XX əsr xalqımızın tarixində
yalnız mühüm siyasi və ictimai dəyişikliklərlə deyil, həm də çox böyük elmi-intellektual
yüksəlişlə yadda qalmışdır. Məhz bu dövrdə ölkəmizdə müxtəlif elm sahələri sürətlə
inkişaf etmiş, cəmiyyətin ictimai şüuruna ciddi təsir göstərən nüfuzlu alimlər
nəsli formalaşmışdır.
Belə bir yüksəliş Azərbaycan
tibb elminin inkişafında da əhəmiyyətli nəticələr yaratmış, Azərbaycan tibb məktəbi
tədricən formalaşaraq nəinki ölkə daxilində, beynəlxalq elmi dairələrdə də
tanınan mütəxəssislər yetişdirmişdir. Onkologiya istiqamətində aparılan tədqiqatları
və əldə olunan elmi nəticələri bu baxımdan xüsusi qeyd etmək istərdik. Qısa
müddətdə bu sahədə formalaşan elmi potensial nəticəsində Azərbaycan onkoloqları
həm praktiki tibbdə, həm də fundamental tədqiqatlarda mühüm uğurlara imza
atmışlar.
Ötən əsrin 70-80-ci
illərində Azərbaycan onkologiya məktəbinin formalaşmasında və sonrakı
inkişafında mühüm rol oynamış alimlər nəslinin parlaq nümayəndələrindən biri də
Azərbaycan Respublikasının
Prezidentinin Xüsusi Tibb Xidmətinin rəisi, Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik, tibb
elmləri doktoru, professor, əməkdar elm xadimi Cəmil Əziz oğlu Əliyevdir.
Dünyanın nüfuzlu onkoloji elmi cəmiyyətləri ilə sıx əməkdaşlıq edən Cəmil Əliyev uzun illərdir ki, həm elmi tədqiqatların inkişafına, həm də onkologiya sahəsində müasir tibbi yanaşmaların tətbiqinə mühüm töhfələr verir. Onun fəaliyyəti Azərbaycan elminin beynəlxalq miqyasda tanınmasına xidmət edən ən parlaq örnəklərdəndir.
Həyat hekayəsi
Elə insanlar var
ki, yaşadıqları ömür cild-cild kitablara sığan maraqlı həyat hekayəsidir.
İnsanlar yaşayır, illər bir-birini əvəz edir, zaman sakitcə irəliləyir. Akademik
Cəmil Əliyev kimi şəxsiyyətlərin həyat yolu isə təkcə fərdi taleyin deyil, xidmət
göstərdikləri sahənin tarixinin bir parçasına çevrilir. Belə insanların illəri
yalnız yaş göstəricisi sayılmır, həm də zəhmət, nailiyyət və yaradıcılıqla zəngin
bir salnamə kimi dəyərləndirilir. Bu ilin 30 martında 80 illik yubileyi
tamamlanan alim həmkarım Cəmil Əliyev məhz belə şəxsiyyətlərdəndir.
Böyük alimləri də
tarixdə nəcib izlər qoymuş bütün böyük şəxsiyyətlər kimi əhatə olunduqları
mühit yetirir. O da əsl ziyalı mühitinin yetirməsidir. Cəmil müəllimin bitib-tükənməyən
enerjisi, yüksək iş qabiliyyəti, yaradıcı fəallığı, insanlara qarşı münasibəti,
eyni zamanda çevik görünüşü artıq ömrün illərini ifadə edən 80 rəqəmini bəzən sanki
arxa plana keçirir. Amma ötən onilliklər ərzində qazandığı uğurlar, elmi fəaliyyətində
topladığı nailiyyətlər bu yaşın arxasında dayanmış böyük həyat yolunun və zəhmətin
də rəmzidir.
İnsan ömrünün müdriklik çağında gənclik dostları ilə münasibətlərin qorunub saxlanması xüsusi bir sevinc gətirir. Onlarla hər görüş, hər söhbət keçmiş xatirələri vərəqləyir, bu gün görülən işlərə qiymət verməyə, sabaha ümidlə baxmağa imkan yaradır. Belə məqamlarda adama elə gəlir ki, illər o qədər də uzağa getməyib; sanki yenə ilk tanış olduğun gənclik çağındasan. Cəmil Əliyev də mənim həyatımda belə dostlardandır. Məhz buna görə Cəmil müəllimlə hər görüş, hər ünsiyyət xoş bir bayram kimi gəlir.
