"Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq, səni dirçəldəcəyik! Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Bu çağırış Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımıza səsləndirdiyi ən qürurlu sözlərdəndir. Bu sözlər 8 Noyabr 2020-ci ildə tariximizin ən parlaq səhifəsinə çevrildi. Həmin gün Azərbaycan Ordusu Şuşanı azad etməklə təkcə şəhəri deyil, həm də millətin ruhunu, azadlıq və qürur hissini geri qaytardı. Şuşa şəhəri günü 8 Noyabr artıq xalqımızın yaddaşında qələbənin, birliyin, dövlətçiliyin və milli həmrəyliyin təntənəsi kimi yaşayır".
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı, tarix elmləri doktoru Vasif Qafarov deyib:
"Qarabağ Zəfərinə aparan yol hələ Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. O, dövlətçiliyin əsaslarını formalaşdıraraq, müstəqil Azərbaycanın gələcək qələbələrinin bünövrəsini yaratdı. Prezident İlham Əliyev bu siyasi və mənəvi irsi qətiyyətlə davam etdirərək, ölkəni iqtisadi, hərbi və diplomatik baxımdan gücləndirdi, müasir ordu qurdu, xalqı lideri ətrafında birləşdirdi və 30 il boyunca həyata keçirilən məqsədyönlü siyasət bizi qələbəyə yaxınlaşdırdı. Azərbaycan illərlə icra olunmayan BMT qətnamələrini öz gücü ilə həyata keçirdi, xalq və lider birliyinin nəticəsi olaraq düşmən üzərində tarixi Zəfər qazandı.
Şuşa Zəfərinə gedən yol Vətən müharibəsinin ilk günlərindən Ali Baş Komandanın “Şuşasız bizim işimiz yarımçıq qalar” sözləri ilə başladı. Azərbaycan Ordusu 44 gün ərzində əzmlə, mərdliklə və inamla irəliləyərək bu müqəddəs məqsədə çatdı. 2020-ci il 8 noyabrda xəyal reallığa çevrildi, Şuşa azad edildi və Azərbaycan xalqı illərlə həsrətini çəkdiyi doğma şəhərinə qovuşdu. Hər bir azərbaycanlı üçün o gün qürur, sevinc və fərəh günü idi, çünki Şuşanın azadlığı Azərbaycanın milli dirçəlişinin başlanğıcı oldu.
Qarabağ Zəfərinin zirvəsində dayanan Şuşa əməliyyatı Azərbaycan əsgərinin və zabitinin rəşadətinin ən parlaq nümunəsidir. Əsgərlərimiz sıldırım qayaları aşaraq, çətin relyefdə döyüşərək düşməni məğlub etdilər. Bu əməliyyat təkcə hərbi uğur deyil, həm də xalqın iradəsinin, liderin uzaqgörənliyinin və ordunun yenilməzliyinin göstəricisidir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin vəsiyyətini yerinə yetirərək Azərbaycanın inkişafında yeni dövr açdı və öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdı. Onun “Bu dəmir yumruq xalqımızın birliyinin simvoludur” sözləri xalqın həmrəyliyinin, milli gücünün və qələbəyə olan inamının ifadəsinə çevrildi".
Deputat qeyd edib ki, Qarabağda yaranmış yeni mərhələ sülhün, sabitliyin və inkişafın başlanğıcı oldu. 2023-cü ilin sentyabrında cəmi 23 saat 48 dəqiqə davam edən antiterror əməliyyatı ilə Azərbaycan ərazisində separatçılığa və terrora birdəfəlik son qoyuldu. Bu əməliyyat dövlətimizin hərbi qüdrətinin, Prezidentin siyasi iradəsinin və xalqın birliyinin təntənəsi idi. Azərbaycan bir daha göstərdi ki, milli maraqlarını qorumaqda, suverenliyini bərpa etməkdə heç bir tərəddüd etməyəcək.
"Biz uzun illərdən sonra doğma Şuşaya qayıtdıq, onun ruhuna, daşına, havasına həyat verdik. Zəfər Yolu - qəhrəman əsgərlərimizin açdığı cığır boyu salınan 101 kilometrlik avtomobil yolu bu qayıdışın rəmzidir. Şuşa artıq təkcə azad olunmuş bir şəhər deyil, həm də yenidən doğulan Azərbaycan ruhunun beşiyidir. Hazırda Şusada aparılan bütün bərpa və quruculuq işləri planlı şəkildə həyata keçirilir, şəhərin tarixi siması qorunur, eyni zamanda müasir infrastruktur yaradılır. Bu gün Şuşa həm milli qürurun, həm də yaradıcılığın mərkəzinə çevrilib.
