Manevretmə qaydalarının pozulması çox zaman qəfil zolaq dəyişmələri, dönmə siqnalından istifadə etməmək və ya digər nəqliyyat vasitələrinin sürətini, məsafəsini nəzərə almadan hərəkət etmək kimi hallarla müşahidə olunur.
Manset.az xəbər verir ki, bu fikirlər Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) sürücülərə çağırışında qeyd olunub:
"Bu qayda pozuntusu bir çox hallarda yollarda qəfil toqquşmalara və ağır nəticəli qəzaların baş verməsinə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücülərə müraciət edərək bildirir:
1. Dönmə və zolaq dəyişməzdən əvvəl siqnal verin. Bu, digər sürücülər və piyadalar üçün xəbərdarlıqdır.
2. Məsafəni dəqiq qiymətləndirin. Yalnız kifayət qədər təhlükəsiz interval olduqda manevr edin.
3. Sürətə diqqət yetirin. Manevretmə zamanı qəfil sürət artırmaq və ya azaltmaq qəza riskini yüksəldir.
4. Dairəvi hərəkətlərdə, kəsişmələrdə üstünlük qaydalarını qoruyun.
5. Piyada zolaqları yaxınlığında xüsusən ehtiyatlı olun. Burada edilən kiçik bir diqqətsizlik insan həyatına ciddi təhlükə yarada bilər.
Manevretmə qaydalarına riayət etmək inzibati qanunvericiliyin tələbi olmaqla yanaşı, yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Çünki istənilən düzgün aparılmayan manevr təkcə bir nəqliyyat vasitəsini deyil, bütün hərəkət iştirakçılarını təhlükəyə atır.
Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını bir daha məsuliyyətli davranmağa, manevr edərkən qaydalara ciddi şəkildə əməl etməyə çağırır".