Uzun illərdən bəri tanıdığım alim
Cəmil Əliyev Azərbaycan
Dövlət Tibb İnstitutunun 1968-ci il məzunlarındandır. Ali təhsilini başa vurub
həkim kimi fəaliyyətə başladıqdan sonra bir müddət o, Əziz Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun onkologiya kafedrasında baş
laborant kimi çalışdı. Həmin kafedraya Azərbaycanın tanınmış onkoloqlarından
professor Arif Abbasov rəhbərlik edirdi. Arif müəllim mənim də onkologiya sahəsində
ilk müəllimlərimdən idi. Cəmil Əliyev öz elmi fəaliyyətinin ilk addımlarını məhz
onun rəhbərliyi altında atırdı.
Bizim dostluğumuz
da elə həmin illərdə, Cəmil müəllimin həmin kafedrada çalışdığı dövrdə başladı.
O vaxt mən Bakı şəhər Kliniki Onkologiya Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik
edirdim. Elmi fəaliyyətim və peşəkar planlarımla bağlı tez-tez professor Arif
Abbasovun yanına məsləhət almağa gəlirdim. Bizim Cəmil müəllimlə tanışlığımız
ustadımız Arif Abbasovun ətrafında formalaşan münbit elmi mühitdə baş tutdu. Professor
qəfil vəfatı ilə hamımızı sarsıtsa da, yaratdığı elmi mühit, davamçıları arasında
qurduğu qırılmaz münasibətlər zaman keçsə də, davam etdi.
Onda Cəmil Əliyev
“Alt dodağın dərisinin və ağız boşluğunun selikli qişasının xərçənginin
diaqnostika və müalicəsi” mövzusunda namizədlik dissertasiyası üzərində
çalışırdı. Görüşlərimiz zamanı tez-tez elmi mövzularımız barədə fikir mübadiləsi
aparardıq. Bu müzakirələr hər ikimiz üçün faydalı olurdu.
Həmin söhbətlərdə
Cəmil müəllimin tədqiqat işinə necə məsuliyyətlə yanaşdığını, mövzunun ən xırda
detallarını belə diqqətdən qaçırmamağa çalışdığını aydın görmək olurdu. Onun bu
yanaşması zəhmətsevərliyindən, elmə dərin bağlılığından və yüksək enerjisindən
qaynaqlanırdı. Buna görə də onun böyük elmə ilk addımları uğurla nəticələndi.
1973-cü ildə Cəmil Əliyev cəmi 25 yaşında namizədlik dissertasiyasını vaxtından əvvəl uğurla müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini aldı. Bundan sonra isə elmi fəaliyyətini daha da inkişaf etdirmək məqsədilə Moskvaya – SSRİ Tibb Elmləri Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin doktoranturasına qəbul olunmaq qərarı verdi.
Moskva xatirələri
Cəmil müəllim təhsilini
Moskvada davam etdirməyə başlayanda artıq mən də SSRİ Tibb Elmləri
Akademiyasının Ümumittifaq Onkoloji Elmi Mərkəzinin aspiranturasına qəbul
olunmuşdum. Beləliklə, Cəmil Əliyevlə Bakıdan başlayan ünsiyyətimiz Moskvada da
davam etdi. 1974–1978-ci illərdə eyni elmi mərkəzdə bərabər çalışmağımız hər
ikimiz üçün həm faydalı, həm də xoş bir mərhələ oldu. Bu illər həyatımızın ən
yaddaqalan, mənalı dövrlərindən biri kimi yadda qaldı.
Cəmil Əliyev
doktorluq dissertasiyası üçün “Dərinin melanoması və xərçəngi zamanı plastik cərrahiyyə
əməliyyatları” mövzusunu seçmişdi. Onun elmi rəhbərləri bu sahədə SSRİ
miqyasında tanınmış alimlər – akademiklər N.N.Bloxin və N.N.Trapeznikov idi.
Belə nüfuzlu alimlərin rəhbərliyi altında aparılan tədqiqatlar Cəmil müəllimin alim
kimi formalaşmasına əhəmiyyətli təsir göstərirdi.
Biz Ümumittifaq
Onkoloji Elmi Mərkəzin yataqxanasında ailələrimizlə birgə yaşayırdıq. Hər
birimizin ailəsində 2 körpə övlad böyüyürdü. Yaşadığımız yataqxana ilə iş
yerimiz arasında uzun bir yol vardı. Yataqxana şəhərin kənarında yerləşirdi və
ora nəqliyyat vasitəsi demək olar ki, işləmirdi. Bu səbəbdən hər gün həmin məsafəni
piyada qət etməli olurduq.
Moskvanın sərt
hava şəraiti bu yolu xüsusilə payız və qış aylarında daha çətin edirdi. Üstəlik,
ailə və məişət qayğıları da həyatımızı müəyyən qədər ağırlaşdırırdı. O vaxtlar
maddi imkanlarımız geniş deyildi. ÜOEM-də sıravi həkim-elmi işçi kimi aldığımız
maaş ancaq gündəlik dolanışığa yetirdi. Buna baxmayaraq, gənclik enerjisi, gələcəyə
böyük ümidlərimiz bizi qanadlandırırdı, bütün çətinlikləri unudurduq. Qəlbən
inanırdıq ki, arzularımızdakı həyat ömrün davamındadır.
