Azərbaycan Prezidenti İlham Əliyev bu gün 960 şagird yerlik Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışında iştirak edib.
Manset.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verib.
Qeyd edək ki, bu təhsil ocağının təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Bu ilin fevralında isə dövlət başçısı və birinci xanım Mehriban Əliyeva burada aparılan tikinti işləri ilə tanış olublar.
Məktəbin binası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində inşa edilib. Binada 43 sinif, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM adlandırılan elm, texnologiya, mühəndislik, sənət və riyaziyyat mərkəzi, müasir texnoloji avadanlıqla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana, muzey, 352 yerlik yeməkxana fəaliyyət göstərəcək. Bundan başqa, məktəbdə müxtəlif tədbirlərin keçirilməsi üçün 468 yerlik akt zalı və iki qapalı idman zalı, açıq havada futbol və basketbol meydançaları da müəllim və şagirdlərin ixtiyarına verilib.
Bu gün Qarabağda təhsil sahəsində müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması ən önəmli məsələlərdən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərimizdə hazırda təhsil infrastrukturunun bərpası və bu sahənin inkişafı istiqamətində çox mühüm işlər görülür. İstifadəyə verilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir.
***
Azərbaycan Prezidenti İlham Əliyev Ağdam şəhərində 1 nömrəli 160 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Bu binanın da inşası “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həyata keçirilib. Körpələr evi-uşaq bağçası binasının inşasına ötən ilin fevralında başlanılıb.
Bu ilin fevralında Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binanın tikintisində işlərin gedişi ilə tanış olublar.
Məktəbəqədər təhsil müəssisəsinin binasında balacaların rahatlığının təmin olunması, həmçinin təlim-tərbiyə prosesinin yüksək səviyyədə aparılması üçün zəruri şərait yaradılıb. Binada oyun və yataq otaqları, musiqi, rəqs və idman zalları var.
İşğaldan azad olunmuş torpaqlarımızda əhalinin məskunlaşması ilə yanaşı, məktəbəqədər tərbiyə müəssisələrinin inşası istiqamətində ardıcıl işlər görülür. Belə layihələr, eyni zamanda, bu ərazilərdə icra edilən bərpa-quruculuq işlərinin tərkib hissəsi olmaqla da mühüm əhəmiyyət daşıyır.