logo
logo logo
logo

Putinin nəvəsinə Zelenski soyadı qadağan edildi

23:17 - 15 Noyabr 2026

Putinin nəvəsinə Zelenski soyadı qadağan edildi

Rusiya Prezidenti Vladimir Putinin ailəsində Ukrayna Prezidenti Volodimir Zelenskinin soyadı ilə bağlı diqqətçəkən hadisə üzə çıxıb.


Manset.az Musavat.com-a istinadən xəbər verir ki, Rusiya liderinin yeni doğulan nəvəsinə atasının soyadı əvəzinə anasının soyadı verilib.

Almaniyanın “Bild” nəşri bu barədə Rusiyanın “Agentstvo” araşdırma platformasının əldə etdiyi sənədlərə istinadən məlumat yayıb.

Məlumata görə, Putinin kiçik qızı Katerina Tixonova 2025-ci il avqustun 15-də Moskvada oğlan uşağı dünyaya gətirib. Uşağın atası kimi tanınmış rusiyalı baletmeyster İqor Zelenski göstərilir. O, Ukrayna Prezidenti Volodimir Zelenski ilə eyni soyadı daşıyır.

Nəşrin yazdığına görə, məhz bu təsadüf səbəbindən uşağa atasının soyadı verilməyib. Körpə Adrian İqoreviç Tixonov adı ilə qeydiyyata alınıb. Bununla da Putinin nəvəsinin Ukrayna prezidentinin soyadını daşımasının qarşısı alınıb.

Hadisənin digər maraqlı tərəfi uşağın doğum sənədləri ilə bağlıdır. Adrian 2025-ci ilin avqustunda Moskvadakı Prezident Administrasiyasının Mərkəzi Klinik Xəstəxanasında dünyaya gəlsə də, onun rəsmi doğum şəhadətnaməsi yalnız 2026-cı il iyulun 10-da verilib. Beləliklə, sənədin rəsmiləşdirilməsi təxminən 11 ay gecikib.

Araşdırmada bu gecikmənin Putin ailəsinin yeni nəvənin doğulmasını ictimaiyyətdən gizlətmək istəyi ilə əlaqəli ola biləcəyi bildirilir.

Katerina Tixonova ilə İqor Zelenskinin 2017-ci ilin dekabrında Elza adlı qızları da dünyaya gəlib. Qız uşağı əvvəlcə atasının soyadını daşısa da, sonradan anasının soyadı ilə verilmiş pasportdan istifadə edib.

İqor Zelenski 2016–2022-ci illərdə Almaniyada Bavariya Dövlət Baletinin rəhbəri olub. O, 2022-ci ilin aprelində şəxsi və ailə səbəblərini əsas gətirərək vəzifəsindən ayrılıb.

Jurnalist araşdırmalarında Tixonovanın 2017–2019-cu illərdə Moskva ilə Münhen arasında 50 dəfədən çox səfər etdiyi, bu səfərlərin bir hissəsində ailə üzvləri, dayələr və təhlükəsizlik əməkdaşlarının da iştirak etdiyi göstərilib.

Putinin böyük qızı Mariya Vorontsovanın da iki oğlunun olduğu bildirilir. Onlardan biri 2012-ci, digəri isə 2017-ci ildə dünyaya gəlib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az