Bu çətin, amma
eyni zamanda maraqlı günlərdə Cəmil müəllimin nikbinliyi və zarafatcıl təbiəti
yol əhvalımızı yüksəldirdi. Onun yerində olan incə yumoru, şən ruhu bir çox çətinlikləri
sanki görünməz edirdi.
Xarakterinə uyğun olaraq Cəmil müəllim heç vaxt asan yol axtarmağa, hansısa vasitələrlə işi yüngülləşdirməyə çalışmır, nəticələrin maksimumuna can atır, qarşısına çıxan çətinliklər onu qorxutmur, əksinə, daha qətiyyətli edirdi. Ən çətin vəziyyətlərdə belə nikbinliyini, iradəsini qoruyub saxlamağı bacarırdı. Heç vaxt ümidsizliyə qapılmırdı, əksinə, ətrafındakı insanları da daha çox çalışmağa ruhlandırırdı. Hələ o illərdə hiss olunurdu ki, Cəmil Əliyev böyük idealları və məqsədləri olan bir insandır. Gündəlik çətinliklər, məişət qayğıları onun geniş düşüncə dünyasının fonunda çox kiçik görünürdü.
Ailə ocağından gələn dəyərlər
Gənc yaşlarında bu
qədər möhkəm xarakter formalaşdırması, dözümlülüyü və iradəsi ilə yanaşı, sadəliyi,
səmimiyyəti və təvazökarlığı insanı heyran edirdi. Bu keyfiyyətlərin təsadüfi
olmadığı dərhal sezilirdi. Onların kökü daha dərində – ailə tərbiyəsində və mənəvi
mühitdə idi. Cəmil müəllimi böyüdən, ona həyat yolu göstərən ailənin daşıdığı əxlaqi
dəyərlər şəxsiyyətində aydın şəkildə hiss olunurdu. Onun ailəsini və
doğmalarını yaxından tanıyan biri kimi əminliklə deyə bilərəm ki, Cəmil
Əliyevin bir ziyalıya və alimə xas ən gözəl xüsusiyyətlərinin qaynağı məhz həmin
sağlam mənəvi mühitdən gəlir.
Cəmil müəllim Azərbaycanın
görkəmli ictimai-siyasi xadimlərindən biri, ölkəmizdə səhiyyə sisteminin və
tibb elminin inkişafında böyük xidmətləri olan, yüksək mənəvi keyfiyyətləri ilə
seçilən əməkdar həkim Əziz Əliyevin və əsl Azərbaycan xanımına xas ən gözəl
xüsusiyyətlərə malik Leyli xanımın ailəsində böyüyüb boya-başa çatmışdı. Belə
bir ailə ocağında yetişən övladların hər biri sonradan öz sahələrində yüksək nüfuz
qazanaraq ölkəmizin qürur mənbəyinə çevrildilər.
Cəmil müəllimin
qardaşı tanınmış terapevt-alim, professor Tamerlan Əliyevdir. Bacılarından biri
dünya şöhrətli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyeva, digəri isə Azərbaycanın
ilk peşəkar rabitə mütəxəssislərindən əməkdar rabitəçi Dilbər xanım Əliyevadır.
Həmçinin görkəmli oftalmoloq-alim Ləzifə xanım Əliyeva və əməkdar incəsənət
xadimi, tanınmış musiqişünas Gülarə xanım Əliyeva da bu ziyalı ailəsinin cəmiyyətimizə
bəxş etdiyi dəyərli şəxsiyyətlərdəndir. Onların hər biri ailədən aldıqları tərbiyə,
mənəvi işıq və fitri istedadları sayəsində öz sahələrində yüksək peşəkarlıq
zirvəsinə yüksəlmiş, Azərbaycanın ziyalı mühitində dərin izlər qoymuşlar. Belə
bir mühitdə yetişən Cəmil Əliyevin də mənəvi saflığı, əməksevərliyi və elmə
bağlılığı məhz həmin ailə ocağının verdiyi dəyərlərdən qaynaqlanır.
Onun Moskvada
doktorluq dissertasiyası üzərində çalışdığı illər bu gün də yaxşı yaddaşımdadır.
Seçdiyi mövzu o dövrün onkologiya elmi üçün kifayət qədər mürəkkəb və aktual
problemlərdən hesab olunurdu. Bu mövzu yalnız nəzəri araşdırmalarla kifayətlənmirdi;
geniş praktik materialların toplanmasını, müxtəlif regionlarda aparılan müşahidə
və tədqiqatları tələb edirdi.
