Azərbaycanın steril dərman məhlulları istehsalçısı olan “Diamed” zavoduna media nümayəndələrinin səfəri təşkil olunub. Media turu çərçivəsində müəssisənin beynəlxalq GMP (Etibarlı İstehsalat Təcrübəsi) sertifikatına layiq görülməsi və istehsal prosesinin müasir standartları barədə ətraflı məlumat verilib.
Manset.az xəbər verir ki, jurnalistlər zavodun dünyanın ən
qabaqcıl şirkətlərinin avadanlıqları və GMP standartlarına uyğun təmiz sinif
zonaları ilə təchiz edilmiş, eləcə də tam avtomatlaşdırılmış istehsal xətləri
ilə tanış olublar. Bildirilib ki, müəssisədə tam qapalı sistemin tətbiqi nəticəsində
insan müdaxiləsi olmadan tam risksiz məhsul istehsal edilir. Eyni zamanda,
istehsalda istifadə olunan suyun təmizliyi 24 saat onlayn rejimdə monitorinq
edilir ki, bu da yüksək keyfiyyətli məhsul istehsalına tam təminat verir. Dərman
qatqıları və bütün farmasevtik inqrediyentlər isə Almaniya və Avstriyanın
etibarlı şirkətlərindən idxal olunur.
Hazırda zavodda 37 adda, müxtəlif
həcmdə (100 ml – 500 ml) venadaxili dərman məhlullarının (NaCl 0,9%, Ringer,
Qlükoza, Metronidazol, Parasetamol və s.) istehsalı həyata keçirilir. İllik 20
milyon litr istehsal gücü daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici
bazarlara çıxış imkanı yaradır. Artıq bir neçə ölkədə məhsulların qeydiyyatı
prosesinə başlanılıb. Müəssisə hər il portfelinə yeni adda dərmanlar əlavə etməyi
və yaxın müddətdə kiçik həcmli (ampul) dərman məhlullarının istehsalına
başlamağı planlaşdırır.
Qeyd edək ki, 100 nəfərdən artıq
işçi heyətinə malik olan “Diamed” dərman istehsalı zavodu Azərbaycan Biznesinin
İnkişafı Fondunun həmtəsisçiliyi ilə yaradılıb və Fond ölkə əhəmiyyətli bu
istehsal müəssisəsinin fəaliyyətini paylı investisiya və güzəştli kredit
mexanizmləri vasitəsilə dəstəkləyir.