Bu gün xalqımız
son iki yüzilliik tarixini ən şanlı səhifəsi olan –
8 Noyabr Zəfər Gününün altıncı ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd
edir.
Bu Zəfər
sadəcə 44 gün ərzində torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycan dövlətinin gücünün, iradəsinin və qətiyyətinin dünyaya
nümayiş etdirməsi deyildi, bu, həm də
2023-cü il
sentyabrın 20-ə, suverenliyimizin bərpasına gedən yolun
başlanğıcı idi.
Məhz
buna görə də 8 Noyabr Zəfər Gününü 20 Sentyabr Suverenlik Günündən ayrı təsəvvür
etmək mümkün deyil. Bunlar vahid bir milli mücadilənin iki möhtəşəm
tarixi zirvəsidir.
Bəs, Zəfər bizim üçün nədir və onu necə anlamalıyıq?
Bu sualın çox dərin milli, siyasi, mənəvi və hüquqi
aspektləri var. Hər kəs bu suala fərqli cavab verə bilər. Lakin əminəm ki,
hamımız Zəfər haqqında danışarkən və ya düşünərkən bunları mütləq qeyd edərdik:
1.
Zəfər Azərbaycan xalqının yenidən doğulduğu,
tapdalanmış heysiyyətinin
və mənliyinin bərpa olunduğu, əyilmiş qamətinin dikəldiyi, şərəf və
ləyaqətinin tarix sınağından alnıaçıq, üzüağ çıxdığı möhtəşəm tarixi hadisə, mislisiz milli nailiyyətdir.
2. Zəfər
ölümün gözünə dik baxaraq torpaqlarımızı
işğaldan azad edən, düşməni məhv edən Şəhidlərimizin unudulmayacaq həyat hekayəsi, alın yazısı
və qəhrəmanlıq səlnaməsidir. Xaqlımızın işğalla heç vaxt barıçmayacağını ehtiva
edən “Ya Qarabağ, ya ölüm!” şüarının sadəcə söz olmadığnın və praktiki məna
kəsb etdyinin sübutudur.
3. Zəfər
Azərbaycan xalqının milli birliyinin və həmrəyliyinin, iqtidar-xalq birliyinin,
Heydər Əliyev siyasətini
və Azərbaycançılıq ideologiyasının təntənəsidir.
4. Zəfər
Prezident İlham
Əliyevin 17 il ərzində qurduğu güclü dövlətin, yaratdığı qüdrətli Ordunun və
formalaşdırdığı sarsılmaz milli ruhun torpaqlarımızın azadlığı naminə vahid
gücə, sarsılmaz iradəyə və “Dəmir Yumruğa” çevrildiyi məntiqi yekundur.
5. Zəfər Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi dühasının,
strateji düşüncəsinin, sarsılmaz iradəsinin və sərkərdəlik məharətinin hərb
meydanında, informasiya məkanında və diplomatik cəbhədə öz təsdiqini tapdığı,
tarixdə əbədi yaşayacaq milli mücadilə dastanıdır.
6. Zəfər
Azərbaycan Silahlı Qüvvələrinin qüdrətinin, əsgər və zabitlərimizin misilsiz
qəhrəmanlığının, döyüş məharətinin və şücaətinin bütün dünyaya nümayiş
etdirildiyi, XXI əsrdə müasir müharibə konsepsiyasını dəyişən Azərbaycan ordusunun adını dünya
hərb tarixinə qızıl hərflərlə yazdığı gündür.
7. Zəfər
bir oğlunu şəhid verdikdən sonra digər oğlunu da Vətən uğrunda qurban verməyə
hazır olduğunu bildirən, “təki
torpaqlarımız işğaldan azad olsun!” deyən şəhid Anasının,
həyat yoldaşının nəşini öz çiyinlərində son mənzilə aparan Azərbaycan qadınının
sözlə ifadə oluna
bilməyəcək mərdliyinin, mətanətinin, Vətənə sədaqətinin və milli qürurunun
təcəssümüdür.
8. Zəfər
könüllü cəbhəyə
yollanan, hərbi komissarlıqların qarşısında “məni
də döyüşə aparın!” deyə
hayqıran gəncliyin vətən
sevgisi, fədakarlığı və düşməndən
almaq istədiyi qisas duyğusudur.
9. Zəfər düşmənin Gəncədə, Tərtərdə, Bərdədə qorxu və
vahimə yaratmaq, əhalinin
Bakıya kütləvi köçünə
səbəb olmaq məqsədilə alçaqcasına
həyata keçirdiyi bombardmanlara dözərək, itki vermələrinə baxmayaraq evlərini tərk
etməyən, sona
qədər azadlıq
müharibəsinə dəstək verən soydaşlarımızın qəhrəmanlığı və sarsılmaz
iradəsidir.
10. Zəfər
milli təqvimimizin yenidən yazılması, şəhər və rayonlarımızın işğal günlərinin həmin ərazilərin azad
edildiyi günlərlə əvəz edilməsidir.
11. Zəfər
Xocalının və bütün şəhidlərimizin qisasının alınması, onilliklər boyu
gözlədiyimiz tarixi ədalətin bərpası, xalqımızın qəlbindəki sağalmaz yaralara
məlhəm olan böyük Qələbədir.
12. Zəfər
xalqımıza qarşı müharibə cinayətləri və soyqırımı aktları törətmiş canilərin ədalət mühakiməsi qarşısında cavab verməsinin,
törətdikləri əməllərə görə layiqli cəzalarını almalarının və nəhayət, ədalətin
öz yerini tapmasının başlanğıcıdır.