Cəmil müəllim gərgin
iş qrafikinə, elmi fəaliyyətin çoxluğuna və üstəlik ailə qayğılarına baxmayaraq
tez-tez keçmiş SSRİ-nin müxtəlif şəhərlərinə səfərlər edir, tədqiqatları üçün zəngin
materiallar toplayırdı. Xüsusilə Tacikistan həmin dövrdə dəri xərçənginə daha
çox rast gəlinən bölgələrdən biri sayıldığından, o, elmi ezamiyyətlərinin bir
hissəsini məhz bu ölkəyə həsr etmiş və dissertasiya materiallarının əhəmiyyətli
qismini oradan toplamışdı.
Düzünü desəm, həmin
materialların toplanmasını başqa yollarla da təşkil etmək mümkün idi. Məsələn,
həmin bölgədə yaşayan və ya ora ilə əlaqəsi olan insanlar bu işi onun əvəzinə
görə bilərdilər. Lakin Cəmil Əliyev elmi işinə o qədər məsuliyyətlə yanaşırdı
ki, araşdırmanın hər detalına şəxsən nəzarət etməyə üstünlük verirdi. Çətinliklərə
və fiziki yorğunluğa baxmayaraq, materialların toplanmasından tutmuş müşahidələrin
aparılmasına qədər bütün mərhələləri özü həyata keçirirdi.
Onu ən çox ruhlandıran isə əldə etdiyi elmi nəticələr idi. Həftələrlə uzaq bölgələrdə qalmaq, müxtəlif yerlərdə xəstələrlə işləmək və faktiki material toplamaq kimi çətinliklərə baxmayaraq, bu işin verdiyi mənəvi məmnunluq bütün yorğunluğunu unutdururdu. Cəmil müəllim tez-tez deyirdi ki, araşdırmalar zamanı tapdığı yeni nəticələr və elmi kəşflər bütün əziyyətləri götürür. Hələ gənclik illərindən o, həyat və fəaliyyətinin mənasını zəhmətdə, cəmiyyət üçün faydalı olmaqda görürdü.
Nadir tədqiqatçılardan biri
Cəmil Əliyev elmi
axtarışlarını praktiki fəaliyyətlə uğurla uzlaşdırmağı bacaran nadir alimlərdəndir.
O, aktiv tədqiqat fəaliyyəti ilə yanaşı, cərrahi praktikadan da ayrılmır, mütəmadi
olaraq əməliyyatlar apararaq peşəkar bacarıqlarını daha da təkmilləşdirirdi. Bu
sahədə qazandığı təcrübə onun elmi baxışlarının da zənginləşməsinə mühüm təsir
göstərirdi.
Podolsk Mərkəzi Xəstəxanası
Ümumittifaq Onkoloji Elmi Mərkəzinin əsas kliniki bazalarından sayılırdı. Həmin
xəstəxanada cərrahiyyənin müxtəlif istiqamətləri üzrə əməliyyatlar aparılır,
onkologiya sahəsində praktik müdaxilələrin böyük hissəsi də məhz burada həyata
keçirilirdi. Xəstələrlə bağlı hər səhər keçirilən müzakirələr isə bizim üçün əsl
məktəb idi. Həmin “beş dəqiqəlik” adlanan toplantılar hər birimizin peşəkar
inkişafına böyük töhfə verirdi. Qısa sürməsinə baxmayaraq, bu müzakirələrdən hər
dəfə yeni bilik və təcrübə qazanaraq ayrılırdıq. Buna görə də çalışırdıq ki,
heç birini qaçırmayaq.
Cəmil Əliyevin peşəkar
cərrah kimi formalaşmasında Podolsk Mərkəzi Xəstəxanasında keçən həmin illərin
rolu danılmazdır. Bu gün də o günləri xatırlayanda həmin xəstəxananı, orada
çalışan həmkarlarımızı, bilik və təcrübələrini səxavətlə paylaşan həkimləri
böyük hörmətlə, minnətdarlıqla yad edirik.
O dövrdə Moskvanın müxtəlif ali məktəblərdə təhsil alan və elmi fəaliyyət göstərən azərbaycanlı gənclərin sayı getdikcə artırdı. Bu artımın əsas səbəblərindən biri Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hər il minlərlə azərbaycanlı gəncin keçmiş ittifaqın aparıcı ali məktəblərinə göndərilməsi idi. Tibb sahəsində də çoxsaylı həmvətənimiz vardı. Biz - Moskvada yaşayıb çalışan azərbaycanlı gənclər tez-tez görüşür, bir-birimizin uğurlarına sevinir, problemlərimizdə dəstək olmağa çalışırdıq. Hər kəs digərinin sevincini öz sevinci kimi qəbul edir, çətinliklərdə isə bir-birinin yanında olmağa can atırdı. Azərbaycanlı olmaq bizim üçün həm qürur, həm də məsuliyyət idi. Davranışımızla, bilik səviyyəmizlə və insanlara münasibətimizlə xalqımız haqqında yüksək fikir formalaşdırmağa çalışırdıq.
