Azərbaycanda qəzetlərə ehtiyac var? - Sayt rəhbərləri danışdı

16:54 - 05 Noyabr 2025

Azərbaycanda qəzetlərə ehtiyac var? - Sayt rəhbərləri danışdı

Son günlər ölkədə çap medianın gələcəyi və onun saxlanılması ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Rəqəmsal medianın sürətli inkişafı fonunda qəzet və jurnalların fəaliyyətinin davam etdirilməsi, maddi dayanıqlığın təmin olunması məsələsi diqqət mərkəzinə çıxıb.Belə bir dönəmdə Azərbaycan Mətbuat Şurasının sədri, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin qəzetlərlə bağlı dediyi fikirlər media camiyəsində müzakirə mövzusuna çevrilib. O bildirib ki, çap mətbuatının davam gətirməsi mümkünsüzdür. Onun sözlərinə görə, dövlət yazılı mətbuatın yaşaması üçün uzun illərlə dəstək olub və bunun hesabına qəzetlər fəaliyyət göstərir.


Manset.az Azxeber.com-a istinadən tanınmış  jurnalistlərin bu barədə dedikləri fikirləri təqdim edir.

Əməkdar jurnalist Fadil Paşayev açıqlamasında deyib ki, bu fikirlər bir çox jurnalist və media ekspertlərinin diqqətini çəkməyə bilməzdi:

"Bu fikirlər bir çox jurnalist və media ekspertlərinin diqqətini çəkməyə bilməzdi. Çünki burada söhbət təkcə bir biznes modelindən yox, həm də bir dövrün bitməsindən gedir.

Son on ildə texnologiyanın sürətli inkişafı xəbərin istehlak formasını köklü şəkildə dəyişdi. İnternet, sosial media və süni intellekt platformaları artıq məlumatı saniyələr içində oxucuya çatdırır. İnsanlar xəbəri səhər qəzetində deyil, cibindəki telefonda, sosial şəbəkə lentində və ya xəbər saytlarında oxuyur. Ənənəvi qəzetin ən böyük üstünlüyü olan "etibar və analitik dərinlik” isə artıq onlayn mediada da təzahür etməyə başlayıb. Bütün bunların fonunda çap mətbuatı həm texniki, həm də iqtisadi baxımdan ağır yük daşıyır. Kağız, nəşr, çap və paylama xərcləri hər il artır. Oxucuların sayı demək olar ki, yoxdur. Qəzetlər demək olar ki, gələcək nəsillər üçün ancaq arxiv rolunu oynayır”.

O deyib ki, reklam bazarında qəzetlərə düşən pay demək olar ki, sıfır səviyyəsindədir:


"Yalnız dövlət qəzetlərində reklam gəlirləri ola bilər. O da olduqca çox cüzi bir şəkildə. Məsələn, "Azərbaycan” qəzeti ancaq və ancaq başsağlıqlarından pul qazanır, satışdan isə yox. Rəqəmsal platforma qəzet anlayışını tamamilə məhv edib. Bu isə o deməkdir ki, qəzet nə gəlir modelidir, nə də davamlılıq xarakterinə malikdir. Mən 90-cı illərdən mediadayam. Xatırlayıram ki, o dövrdə "168 saat” qəzeti satışından xeyli gəlir əldə edirdi. "Sarı qəzetlər” də çox yaxşı satılırdı. Çap mətbuatı bir biznes sahəsinə çevrilmişdi. İndi vəziyyət tamam fərqlidir. Bir çox beynəlxalq media qurumları da artıq tam şəkildə rəqəmsal mühitə keçib və abunəlik əsaslı onlayn sistem qurulub”.

Əməkdar jurnalist vurğulayıb ki, bu gün qəzetlərin baş redaktorları belə hesab edirlər ki, çap mediası rolunu dəyişib:


"Bu gün qəzetlərin baş redaktorları belə hesab edirlər ki, çap mediası rolunu dəyişib. Bu mənada qəzetçilikdən gələn həmkarlarım, eləcə də mən düşünürəm ki, qəzetlər tamamilə tarix ola bilməz. Çox emosional səslənsə də, qəzet həmişə bir məktəb olub. Praktiki məktəb. Bu məktəbi, ocağı jurnalistikanın vicdanı da hesab edirlər. Gəlin etiraf edək ki, məhz çap mətbuatında düşünülmüş mətnlər, məsuliyyətli redaktə, faktlara əsaslanan yazı mədəniyyəti formalaşıb. Ona görə də hesab edirəm ki, müasir dövrdə qəzetlərin tam yox olması deyil, transformasiyası daha real görünür. Çap nəşrləri artıq gündəlik xəbər vasitəsi olmamalıdır. Qəzetlərdə dərin təhlil, analitik və mədəni məzmun öndə olmalıdır və abunəlik sistemi olmaq şərtilə jurnallara, xüsusi buraxılışlara çevrilməlidir. Bizdə bu proses ləng də olsa, gedir”.