13. Zəfər
20 sentyabr 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyinin tam
bərpası ilə nəticələnən, separatizmin kökünün birdəfəlik kəsilməsinə və
ölkəmizin ərazi bütövlüyünün tam təmin olunmasına yol açan tarixi antiterror
əməliyyatının siyasi və hərbi zəminini yaradan böyük Qələbədir.
Retorik sual:
Bəzən
insan düşünür: əgər biz torpaqlarımızı müharibə və qəhrəmanlıq yolu ilə deyil, yəni, möcüzə baş versəydi, BMT
Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icra olunması yolu ilə geri alsaydıq,
biz bu gün yaşadığımız Zəfər hisslərini eyni şəkildə yaşaya bilərdikmi?
Erməni
separatizminin kökünü birdəfəlik kəsə, düşməndən qisasımızı ala bilərdikmi?
Əlbəttə,
xeyr!
Çünki
bu, zədələnmiş və tapdalanmış
milli heysiyyətimizə məlhəm olmayacaqdı.
Biz
ömür boyu döyüş meydanında məğlub olmuş, torpaqlarını isə öz gücü və iradəsi
hesabına deyil, başqalarının qərarı və səyi nəticəsində geri qaytarmış xalq
kimi tarixdə qalacaqdıq.
Bütün
ömrümüz boyu bu acı və iztirabla yaşayacaqdıq.
Milli
yaddaşımızda məğlubiyyətin ağrısı, milli qürurumuzda isə sağalmayan bir yara
qalacaqdı.
Bəli,
bu Qələbə qansız, itkisiz başa gəlmədi.
Biz
bu şanlı Zəfəri şəhidlərimizin qanı, qazilərimizin canı və sağlamlığı bahasına
qazandıq.
Amma
onu özümüz qazandıq!
Azərbaycan
xalqı qazandı!
Heç
kimin əvəzimizə döyüşmədiyi, heç kimin bizim yerimizə qurban vermədiyi bu
Qələbəni öz gücümüzə, birliyimizə, misilsiz qəhrəmanlığımıza və şücaətimizə
söykənərək əldə etdik.
Uzun
illər ərzində beynəlxalq təşkilatların, böyük dövlətlərin və diplomatik
səylərin həll edə bilmədiyi, etmək
istəmədiyi bir problemi öz gücümüzlə həll etdik.
Bu gün dünyada son 80 ildə heç
bir dövlət Azərbaycan kimi öz gücü ilə pozulmuş ərazi bütövlüyünü və
suverenliyini bərpa edə bilmyib.
Heç bir dövlət döyüş meydanında
əldə etdiyi qələbni Azərbaycan kimi diplomatik meydanda təsdiq edilməsinə nail
olmayıb.
Bəli, yalnız biz müharibəni
qəti və birmənalı Qələbə ilə başa çatdırdıq, ərazi bütövlüyümüzü və
suverenliyimizi bərpa etdik.
Regionun
geosiyasi xəritəsini və güc balansını öz xeyrimizə dəyişdik.
Qələbəmizlə Türk
dövlətlərinə,
xüsusilə Orta Asiyadakı Türk dövlətlərinə yeni güc, inam və qürur bəxş
etdik.
Qələbəmizlə
Türk dünyasının yenidən canlanmasına, öz tarixi gücünü və birliyini daha
dərindən dərk etməsinə ciddi
təkan verdik.
Beləliklə,
xalqımızın adı şəhidlərimizin qanı ilə dünya tarixinə müzəffər və qalib xalq
kimi əbədi həkk olundu.
Şəhidlərin şah əsəri!
Bir
də hər bir insan istəyər ki, həyatda özündən sonra bir iz, bir əsər qoyub getsin.
Müəllimin
əsəri yetişdirdiyi şagirdlər, memarın əsəri inşa etdiyi binalar, şairin və yazıçının əsəri qələmə aldığı misralar, yaratdığı ədəbi
nümunələrdir.
Şəhidlərin
isə şah
əsəri isə azad
etdikləri və qoruduqları torpaqdır, Vətəndir, Bayraqdır!
Şəhidlərin şah əsəri milli kimliyimiz, milli qürurumuz,
azadlığımız və suverenliyimizdir.
Şəhidlərin şah
əsəri indiki və
gələcək övladlarımız, bütövlükdə Azərbaycan xalqıdır!
Məhz
buna görə də şəhidlər heç vaxt ölmürlər.
Çünki
onların əsərləri yaşayır.
Onların
izləri azad edilmiş torpaqlarımızdadır.
Şuşada,
Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda,
Xocalıda və yüzlərlə şəhər, qəsəbə və kəndimizdə dalğalanan üçrəngli
Bayrağımızdadır.
Şəhidlərin əsərləri
bugünkü və gələcək müstəqil, azad, suveren və qalib
Azərbaycandır.
Şəhidlər bizim yaddaşımızda, qəlbimizdə, milli
ruhumuzda yaşayırlar.
Zəfərimizin əsas memarı və müəllifi Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla xalqımızı, qəhrəman ordumuzun və bütövlükdə Silahlı Qüvvələrimizin bütün mənsublarını, Şəhid ailələrini,
qazilərimizi Zəfər bayramı münasibətilə
ürəkdən təbrik edirəm.
Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə möhkəm cansağlığı arzulayıram.