Fəxr etdiyimiz soydaşımız
Hələ o illərdə Cəmil
Əliyevin nə qədər vətənpərvər və milli-mənəvi dəyərlərə bağlı bir insan olduğu
açıq hiss olunurdu. Sadəliyi, təvazökarlığı, səmimi münasibəti ilə o, ətrafındakı
hər kəsin rəğbətini qazanmışdı.
Cəmil Əliyevin
doktorluq dissertasiyasının müzakirələri indiyə kimi yadımdadır. Həmin müzakirələrdə
biz – azərbaycanlı dostları daim onun yanında olur, uğurlarını ürəkdən
bölüşürdük. SSRİ-nin tanınmış akademiklərinin və Ümumittifaq Onkoloji Elmi Mərkəzinin
nüfuzlu alimlərinin onun elmi nəticələrini yüksək qiymətləndirməsi bizdə böyük
qürur hissi doğururdu. Bir tərəfdən onkologiya elminin inkişafına yeni töhfələrin
verildiyini görürdük, digər tərəfdən isə bu yeniliklərin müəllifinin öz
soydaşımız olması ilə fəxr edirdik.
Cəmil Əliyevin illərlə
apardığı gərgin elmi fəaliyyət nəhayət öz bəhrəsini verdi. 1978-ci ildə o,
Ümumittifaq Onkoloji Elmi Mərkəzində “Dəri xərçəngi və melanomasında plastik cərrahiyyə
əməliyyatları” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb
elmləri doktoru elmi dərəcəsinə layiq görüldü. Bu, elmi karyerada son dərəcə
mühüm bir mərhələ idi.
Həmin vaxt Cəmil
Əliyevin Moskvada qalaraq fəaliyyətini burada davam etdirəcəyi gözlənilirdi, bunun
üçün hər cür imkan vardı. Dissertasiyasının müzakirəsindən sonra ÜOEM-in o
zamankı direktoru akademik N.N.Bloxin və akademik N.N.Trapeznikov ona Moskvada
qalaraq mərkəzin Endokrinologiya şöbəsinə rəhbərliyi təklif etmişdilər. Ucqar
bir respublikadan gəlmiş gənc alim üçün bu, son dərəcə cazibədar təklif idi.
Belə bir vəzifə yalnız elmi səviyyəsi və şəxsi keyfiyyətləri ilə seçilən
insanlara etibar edilirdi. Cəmil Əliyev bu etimadı yüksək elmi səviyyəsi, bilik
və bacarığı, şəxsi keyfiyyətləri ilə qazanmışdı. Dünya şöhrətli ustadları onun
Moskvada qalaraq bu böyük elmi mühitdə fəaliyyət göstərməsini çox arzulayır,
onun gələcəyinə inanırdılar.
Cəmil Əliyevin qərarı isə fərqli oldu. O, Bakıya qayıdıb fəaliyyətini doğma Azərbaycanda davam etdirməyi üstün tutdu. Zaman göstərdi ki, ölkəmizdə onkologiyanın inkişafı perspektivindən baxanda o, əslində düzgün qərar verib.
Səhiyyə təşkilatçısı
Bakıya qayıtdıqdan
sonra 1978-ci ildə o, Rentgenologiya, Radiologiya və Onkologiya Elmi-Tədqiqat
İnstitutunun ümumi onkologiya şöbəsinə rəhbər seçildi. Cəmil müəllim sonradan
bir neçə dəfə struktur və ad dəyişikliklərindən keçmiş bu kollektivdə çalışdığı
ilk illərdən bacarıqlı həkim və səriştəli elm təşkilatçısı kimi böyük nüfuz
qazandı. 1980-ci ildə o, institut direktorunun elmi işlər üzrə müavini vəzifəsinə
irəli çəkildi. Bu məsuliyyətli vəzifədə ona göstərilən etimadı qısa müddətdə
doğrultdu. Elmi-tədqiqat fəaliyyətində yeni dinamika yarandı, müxtəlif istiqamətlər
üzrə maraqlı tədqiqatlar aparıldı və mühüm nəticələr əldə olundu.
1990-cı ildə Cəmil
Əliyevin peşəkar karyerasında növbəti mühüm mərhələ başlandı. O, indiki Milli
Onkologiya Mərkəzinin baş direktoru vəzifəsinə təyin olundu. Həmin vaxtdan bu
tibb müəssisəsinə uğurla rəhbərlik edir və artıq onilliklərdir ki, bu məsuliyyətli
missiyanı böyük əzmkarlıqla davam etdirir. 1988-ci ildə SSRİ Ali Attestasiya
Komissiyasının qərarı ilə professor elmi adına layiq görülən alim, 2001-ci ildən
həm Azərbaycan Milli Elmlər Akademiyasının, həm də Rusiya Tibb Elmləri
Akademiyasının həqiqi üzvüdür.