F.Paşayev qeyd edib ki, dövlət dəstəyi olmasa, qəzetlər çoxdan tarixə çevrilmişdi:


"Dövlətin bu istiqamətdə dəstəyini təqdir etməmək insafsızlıq olar. Çünki dövlət dəstəyi olmasa, qəzetlər çoxdan tarixə çevrilmişdi. Nədənsə həmişə bu mövzuda müzakirələr başlayanda çap məhsulları ilə yanaşı televiziyaların bugünki statusu da gündəmə gəlir. Məsələn, bizim evdə televiziya kanallarına baxan yoxdur, qəzetlərə də həmçinin. Amma sosial şəbəkələrə transformasiya olan kanalların verilişllərinə baxılır. Qəzet rəhbərləri də "pdf” şəklində saytlarında qəzet nömrələrini internetdə yerləşdirir. Amma etiraf edək ki, bu formada geniş oxucu auditoriyası qazanmaq hələ də onlara nəsib olmayıb. Yaxşı bəs onda "525-ci qəzet”i, "Yeni Azərbaycan”ı, "Xalq qəzeti”ni qəfil şəkildə necə bağlamaq olar? Mənə elə gəlir ki, bu problem zamanla öz həllini tapmalıdır. Bu məsələdə tələsmək olmaz”.

Müsahibimiz çap mediasının ortadan qaldırılmasının jurnalistikanı yoxa çıxarmaq fikrinin yanlış olduğunu vurğulayıb:


"Bir çoxu düşünür ki, çap mediası ortadan qaldırılsa, jurnalistika yoxa çıxacaq. Bu, oluqca yanlış fikirdir. Bu məsələdən danışanda başqa detalı da nəzərdən qaçırmamalıyıq. Əgər çap mediasını tam aradan qaldırmaq fikri yekdilliklə qəbul olunarsa, onda ədəbi dilimizin qorunmasında əvəzsiz xidmətləri olan paralel media forması yarada biləcəyikmi? 

Gəlin belə hesab edək ki, Rəşad Məcidin bu fikirləri bir xəbərdarlıqdır. Əgər çap mediası dəyişməzsə, doğrudan da tarixə çevriləcək.Amma acı həqiqət budur ki, qəzet bir format kimi nüfuzunu itirməkdədir”.

"Manşet.az” xəbər portalının təsisçisi və baş redaktoru Əli Vəliyev isə bildirib ki, müasir dövrdə onlayn media və sosial şəbəkələr o qədər sürətlə inkişaf edib ki, hazırda qəzetlər və ümumilikdə çap mətbuatı öz aktuallığını itirib:

"Müasir dövrdə onlayn media və sosial şəbəkələr o qədər sürətlə inkişaf edib ki, hazırda qəzetlər və ümumilikdə çap mətbuatı öz aktuallığını itirib. Bunun bir sıra mühüm səbəbləri mövcuddur. Birinci əsas səbəb operativlik baxımından geri qalmasıdır. Çünki bu gün insanlar bütün informasiyaları vaxtında və tez almaq istəyirlər. Ona görə də çap mediası onlayn media subyektlərindən və sosial şəbəkələrdən geri qalır”.

Jurnalist qeyd edib ki, çap mediasının yaşaması və uzunmüddətli olması üçün sözügedən vəziyyət labüd deyil:


"Çap mediası informasiya vermək baxımından geri qaldığına görə, bu, reklam bazarına da təsirsiz ötüşmür. Reklam bazarı yoxdursa, qəzetlərin saxlanılması mümkünsüz olur. Bu yaxınlarda qələminə hörmət etdiyim önəmli şəxslərdən biri "onlayn media subyektləri ictimai fikri yönəldə bilmir”. Bu gün bu ifadə yadıma düşdü. Qəzetlər nəinki ictimai fikri yönəldə, heç özünü də saxlaya bilmir. Deməli, bu fikir reallığı əks etdirmir. Çünki Azərbaycanda ictimai rəyə təsir göstərən məhz onlayn xəbər portallarıdır. Çox az bir vaxtda onlayn media və sosial şəbəkələr ictimai fikri yönləndirə bilirlər”.

