7
sentyabr 2025-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin
təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi Aqrar İnnovasiya Mərkəzinin və
“EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə “Qala”
Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Əncir Festivalı baş tutdu.
Manset.az xəbər verir ki, Abşeronun
təbii zənginliklərini və xüsusilə Qala bölgəsinin əncirçilik ənənələrini təbliğ
etməyi hədəfləyən bu festival, yerli sakinlərin, fermerlərin, turistlərin və
media nümayəndələrinin böyük marağına səbəb oldu.
Festival
çərçivəsində iştirakçılar əncirin mətbəxdə və təbiətdə rolu, həmçinin sosial və
mədəni əhəmiyyəti ilə yaxından tanış oldular. Yerli şeflərin təqdimatında
keçirilən kulinariya şouları zamanı əncirdən hazırlanan müxtəlif yeməklər
nümayiş etdirildi və dadım nümunələri təqdim olundu. Festivalın şef arenaları
bölməsində İçərişəhərdə fəaliyyət göstərən “Shakh Garden”, “Qəbələ”, “La Quzu”,
“Pendir Çörək”, “Çay bağı 145” restoranlarının peşəkar aşpazları tərəfindən əncir
əsaslı yeməklərin hazırlanması nümayiş etdirildi və mətbəx həvəskarlarına
praktiki məsləhətlər verildi. Bu fəaliyyət həm peşəkar, həm də həvəskar
iştirakçılar üçün əsl təcrübə fürsətinə çevrildi.
Tədbir
çərçivəsində qadın sağlamlığına dair xüsusi müzakirə paneli təşkil edildi. Ənənəvi
təbabət və müasir tibbi yanaşmaların bir araya gətirildiyi bu sessiyada
iştirakçılar ekspertlərlə fikir mübadiləsi aparmaq imkanı qazandılar.
Uşaqlar
üçün isə “Nənənin nağılları” adlı xüsusi proqram həyata keçirildi. Qədim
Abşeron nağılları balaca ziyarətçilərə nəql olundu, regionun zəngin folkloru və
mədəni irsi tanıdıldı. “Müdriklik Ağacı”
və meditasiya guşəsi də festivalın diqqətçəkən məkanlarından biri oldu.
Festivalda
kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən elmi-tədqiqat institutları – Meyvəçilik
və Çayçılıq, Üzümçülük və Şərabçılıq, Əkinçilik, Baytarlıq, Heyvandarlıq və
Bitki Mühafizəsi Elmi-Tədqiqat İnstitutları öz fəaliyyət istiqamətləri üzrə təqdimatlarla
çıxış ediblər. İştirakçılara bu institutların meyvəçilikdə innovativ
yanaşmalar, üzümçülük və şərabçılıqda yeni texnologiyalar, ekoloji dayanıqlı əkinçilik
üsulları, baytarlıq və heyvandarlıqda sağlamlıq xidmətləri, həmçinin bitki
mühafizəsi sahəsində qabaqcıl həllər barədə məlumatlar təqdim olunub.
Bununla
yanaşı festivalda, tingçilik və bitki mühafizə şirkətləri də öz məhsul və xidmətlərini
sərgiləyiblər.
Tədbirdə
Aqrar Xidmətlər Agentliyi də iştirak edərək fermerlərə göstərilən xidmətlər –
bitki sağlamlığı, toxumçuluq, laboratoriya xidmətləri, torpaq və su analizi,
baytarlıq və fitosanitar xidmətlər barədə məlumat verib.
Festivalın
sonunda Qala Qoruğunun ərazisində əncir tingləri əkildi, bu da tədbirin
davamlılıq və təbiətə töhfə prinsiplərinə sadiqliyini nümayiş etdirdi. Daha
sonra böyük süfrə başında əncir əsaslı ləzzətli təamlar iştirakçılara təqdim
olundu.