Akademik Cəmil
Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 2006–2012-ci illərdə Milli Onkologiya Mərkəzi
əsaslı şəkildə yenidən qurularaq müasir tələblərə uyğun modernləşdirildi. Bu
böyük səhiyyə kompleksinin dünya standartlarına uyğun səviyyəyə çatdırılmasında
onun xidmətləri müstəsnadır. Bu gün Milli Onkologiya Mərkəzi təkcə Azərbaycanın
deyil, bütövlükdə Cənubi Qafqazın ən iri ixtisaslaşmış onkoloji elmi-tibbi müəssisələrindəndir.
Burada bədxassəli şişlərin etiopatogenezi, diaqnostikası, müalicəsi və
profilaktikası istiqamətində geniş tədqiqatlar aparılır, 1500 çarpayılıq klinik
baza fəaliyyət göstərir.
Hazırda mərkəzdə
minə yaxın mütəxəssis çalışır. Onkoloji xəstələrin böyük bir hissəsi məhz
burada müalicə olunur. İl ərzində yüz minlərlə pasiyent müayinə edilir, on minlərlə
xəstə isə stasionar müalicə kursu keçir. Akademik Cəmil Əliyevin rəhbərliyi ilə
ölkəmizdə ilk dəfə Uşaq Onkologiya İnstitutunun yaradılması, müasir cərrahiyyə
bölmələrinin təşkili, ambulator xidmət infrastrukturunun qurulması və tibbi
avadanlıqların ən son texnologiyalarla təmin edilməsi xüsusi əhəmiyyət daşıyır.
Mərkəzin nəzdində
fəaliyyət göstərən Onkoreqistr sistemi 2015-ci ildə Beynəlxalq Onkoloji Xəstəliklər
Assosiasiyasının üzvlüyünə qəbul olunmuşdur. Elə həmin il mərkəzlə ABŞ-nin
M.D.Anderson Xərçəng Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum
imzalanmışdır. Sonrakı illərdə isə İngiltərənin Liverpul Universiteti
hospitalı, Avstriya Tibb Universiteti və Türkiyənin Hacettepe Universiteti kimi
nüfuzlu tibb ocaqları ilə də əməkdaşlıq müqavilələri bağlanmışdır. 2014-cü ildə
Milli Onkologiya Mərkəzinə Beynəlxalq Məsləhət və Tədris Mərkəzi statusunun
verilməsi də bu müəssisənin beynəlxalq nüfuzunun göstəricisidir.
Akademik Cəmil Əliyevin geniş elmi əlaqələri və beynəlxalq nüfuzu sayəsində mərkəzdə mütəmadi olaraq beynəlxalq konfranslar və elmi forumlar təşkil edilir. Dünyanın müxtəlif ölkələrindən gələn alimlər və rəsmi şəxslər bu tibb ocağı ilə yaxından tanış olur, onun fəaliyyətini yüksək qiymətləndirirlər.
Böyük elmi məktəb yaratmış alim
Akademik Cəmil
Əliyev zəngin və məhsuldar elmi yaradıcılığı ilə tibb elminə böyük töhfələr vermis,
öz elmi məktəbini yaratmış alimlərdəndir. Onun qələmindən çıxan elmi irs
olduqca genişdir: alim 600-dən çox elmi məqalənin, 10 ixtiranın, 18 monoqrafiya
və tələbələr üçün dərs vəsaitinin müəllifidir. Monoqrafiyalarından biri –
“Treatment of Breast Tumours” – 1990-cı ildə ingilis dilində nəşr olunaraq beynəlxalq
elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Alimin həmmüəlliflərlə birgə
hazırladığı “Dərinin bədxassəli şişlərində plastik operasiyalar” adlı
monoqrafiya isə yüksək elmi qiymət almış və 1980-ci ildə SSRİ Tibb Elmləri
Akademiyası tərəfindən akademik Nikolay Petroviç Petrov adına mükafata layiq
görülmüşdür.
Cəmil müəllimin elmi
rəhbərliyi altında 8 tibb elmləri doktoru və 48 tibb üzrə fəlsəfə doktoru
yetişmişdr. Yetirmələri bu gün Azərbaycanla yanaşı, bir sıra xarici ölkələrdə də
onkologiyanın müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərirlər. Alim həm Azərbaycanda,
həm də Rusiya Federasiyasında müdafiə edilən çoxsaylı elmi işlərin rəsmi
opponenti kimi çıxış etmişdir. Bu gün də gənc tədqiqatçıların elmi fəaliyyətinə
rəhbərlik edir və yeni nəsil alimlərin formalaşmasına töhfə verir.
Onun şəxsi nüfuzu
və beynəlxalq elmi əlaqələri sayəsində azərbaycanlı gənclər dünyanın müxtəlif tədqiqat
mərkəzlərində təcrübə keçmək, biliklərini artırmaq imkanı əldə edirlər. Bu əlaqələrin
qurulmasında və inkişafında akademikin xüsusi rolu var. Alimin rəhbərliyi ilə
Azərbaycanda daha çox rast gəlinən bədxassəli şişlər – xüsusilə süd vəzisi, dəri
və qırtlaq xərçəngi ilə bağlı geniş tədqiqatlar aparılmışdır. Süd vəzisi şişlərinin
cərrahi müalicəsi sahəsində onun təklif etdiyi yeni yanaşmalar və modifikasiyalar
praktik tibbdə uğurla tətbiq olunur. Bu istiqamətdə aparılan elmi işlər müasir
texnologiyaların imkanları ilə daha da inkişaf etdirilir.
Cəmil Əliyev əməliyyatqabağı
müalicə metodlarının təkmilləşdirilməsi istiqamətində də mühüm yeniliklər irəli
sürmüşdür. Bu metodların tətbiqi bir sıra hallarda ağır travmatik əməliyyatlara
ehtiyacı azaltmış, orqansaxlayıcı cərrahi müdaxilə imkanlarını genişləndirmişdir.
Süd vəzisi xərçəngi xəstələri üçün hazırlanmış xüsusi reabilitasiya proqramları
və orijinal tibbi cihazların tətbiqi bir çox pasiyentlərin normal həyata
qayıtmasına şərait yaratmışdır.
Onun süd vəzisi xərçənginin
inkişaf mərhələlərinin beynəlxalq təsnifatına etdiyi düzəlişlər dünya elmi
ictimaiyyəti tərəfindən qəbul edilmiş və müalicə taktikasının təkmilləşdirilməsinə
mühüm təsir göstərmişdir.
Cəmil Əliyevin rəhbərlik
etdiyi elmi qrupun mühüm tədqiqat istiqamətlərindən biri də onkoloji xəstələrdə
hepatit B və C viruslarının yayılması ilə bağlı olmuşdur. Bu araşdırmaların nəticələri
bir sıra fundamental monoqrafiyalarda ümumiləşdirilmişdir. Həmin tədqiqatlar nəticəsində
ilk dəfə sübut olunmuşdur ki, gizli keçən hepatit B infeksiyası süd vəzisi xərçəngi
olan xəstələrin müalicə nəticələrinə ciddi təsir göstərə bilər.
Bütün bu elmi nəticələr və yeniliklər akademik Cəmil Əliyevin zəngin fəaliyyətinin əsas məqamlarını təşkil edir. Onun həyatı elmə, insan sağlamlığına və cəmiyyətə xidmətin parlaq nümunəsidir.
Çoxşaxəli fəaliyyət
Görkəmli alim Nyu-York
Elmlər Akademiyasının, Rusiya Elmlər Akademiyasının, Avropa Təbiət Elmləri
Akademiyasının, Rusiya Təbiət Elmləri Akademiyasının, Gürcüstan Milli Elmlər
Akademiyasının, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının,
Beynəlxalq Ekoenergetika Akademiyasının üzvü, Amerika Birləşmiş Ştatları M.D.
Anderson Xərçəng Mərkəzinin fəxri professoru, Hammersmit Kral Universiteti
Hospitalının fəxri doktoru, həmçinin bir çox beynəlxalq elmi qurumun və ictimai
təşkilatın rəhbər üzvlərindəndir.
Rusiya, Almaniya,
ABŞ, Böyük Britaniya, Fransa, Yaponiya, Avstriya, Türkiyə, Özbəkistan və s. kimi
ölkələrdə keçirilən beynəlxalq konqreslərdə, simpoziumlarda, elmi toplantılarda
öz məruzələri ilə Azərbaycan tibb elminin nailiyyətlərini dünya elmi ictimaiyyətinə
təqdim etmişdir.
1994-cü ildən
etibarən alim həm də Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutu nəzdində fəaliyyət göstərən onkologiya kafedrasına rəhbərlik edir, pedaqoji
fəaliyyətini elmi yaradıcılığı ilə uzlaşdıraraq gənc həkim və tədqiqatçıların
yetişməsində mühüm rol oynayır.