O deyib ki, qəzetlər bütün ölkələrin tarixində mühüm yer tutub:

"Qəzetlər bütün ölkələrin tarixində mühüm yer tutub. Bu baxımdan mən düşünürəm ki, dövlət Azərbaycanı tarixində və informasiya savaşında önəmli yer tutan bir neçə qəzeti maliyyələşdirə bilər. Bunu tarixilik və simvolik baxımdan saxlamaq önəmlidir ki, onlar davamlı qalsınlar. Amma rəqabət baxımından onlayn medianın fonunda çap mediası getdikcə əriyib yox olacaq. Hazırkı bazar şəraitində qəzetlərin fəaliyyətini davam etdirməsi real görünmür”.

Ə.Vəliyev vurğulayıb ki, qəzetin də özünəməxsus üstünlükləri var:

"Qəzetin də özünəməxsus üstünlükləri var. Məsələn, elə hallar olur ki, onlayn mediada yerləşdirilən informasiyaları "Google” axtarış sistemində zaman keçdikcə tapmaq çətinləşir. Hətta bəzən həmin sistemdə yazılan materiallar tamamilə yox ola bilər. Lakin qəzet mətbuatında həmin materiallar, qəzetlər redaksiyalarda, kitabxanalarda və ya arxivdə qalır. Məhz bu nüansı nəzərə alaraq, yuxarıda qeyd elədiyim simvolik olaraq bir neçə qəzetin saxlanılmasının tərəfdarıyam”.

"Demokrat.az” xəbər portalının rəhbəri Vasif Həsənli bildirib ki, hazırda biz rəqəmsal dövrün, internet əsrinin içərisindəyik:

"Yeni əsr informasiya texnologiyalarının, sosial medianın və sürətli xəbər dövriyyəsinin dövrü kimi tarixə yazılır. Artıq ənənəvi media, xüsusilə də qəzetçilik öz əvvəlki gücünü, oxucu auditoriyasını və ictimai təsir imkanlarını böyük ölçüdə itirib. Dünya miqyasında aparılan müşahidələr də onu göstərir ki, bir çox nüfuzlu qəzetlərin tirajları kəskin şəkildə azalıb, bəziləri isə tamamilə fəaliyyətini dayandıraraq, onlayn platformalara keçiblər. Bunun əsas səbəbi informasiya istehlakının formasının dəyişməsidir. Əgər bir vaxtlar insanlar xəbərləri yalnız səhər qəzetlərindən və ya axşam xəbərlərindən öyrənirdilərsə, bu gün hər bir hadisə baş verdiyi andan saniyələr içində sosial şəbəkələrdə və internet xəbər saytlarında paylaşılır. Oxucu artıq sabahkı xəbəri gözləmir. O, hadisəni bu dəqiqə, bu an bilmək istəyir. Belə bir mühitdə ənənəvi qəzetin funksiyası qaçılmaz şəkildə məhdudlaşır”.

Jurnalist deyib ki, digər tərəfdən isə oxucunun zövqü və gözləntisi də dəyişib:

"Oxucunun zövqü və gözləntisi də dəyişib. İndiki oxucu yalnız informasiyanı deyil, həm də onun təhlilini, səbəb və nəticə əlaqələrini, hadisələrin pərdəarxasını öyrənmək istəyir. Yalnız bu məqamda qəzetlərimizin yaşamaq şansı qalır. Düşünürəm ki, qəzetlərin sırf analitik yazılar, dərin təhlillər, müstəqil araşdırmalar və ekspert baxışları vasitəsilə internet mediası ilə rəqabət aparmaq imkanları hələ də var”.

V.Həsənli əlavə edib ki, dünyanın qabaqcıl təcrübəsi də göstərir ki, bu gün medianın uğuru artıq çap formatında deyil, rəqəmsal strategiyadadır:

"Dünyaca nüfuzlu "The New York Times”, "The Guardian”, "Washington Post” kimi böyük qəzetlər belə öz fəaliyyətlərinin əsas ağırlığını onlayn media resursları və sosial media üzərinə yönəldiblər. Bu redaksiyalar artıq özlərini "çap mətbuatı” deyil, "rəqəmsal media” kimi təqdim edirlər. Azərbaycanda da qəzetlərin gələcəyi məhz bu istiqamətdə olmalıdır. İnternet saytları, multimedialı xəbər təqdimatı, video reportajlar, podkastlar, sosial şəbəkə auditoriyasına yönəlik strategiyalar yaxın gələcəyimizin jurnalistikasının əsas elementləridir. Əgər qəzet redaksiyaları bütün bu dəyişikliklərə adaptasiya ola bilsələr, analitik yanaşma və jurnalist etikasını qorumaqla yeni auditoriyalar qazana biləcəklər”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az