Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndi

20:40 - 19 May 2025

Fransanın xeyrinə casusluq etmiş şəxslərin məhkəməsi - Şok ittihamlar səsləndi

Dövlət təhlükəsizliyi əleyhinə cinayətlərdə ittiham olunan Fransa vətəndaşı, iş adamı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda yerli və xarici media nümayəndələri, həmçinin bir neçə xarici səfirliyin əməkdaşları iştirak ediblər.

Prosesdə təqsirləndirilən şəxs Azad Məmmədli tərəflərin suallarını cavablandırıb. O bildirib ki, Fransa vətəndaşları Loran Lödi və Frederik Devosla Martin Ryan vasitəsilə bir neçə dəfə görüşüb:

“Məndən Rusiya ilə əlaqəm barədə soruşdular. Fransa səfirliyinin əməkdaşlarının verdiyi suallar müəyyən qədər şübhə yaratmışdı. Onlar mənə əməkdaşlıq təklif etdilər, lakin bu təklifləri qəti şəkildə rədd etdim. Təəssüf ki, bu barədə hüquq-mühafizə orqanlarına məlumat vermədim. Həmin vaxt hər hansı bir təhlükə hiss etmədiyim üçün bu məsələni ciddi qəbul etmədim”.

Azad Məmmədli ifadəsində əlavə edib ki, daha sonra başqa bir ölkəyə səfər edib. Loranla yalnız bir dəfə tədbirdə görüşüb və bu görüş də məhz Martin Ryan vasitəsilə baş tutub:

“Martin mənə dedi ki, Loran keçmiş polis əməkdaşıdır və hazırda Fransa səfirliyinin təhlükəsizlik məsələlərinə cavabdeh şəxsdir. Onlar məndən geopolitik təhlil istəyirdilər, amma mən bu təklifdən imtina etdim. Martin səfirliyin əməkdaşları ilə səmimi söhbətlər edirdi. Bu münasibətlər məni də onlara yaxınlaşdırdı, sanki psixoloji bir üçbucaq quruldu. Ola bilər ki, bu, əvvəlcədən planlaşdırılmışdı”.

Təqsirləndirilən şəxs həmçinin bildirib ki, səfirlik əməkdaşlarından bir dəfə Böyük Britaniyaya gedərkən kitab hədiyyə alıb:

“Kitab Britaniyanın görməli yerləri ilə bağlı idi və ittihama aidiyyəti yoxdur. Mən Fransa səfirliyindən heç bir maddi fayda əldə etməmişəm. Martin Ryanın mənə qarşı qurduğu oyunlarla bağlı bəyanat yayacağam”.

O, əlavə edib ki, Frederik Devosla şəxsi münasibəti olmayıb və yalnız bir dəfə ona CV göndərib.

Prosesin növbəti hissəsində digər təqsirləndirilən şəxs - Martin Ryan Azad Məmmədlinin ifadələrinə münasibət bildirib:

“Mən Azadı heç kimlə agent kimi tanış etməmişəm. Devos 2021-ci ildə Rusiyanı yaxşı tanıyan bir nəfər axtarırdı. Azad da həmin vaxt iş axtarırdı. Mən onların tanışlığını təmin etdim. Devos heç vaxt mənə deməyib ki, Azadı agent kimi cəlb etmək istəyir. Əgər mən agent olsaydım, bu işlərin təhlükəli olduğunu Azada deməzdim”.

Azad Məmmədli ifadəsində daha sonra deyib ki, Martin Ryan Vətən müharibəsi dövründə Azərbaycanla bağlı Fransa səfirliyinə onlarla hərbi təyinatlı məlumat ötürüb:

“Martin özü də etiraf edib ki, bu məlumatları verib. İlqar adlı iş adamı və əvvəllər hərbçi olmuş şəxs haqqında məlumatları da ötürüb. Onun şahmat müəllimi kimi fəaliyyəti və biznes fəaliyyəti sadəcə örtük idi. Əslində isə casusluqla məşğul olub”.

Məmmədlinin sözlərinə görə, Fransa kəşfiyyat nümayəndələri ilə yazışmalar “Siqnal” tətbiqi vasitəsilə aparılıb. Onun sözlərinə görə, bu yazışmalar bir dəfə tədbir dəvəti üçün istifadə olunub və sonradan o, cavab verməyib. İstintaq zamanı öyrənib ki, Martinə pul Fransa kəşfiyyatı tərəfindən birbaşa verilməyib:

“Martin Azərbaycanda yaşayan İsveç vətəndaşı ilə tanış edilib və pul həmin şəxs vasitəsilə ötürülüb. Martin qısa müddətdə Bakının mərkəzində ikiotaqlı mənzil aldı. Pulun haradan gəldiyini soruşduqda, valideynlərinin göndərdiyini bildirdi. Bu da məndə şübhə oyatdı”.

Məmmədli qeyd edib ki, bu cinayət işi sadəcə səfirlik və agentlər arasında olan üçbucaqdan ibarət deyil, daha geniş və qlobal xarakter daşıyır:

“Martin 50-yə yaxın hərbi təyinatlı məlumatı Fransa kəşfiyyatına ötürüb. Bu, bilə-bilə və məqsədyönlü şəkildə həyata keçirilib”.

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, hər iki təqsirləndirilən şəxs 18 ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv