Övladlarını bu məktəbə qorxaraq yola salırlar - Fotolar

13:52 - 30 Aprel 2025

Övladlarını bu məktəbə qorxaraq yola salırlar - Fotolar

Salyan rayonunun Salman Cəfərov adına Yenikənd tam orta ümumtəhsil məktəbi yararsız haldadır. 


Bu barədə Manset.az-a kənd sakinləri müraciət ediblər. 

Onların sözlərinə görə, övladlarını hər gün acınacaqlı vəziyyətdə olan təhsil ocağına qorxaraq yola salırlar. Belə ki, əsaslı təmir görməyən məktəbin divarları və tavanı hər an çökə bilər. 

Valideynlər deyir ki, məktəbin sanitar qovşaqları istifadəyə yararsızdır, divarlar nəmişlikdən çat verib: “Bundan başqa təhsil ocağının pəncərələri qırılıb, döşəməsində isə çürüdüyü üçün yırtıqlar yaranıb. Yenikənd məktəbində yalnız divarlar, pəncərələr və tavan yox, elektrik xətləri də təhlükə saçır. Məktəbin həyəti də içi qədər bərbad vəziyyətdədir. Yağış yağan kimi həyət palçıqlı su çuxurlarına çevrilir. Şagirdlər dərsə gəlmək üçün bu çuxurlardan keçməyə məcbur olurlar”.

Məsələ ilə bağı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdəndir. Son iki il ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan 28 müəssisədə cari və əsaslı təmir işləri aparılıb. Hazırda 5 müəssisədə cari və əsaslı təmir işləri davam edir. 3 yeni binanın tikintisi aparılmaqdadır.

Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aidiyyəti üzrə müraciət edilib. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Qeyd edək ki, məktəb şəhid Salman Cəfərovun adını daşıyır. İki il öncə respublika üzrə ilk olaraq maksimum - 60 bal toplayan ibtidai sinif müəllimi, 59 yaşlı Flora Dünyamalıyeva da 36 ildir ki, bu məktəbdə çalışır. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv