ADU-da beynəlxalq konfrans keçirildi - FOTOLAR

17:35 - 14 Aprel 2026

ADU-da beynəlxalq konfrans keçirildi - FOTOLAR

Aprelin 14-də Azərbaycan Dillər Universitetində görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş “Dil, təhsil və pedaqogikanın problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.


Manset.az xəbər verir ki, öncə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımovun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirakçılarını salamlayıb, konfransın əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, belə mötəbər beynəlxalq elmi konfransların keçirilməsi həm milli elmi-pedaqoji ənənələrin inkişafı, həm də beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor vurğulayıb ki, professor Nurəddin Kazımov Azərbaycan dilçiliyi və pedaqogika sahəsində dərin iz qoymuş alimlərdən biridir və onun zəngin elmi irsi bu gün də aktuallığını qoruyub saxlayır.

Bildirib ki, konfrans çərçivəsində müzakirə olunacaq mövzular – dilçilik, təhsil və pedaqogikanın aktual problemləri – müasir dövrün çağırışları ilə səsləşir və bu sahələrdə yeni yanaşmaların formalaşdırılmasına töhfə verəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında professor Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransın  işini yüksək qiymətləndirərək bildirib ki, bu cür elmi platformalar müasir elmin aktual problemlərinin müzakirəsi və yeni elmi istiqamətlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Dil, təhsil və pedaqogika sahələri bir-biri ilə sıx bağlı olub, cəmiyyətin intellektual inkişafında əsas rol oynayır. Görkəmli alim Nurəddin Kazımovun zəngin elmi irsi Azərbaycan elminin mühüm tərkib hissəsidir və onun tədqiqatları bu gün də aktual olaraq qalır. İsa Həbibbəyli alimin pedaqoji fəaliyyətinin xüsusilə gənc nəslin formalaşmasında əvəzsiz rol oynadığını diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası bu kimi elmi tədbirlərin keçirilməsinə daim dəstək verir və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlərdən biri hesab edir.

Akademik konfransın işinə uğurlar arzulayaraq, onun nəticələrinin gələcək elmi tədqiqatlara və təhsil sahəsinin inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Türkiyənin Ege Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun rəhbəri, professor Atıf Akgün video müraciətlə çıxış edib. Professor çıxışında görkəmli alim Nurəddin Kazımovun elmi irsinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün dəyərli olduğunu vurğulayıb.

O, həmçinin Ege Universiteti ilə Azərbaycan elmi müəssisələri arasında əlaqələrin inkişafının vacibliyini qeyd edərək, gələcəkdə birgə layihələrin və elmi proqramların həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov bildirib ki, bu cür yubiley tədbirləri alimlərin fəaliyyətinin daha geniş şəkildə tanıdılmasına və gənc tədqiqatçılar üçün örnək olmasına imkan yaradır. Qeyd olunub ki, professor Nurəddin Kazımov ömrünü elmə və təhsilin inkişafına həsr etmiş, yetişdirdiyi tələbələr və yazdığı əsərlərlə Azərbaycan pedaqoji fikrində silinməz iz qoymuşdur.

Daha sonra çıxış edənlər: Özbəkistanın Denov Sahibkarlıq və Pedaqogika İnstitutunun Pedaqogika fakültəsinin dekanı Rano Salomova, Hüquq elmləri doktoru, Avrasiya Universitetinin professoru İbrahim Quliyev, Pedaqogika elmləri doktoru, professor, Bakı Slavyan  Universitetinin Pedaqogika kafedrasının müdiri Piralı Əliyev, Əməkdar müəllim Zülfiyyə Vəliyeva, Pedaqogika elmləri doktoru, dosent, Əməkdar müəllim Heydər Cəfərov, Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi Misgər Məmmədov, ADU-nun Psixologiya və pedaqogika kafedrasının dosenti Oqtay Abbasov, əməkdar artist Ağalar Bayramov, dosent Vidadi Bəşirov görkəmli alim, tanınmış pedaqoq, professor, Əməkdar elm xadimi Nurəddin Kazımov və konfrans haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, professor Nurəddin Kazımovun elmi fəaliyyəti Azərbaycan pedaqoji fikrinin inkişafında mühüm mərhələ təşkil edir və onun əsərləri bu gün də ali və orta ixtisas təhsil müəssisələrində geniş şəkildə istifadə olunur.

Çıxış edənlər alimin pedaqogika sahəsində irəli sürdüyü ideyaların müasir təhsil sistemində aktuallığını qoruduğunu xüsusi vurğulayıblar.

Görkəmli alim, professor Nurəddin Kazımovun oğlu Araz Kazımov konfransda çıxış edərək, atasının-görkəmli alim, professor Nurəddin Kazımovun həyat və elmi fəaliyyətindən bəhs edib, onun xatirəsinə göstərilən diqqət və ehtirama görə ADU rəhbərliyinə və kollektivinə, Pedaqogika və psixologiya kafedrasının bütün əməkdaşlarına, təşkilatçılara və iştirakçılara dərin minnətdarlığını bildirib.

Daha sonra bədii hissə təqdim olunub. Konfrans işini bölmə iclasları ilə davam etdirib. Konfransın bağlanış mərasimində çıxış edən ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Həmidə Əliyeva konfransın əhəmiyyətindən danışıb, təşkil olunan bölmə iclaslarının fəaliyyətinə toxunulub. Qeyd olunub ki, professor  Nurəddin Kazımovun 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans öz işini uğurla yekunlaşdırıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az