ABŞ-da aralıq seçkilərində demokratların qələbəsindən sonra Donald Tramp administrasiyasının sərt miqrasiya siyasətinə qarşı ilk ciddi addımlardan biri atılıb. Texasın ən böyük şəhəri Hyustonda yerli polisin federal miqrasiya orqanları ilə əməkdaşlığının məhdudlaşdırılması qərara alınıb.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Hyuston meri Con Uitmayer şəhər polisinin ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) ilə əməkdaşlığını məhdudlaşdıran sərəncam imzalayıb.
Yeni qaydalara əsasən, polis zorakılıqla əlaqəsi olmayan hüquq pozuntularına, məsələn, yol hərəkəti qaydalarının pozulmasına görə saxlanılan şəxslər barədə ICE əməkdaşları ilə əlaqə saxlamamalıdır.
“İnsanların qorxu içində yaşamasını istəmirik”
Mer qərarını şəhərdə yaşayan miqrant icmalarının narahatlığını azaltmaq zərurəti ilə izah edib.
“Bu addım təkcə müəyyən icmalarda deyil, bütün Hyustonda qorxu və narahatlığın azalmasına kömək edəcək”, – deyə Uitmayer mətbuat konfransında bildirib.
O, qərarın siyasi risklər daşıdığını etiraf etsə də, mümkün nəticələrə hazır olduğunu vurğulayıb.
Texasda hakimiyyət dəyişir
Qərar Texasda respublikaçıların seçki məğlubiyyətindən sonra qəbul edilib.
Uzun müddət ştata rəhbərlik etmiş respublikaçı qubernator Qreq Ebbott seçkilərdə məğlub olub. Onun yerinə demokrat Cina İnohosa gələcək.
İnohosa Texas qubernatoru seçilən ilk Latın Amerikası mənşəli qadın kimi tarixə düşüb.
Lakin yanvar ayına qədər ştat administrasiyasına respublikaçılar nəzarət edəcəklər.
Xatırladaq ki, Ebbott daha əvvəl Hyuston rəhbərliyini oxşar qərara görə 110 milyon dollarlıq ictimai təhlükəsizlik maliyyəsindən məhrum etməklə hədələmişdi. Həmin vaxt şəhər rəhbərliyi geri çəkilməyə məcbur olmuşdu.
ICE-dən sərt reaksiya
Federal miqrasiya xidməti merin yeni sərəncamını kəskin tənqid edib.
ICE sosial şəbəkədə yaydığı açıqlamada bəzi ağır cinayətlərin də zorakılıqla əlaqəsi olmayan hüquq pozuntuları kateqoriyasına daxil ola bildiyini vurğulayıb.
Qurum uşaq pornoqrafiyasına baxılması və heroin ticarətini nümunə göstərərək meri təhlükəli cinayətkarları qorumaqda ittiham edib.
Texas miqrantların saxlanılmasına görə birincidir
Prison Policy Initiative araşdırma mərkəzinin məlumatına görə, Donald Trampın ikinci prezidentlik dövründə, 2026-cı ilin avqustuna qədər Texasda ICE əməkdaşları təxminən 137 min nəfəri saxlayıblar.
Bu, ABŞ ştatları arasında ən yüksək göstəricidir.
Sirakuz Universitetinin TRAC araşdırma mərkəzinin məlumatına əsasən, Texasdakı müxtəlif müəssisələrdə ICE tərəfindən saxlanılanların sayı 16 min nəfəri ötür.
Bu göstərici ikinci yerdə olan Luiziana ştatından iki dəfədən çoxdur.
Beləliklə, Hyuston rəhbərliyinin qərarı Tramp administrasiyasının miqrasiya siyasəti ilə demokratların idarə etdiyi yerli hakimiyyətlər arasında qarşıdurmanın yeni mərhələsinə çevrilə bilər.