Şuşa tarixən Azərbaycanın mədəniyyət paytaxtı olub. Burada Üzeyir Hacıbəyli, Bülbül, Xurşidbanu Natəvan kimi dahilər yetişib, Azərbaycan musiqisinin və poeziyasının bünövrəsi qoyulub. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Eyni zamanda 2021-ci ilin 31 mayında qəbul edilən qanunla şəhərin qorunması və bərpası hüquqi çərçivəyə salındı. 2022-ci il “Şuşa İli” elan edildi, 2023-cü ildə Şuşa Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçildi. Bu qərarlar Şuşanın təkcə Azərbaycanın deyil, bütün regionun mədəniyyət mərkəzinə çevrildiyini sübut edir.
2024-cü il 21 oktyabrda təsdiqlənmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” qədim şəhərin gələcək inkişafını müəyyənləşdirdi. Plan şəhərin tarixi simasının qorunması, ekoloji dayanıqlılığın təmin edilməsi, müasir yaşayış və sosial infrastrukturun yaradılması kimi məqsədləri özündə birləşdirir. Nəqliyyat şəbəkəsi piyada və ictimai nəqliyyatın üstünlük təşkil etdiyi formada layihələndirilib, bütün sosial obyektlərin əlçatanlığı təmin olunub. Bu plan Şuşanın gələcəkdə həm tarix, həm müasirlik, həm də yaşıl şəhər konsepsiyasını birləşdirən nümunəyə çevriləcəyini göstərir.
Şuşa işğal zamanı böyük dağıntılara məruz qalmış, tarixi-mədəni irsimizə misilsiz ziyan vurulmuşdu. Lakin azadlıqdan sonra ilk gündən etibarən şəhərin bərpasına başlanıldı. Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin güllələnmiş büstləri əvvəlki yerlərinə qaytarıldı, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Saatlı məscidi, Mehmandarovlar malikanəsi, Üzeyir Hacıbəylinin ev-muzeyi, Natəvan bulağı və onlarla digər mədəniyyət abidəsi bərpa olundu. Şuşada yeni otellər, məktəblər, səhiyyə müəssisələri, turizm və konqres mərkəzləri tikildi. Bütün bunlar göstərir ki, Şuşa təkcə keçmişin yadigarı deyil, həm də gələcəyin mədəniyyət və turizm mərkəzidir.
Prezident İlham Əliyevin 2021-ci ildən bəri Şuşaya etdiyi çoxsaylı səfərlər bu şəhərin inkişafının və dövlət qayğısının canlı sübutudur. Hər səfər yeni bir açılış, bir bərpa mərhələsi, bir beynəlxalq tədbirlə yadda qalıb. Şuşada 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması, “Xarıbülbül” festivalının keçirilməsi, Zəfər yolunun açılışı, müxtəlif dövlət başçılarının səfərləri şəhərin beynəlxalq, diplomatik və mədəniyyət mərkəzinə çevrildiyini təsdiqləyib. Hər səfərdə Prezident İlham Əliyevin “Biz Şuşanı bərpa edəcəyik və onu dünyanın ən gözəl şəhərlərindən birinə çevirəcəyik” fikri bu prosesin istiqamətini müəyyən edir.
8 Noyabr Şuşa şəhəri günü, həm Zəfər Gününün davamı, həm də xalqımızın birlik və dirçəliş bayramıdır. Bu tarix bizə göstərdi ki, xalq-lider birliyi, milli ruh və dövlətə sədaqət olduqda, heç bir güc Azərbaycan xalqının iradəsini sındıra bilməz. Bu gün Şuşada dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaş üçün qürur, inam və azadlıq rəmzidir. Şuşanın hər daşında tarix, hər nəfəsində qəhrəmanlıq, hər addımında milli kimliyimizin izi var.
Şuşa Qarabağın tacı, Azərbaycanın qəlbi və millətimizin qürur məbədi olaraq əbədi yaşayacaq. Prezident İlham Əliyevin dediyi kimi: “Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin günüdür.” Bu sözlər xalqın iradəsini, dövlətin gücünü və gələcəyə inamı birləşdirir. Şuşa artıq yalnız qələbənin deyil, həm də Azərbaycanın əbədi dirçəlişinin, milli birliyinin və müstəqilliyinin simvoludur".