütləvi şəkildə pozulmasından niyə bir kəlmə də danışmırlar. Biz bunu ikili standart kimi qəbul edirik. Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv qəbul olunanda Qarabağ probleminin həllinə ümid edirdi. Amma uzun illər qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görmədi, yalnız quru bəyanatlarla imkanları boşa verdi. Quruma üzvü olan Ermənistanın digər üzv ölkənin - Azərbaycanın ərazisini işğal altında saxlamasına göz yumdu, işğalçı Ermənistanın səs hüququnu məhdudlaşdırmaq barədə addım atmadı. Düşünürük ki, belə bir şəraitdə Avropada heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. AŞPA bu qərarı qəbul edəcəyi təqdirdə nümayəndə heyətimiz bu qurumda fəaliyyətini dayandırmalıdır. Digər addımlar da istisna deyil”.