Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar
İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü”
təqdim edib.
Manset.az xəbər verir ki, tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının,
üzv və tabe təşkilatların rəhbərliyi,
ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar
ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət
Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli Lider Heydər Əliyevin və Vətən
uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad
edilib.
Konfederasiya sədrinin müavini Musa Mirzəyev çıxışında
bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətimizin gənclər
siyasəti gənclərin milli-mənəvi dəyərlər ruhunda formalaşmasına, keyfiyyətli təhsil
almasına və cəmiyyətin fəal üzvünə çevrilməsinə geniş imkanlar yaradıb.
Qeyd olunub ki, cənab Prezident İlham Əliyevin
rəhbərliyi ilə gənclərin potensialının reallaşdırılması, onların yüksək
ixtisaslı kadr kimi formalaşması və ictimai-siyasi həyatda rolunun artırılması
istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın gənc nəslin inkişafına verdiyi töhfələr,
Heydər Əliyev Fondu tərəfindən icra olunan layihələrin təhsil, mədəniyyət,
idman və digər sahələrdə gənclərin imkanlarını genişləndirdiyi də vurğulanıb.
Çıxışda gənclərin sosial müdafiəsinin gücləndirilməsi,
əmək hüquqlarının qorunması və potensialının inkişaf etdirilməsi istiqamətində AHİK
tərəfindən həyata keçirilən sistemli tədbirlər barədə məlumat verilib. Qeyd
olunub ki, akademik göstəriciləri yüksək olan və tələbə həmkarlar ittifaqı hərəkatında
fəal iştirak edən gənclər üçün nəzərdə tutulan “Həmkarlar ittifaqı təqaüdü”
proqramı bu istiqamətdə uğurlu təşəbbüslərdən biridir. Proqram tələbələr
arasında sağlam rəqabət mühiti formalaşdırır və onları daha yüksək nəticələr əldə
etməyə təşviq edir.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin
müavini Kənan Kərimzadə təhsil sahəsində həyata keçirilən islahatlardan
danışaraq müasir təhsil sisteminin gənclərin bilik və bacarıqlarının, eləcə də
yaradıcılıq qabiliyyətinin inkişafına xidmət etdiyini bildirib. O, “Həmkarlar
ittifaqı təqaüdü” proqramının tələbələrin motivasiyasının artırılmasında mühüm
rol oynayacağını diqqətə çatdırıb.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə
həmkarlar ittifaqı komitəsinin sədri Şahmar Rəfili isə tələbələrin həmkarlar
ittifaqları sıralarında fəallığından, onların istirahət və asudə vaxtının səmərəli
təşkili istiqamətində görülən işlərdən danışıb.
Tədbir çərçivəsində AHİK tərəfindən həmkarlar
ittifaqları sistemində aparılan islahatları, həyata keçirilən layihələri və tətbiq
olunan yenilikləri əks etdirən videoçarx nümayiş olunub.
Sonda 2024-2025-ci tədris ilinin yay imtahan
sessiyasının nəticələrinə əsasən yüksək akademik göstəricilər göstərən və tələbə
həmkarlar ittifaqı hərəkatında fəal iştirak edən 250 tələbəyə “Həmkarlar
ittifaqı təqaüdü” təqdim olunub.