2025-ci il iyulun 8-də Ədliyyə Akademiyasında hakimliyə namizədlər üçün təşkil edilən icbari tədris çərçivəsində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov tərəfindən “Ədalət mühakiməsinin təmin edilməsində vəkillik institutunun rolu” mövzusu tədris olunub.
Manset.az xəbər verir ki, tədris zamanı VK sədri hakimliyə namizədləri təbrik edərək onlara uğurlar arzulayıb, son illər Kollegiyada görülən işlər, vəkillik institutunun inkişafı istiqamətində aparılan islahatlar və qarşıya qoyulan mühüm hədəflər barədə ətraflı məlumat verib.
İcbari tədrisin əhəmiyyətinə toxunan Anar Bağırov namizədlərə nəzəri biliklərin artırılmasının, peşə hazırlığının gücləndirilməsinin, praktiki bacarıqların inkişafının və beynəlxalq təcrübənin mənimsənilməsinin zəruriliyini vurğulayıb.
Həmçinin sədr son illər vəkillərin sayının nəzərəçarpacaq dərəcədə artdığını və vəkilliyin artıq məhkəmə hakimiyyəti üçün də ciddi kadr bazasına çevrildiyini bildirib. Anar Bağırov məhkəmə sistemində təmsil olunan vəkillərin öz bilik və təcrübələri ilə islahatlara töhfə verəcəyinə əminliyini ifadə edib.
Eyni zamanda sədr icbari tədris zamanı qeyri-prosessual münasibətlərə yol verilməməsinə, vəkillərin etik davranış qaydaları ilə bağlı ən çox yol verilən pozuntulara, habelə hakim-vəkil münasibətlərin etik tərəfinin praktiki məqamlarına toxunub.
Tədris proqramı çərçivəsində namizədlərlə interaktiv fikir mübadiləsi aparılıb.
Sonda VK sədri Anar Bağırov hakimlərin və hakimliyə namizədlərin tədrisində göstərdiyi səmərəli fəaliyyətə görə Ədliyyə Akademiyası tərəfindən Fəxri Fərmanla təltif olunub.