Füzuliyə xüsusi icazə almadan uçuş mümkün olacaq  

18:19 - 01 May 2025

Füzuliyə xüsusi icazə almadan uçuş mümkün olacaq  

Bu gündən Azərbaycan Hava Yolları (AZAL) QSC tərəfindən Bakı–Füzuli–Bakı marşrutu üzrə həyata keçirilən uçuşlara aviabilet alışı qaydalarında dəyişikliklər qüvvəyə minir.


Manset.az xəbər verir ki, bu barədə AZAL-dan məlumat verilib.

Yeni qaydalara əsasən, Azərbaycan vətəndaşları bu istiqamətdə aviabiletləri AZAL-ın rəsmi internet saytından və ya mobil tətbiqindən xüsusi icazə təqdim etmədən birbaşa əldə edə bilərlər. Bu imkan həm bir istiqamətdə, həm də gediş-dönüş uçuşlarına şamil olunur.

Səfər üçün tələb olunan zəruri icazələr sistem tərəfindən avtomatik şəkildə təqdim olunur. Bu səbəbdən “Yolumuz Qarabağa” portalı vasitəsilə əlavə müraciət göndərilməsinə ehtiyac qalmır.

Sözügedən dəyişikliklər Azərbaycan vətəndaşları üçün prosedurların sadələşdirilməsi və səfər prosesinin daha da rahat keçməsi məqsədilə tətbiq olunub. Xarici ölkə vətəndaşlarının isə Füzuli istiqamətində səfər etmələri üçün müvafiq dövlət qurumlarından əvvəlcədən icazə almaları tələb olunur.

Qeyd edək ki, Bakı–Füzuli–Bakı reysləri həftədə iki dəfə – şənbə və bazar günləri həyata keçirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv