Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni
il münasibətilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri
keçirir.
Manset.az xəbər verir ki, uşaqların asudə vaxtının mənalı və maraqlı
keçməsi məqsədilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və
unudulmaz xatirələr bəxş edir.
Zövqlə, al-əlvan işıqlarla və Yeni il
atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan
proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta baba və Qar qızın səmimi
zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsi balacalara sevinc bəxş
edib.
Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər
uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib, azyaşlılar, xüsusilə də şəhidlərimizin
bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə könüllərincə əylənib, sevincli
anlar yaşayıblar.
Qeyd edək ki, Azərbaycan həmkarlar
ittifaqları tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq
evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan
uşaqlar üçün də şənliklər təşkil edilir.