Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev,
milli mətbuatımızın 150 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı
sərəncam imzalayıb. Bu sərəncam, həm keçmişin dəyərləndirilməsi, həm də
jurnalistikanın gələcək inkişafına yönələn mühüm bir addımdır. Sərəncama əsasən,
Azərbaycan Prezidentinin Administrasiyasına, Medianın İnkişafı Agentliyi və Azərbaycan
Mətbuat Şurası ilə birgə yubiley tədbirlərinin hazırlanması və həyata keçirilməsi
tapşırılıb.
Azərbaycan mətbuatının təməli 1875-ci ildə Həsən bəy Zərdabinin
nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə qoyulduğu gündən yalnız informasiya vasitəsi
deyil, həm də maarifçilik hərəkatının mərkəzinə çevrildi. “Əkinçi”dən başlanan
bu yol, sonrakı illərdə “Ziya”, “Kaspi”, “Molla Nəsrəddin” kimi qəzet və
jurnallarla davam edərək cəmiyyətin sosial və mədəni həyatında dönüş nöqtələri
yaratdı.
Ulu Öndərin hakimiyyətə gəlməsi ilə jurnalistikada
yeni bir dövr başladı. Senzuranın ləğvi, özəl media qurumlarının yaranması və
informasiya məkanının genişlənməsi söz və fikir azadlığına şərait yaratdı. Müstəqil
qəzetlər, televiziya kanalları və daha sonra internet mediası yaranaraq cəmiyyətin
informasiya tələbatını qarşılamağa başladı.
Bu gün Azərbaycan jurnalistikası özünün ən böyük dönüş
nöqtələrindən birini yaşayır. Sosial media platformaları, onlayn xəbər
portalları və mobil jurnalistika informasiya istehsalı və yayımında yeni
meyarlar formalaşdırır. Bu çağırışlara cavab olaraq Azərbaycan jurnalistləri də
texnoloji imkanlardan istifadə etməyə, peşəkarlıq səviyyəsini artırmağa və etik
normalara daha sıx bağlı qalmağa çalışırlar.
Prezident İlham Əliyevin sərəncamı ilə Medianın
İnkişafı Agentliyi, Mətbuat Şurası və digər qurumlarla birlikdə 150 illik
yubileyin yüksək səviyyədə qeyd olunması, jurnalistlərin əməyinə verilən dəyəri
göstərir. İlham Əliyevin bu sərəncamı biz gənclərə daha böyük enerji ilə
çalışmağa sövq edir. Bu sərəncam mediada əməyi olan, peşəkar jurnalistikaya xidmət
edən adamların da əməyininin qiymətləndirilməsinə kömək edəcək.
Azərbaycan jurnalistikası keçmişin işığında gələcəyə inamla baxır. 150 illik tarixi ilə bu sahə artıq bir peşədən çox, bir missiyadır – cəmiyyətə xidmət etmək, haqqı demək, qərəzsiz olmaq və düzgün maarifləndirmək. Hazırda bu missiya üzərində mediada təmsil olunan hər kəsin, xüsusilə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gələcəyin mediası dürüst, müstəqil, məsuliyyətli və bilavasitə jurnalistika ilə bağlı olan şəxslər üzərində qurulmalıdır. Bu isə keçmişə dəyər verərək gələcəkdə jurnalistikamızın daha da peşəkar olmasına gətirib çıxaracaq.