Sosial şəbəkədə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan qeyri-etik paylaşımlar və çağırışların edilməsinə görə cərimə və cəzalar müəyyən edilir.
Manset.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin "Xırda xuliqanlıq" maddəsinə yeni hissələr əlavə olunması təklif edilir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə olunub.
Sənədə əsasən, internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə ve ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına ve milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq.
Təklifə əsasən, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 1 000 manatdan 2 000 manatadək məbləğdə cərimə ediləcək, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Məcəlləyə əlavə edilən qeydə görə, müvafiq maddələr həmin maddələrdə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.