Müasir dövrdə ölkədə
həyata keçirilən səhiyyə islahatları da Cəmil müəllimin diqqət mərkəzindədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan məqsədyönlü
siyasət nəticəsində səhiyyə sistemində baş verən yeniliklərə alim həm həkim, həm
də təşkilatçı kimi öz töhfələrini verir. Eyni zamanda, ölkəmizin Birinci
vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən
səhiyyə layihələrinin icrasına da yaxından dəstək göstərir. Bakıda tikilərək
istifadəyə verilmiş Yeni Klinika layihəsinin uğurla reallaşdırılmasında Cəmil
Əliyevin mühüm rolu olmuşdur. Bu tibb müəssisəsi hazırda regionun ən böyük və ən
müasir çoxprofilli klinikalarındandır.
Cəmil Əliyev eyni zamanda “Onkologiya” jurnalının baş redaktoru, “Biomedisina” jurnalının redaksiya heyətinin üzvü kimi elmi nəşrlərin inkişafında da fəal iştirak edir. O, Respublika Səhiyyə Nazirliyinin onkologiya üzrə Attestasiya Komissiyasına, eləcə də Elmi-Tibbi Onkoloqlar Cəmiyyətinə rəhbərlik etmiş, onkologiya sahəsində dissertasiya müdafiələrini həyata keçirən şuraların fəaliyyətinə başçılıq etmişdir. Bundan başqa, alim Dünya həkimləri nüvə müharibəsinə qarşı təşkilatının Azərbaycan komitəsinin də rəhbəri olmuşdur.
80 illik ömrün mükafatları
Akademikin Azərbaycan
və dünya tibb elminə xidmətləri öz layiqli qiymətini almış, o, müxtəlif illərdə
Azərbaycan Respublikasının “Şərəf”, “Şöhrət”, 1-ci dərəcəli “Vətənə xidmət”
ordeni və digər yüksək mükafatlarla təltif edilmişdir. 2000-ci ildən “Əməkdar
elm xadimi”dir.
2015-ci ildə
Avropa Təbiət Elmləri Akademiyası tərəfindən alim dünyanın ən məşhur cərrahlarına
təqdim olunan Nikolay Piroqov ordeni, “Avropanın fəxri alimi” adı və Gottfried
Wilhelm Leibniz medalına layiq görülmüşdür. Həmçinin qaraciyərin subklinik
patologiyasının onkoloji problemlərinə dair tədqiqatlarına görə Azərbaycan
Milli Elmlər Akademiyası tərəfindən akademik “Mir Əsədulla Mirqasımov adına
mükafat”la təltif olunmuşdur.
Bundan əlavə, alim
akademik “Nikolay Petroviç Petrov adına mükafat”a, “Mustafa Topçubaşov mühazirələri”
mükafatına, eləcə də Beynəlxalq Ekoenergetika Akademiyasının “Böyük qızıl
medalı”na layiq görülmüşdür. Onkologiya sahəsində dünya miqyasında qəbul
olunmuş elmi-praktik nailiyyətlərinə görə isə alimə Birləşmiş Millətlər Təşkilatı
tərəfindən “Elm və sülh elçisi” fəxri mükafatı təqdim edilmişdir.
Cəmil Əliyev
yalnız görkəmli alim, bacarıqlı səhiyyə təşkilatçısı deyil, həm də nümunəvi ailə
başçısıdır. Övladları da şərəfli sənət yolunu davam etdirirlər. Oğlu tanınmış cərrah-onkoloq,
tibb elmləri doktoru, professor Əziz Əliyev İ.M.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Bakı filialının rektorudur. Qızı İradə Əliyeva isə
tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin Daxili xəstəliklər
kafedrasının dosentidir.
Xalqımızın mənəvi
sərvətlərindən sayılan akademik Cəmil Əliyev kimi ziyalılar hər bir azərbaycanlı
üçün qürur mənbəyidir. Onun həyat yolu sağlam düşüncəyə sədaqətin, Vətənə
bağlılığın, xeyirxahlığın və yüksək məsuliyyət hissinin parlaq nümunəsidir. Cəmil
müəllim gördüyü hər bir işi sadəcə vəzifə kimi deyil, mənəvi ucalığa aparan bir
missiya kimi qəbul edir. O, davranışı və fəaliyyəti ilə daim bu yüksəkliyə
layiq olmağa çalışır. Belə ziyalıların mövcudluğu cəmiyyətin inkişafına güc
verir, xalqı yeni uğurlara ruhlandırır, milli məqsədlərə doğru inamla irəliləməsinə
təkan yaradır.
Belə bir insanı yaxından tanımağımın, uzunmüddətli həmkarlıq və dostluq münasibətlərimizin verdiyi fəxarət hissi ilə Cəmil müəllimi 80 illik yubileyi münasibətilə təbrik edir, doğmaları ilə birgə uzun, sağlam ömür, həyat və fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.
Əhliman Əmiraslanov
Akademik, SSRİ Dövlət mükafatı laureatı