Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu” başa çatdı - FOTOLAR

20:41 - 20 Aprel 2026

Qarabağ Universitetində “Qayıdış: Gənclər Forumu” başa çatdı - FOTOLAR

Elm və Təhsil Nazirliyi və Gənclər Fondunun dəstəyi, Qarabağ Universitetinin tərəfdaşlığı və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Qarabağ Universitetində keçirilən “Qayıdış: Gənclər Forumu – Hüquqi Yanaşmalar və Beynəlxalq Perspektivlər” layihəsi uğurla başa çatıb.


Manset.az xəbər verir ki, üç gün davam edən forum panel, seminar və interaktiv sessiyalarla zəngin proqram əsasında təşkil olunub. Tədbir çərçivəsində Qarabağa qayıdış prosesinin hüquqi əsasları, beynəlxalq hüquq normaları, diplomatik yanaşmalar, informasiya müharibəsi kontekstində sosial medianın rolu, eləcə də gənclərin bu proseslərdə iştirakı geniş müzakirə edilib.


Açılış nitqi ilə çıxış edən Qarabağ Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Fariz Əhmədov çıxışında ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra işğaldan azad edilmiş ərazilərdə təhsil mühitinin formalaşdırılmasının strateji əhəmiyyətindən danışıb. O, Qarabağ Universitetinin yalnız ali təhsil ocağı deyil, eyni zamanda milli yaddaşın, tarixi ədalətin və gələcəyə yönəlmiş dövlət siyasətinin canlı simvolu olduğunu vurğulayıb. Prorektor qeyd edib ki, gənclərin məhz bu məkanda hüquqi, siyasi və beynəlxalq məsələlər ətrafında müzakirələr aparması xüsusi məna daşıyır və bu, vətənpərvərlik tərbiyəsinin praktik müstəvidə təzahürüdür.


Forumda Milli Məclisin deputatı Rizvan Nəbiyev “Qayıdış Konsepsiyası: Diplomatik Perspektivlər və Regional Təhlükəsizlik” mövzusunda çıxış edərək məsələyə beynəlxalq münasibətlər sistemi və regional təhlükəsizlik prizmasından yanaşmanın vacibliyini vurğulayıb. O, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinin, həmçinin post-münaqişə dövründə hüquqi mexanizmlərin əhəmiyyətinə diqqət çəkib.


Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini, Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorunun müdiri Ayla Həsənova-Məmmədova isə “Qarabağa Qayıdış və Sosial Media: İnformasiya müharibəsi və gənclərin rolu” mövzusunda çıxış edərək rəqəmsal mühitdə düzgün kommunikasiya strategiyasının əhəmiyyətindən bəhs edib. O, sosial medianın ictimai rəyin formalaşmasında mühüm rol oynadığını qeyd edərək gənclərin rəqəmsal savadlılığının artırılmasının vacibliyini vurğulayıb.

Forum çərçivəsində “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almış ABŞ-nin İndiana Universitetinin hüquq məktəbinin doktorantı, ADA Universitetinin professoru Altay Mustafayev "Hüquq üzrə xaricdə təhsil və karyera imkanları” ilə bağlı tələbələrə tövsiyələr verib,  "Avropa İnsan Hüquqları Məhkəməsinin Presedentləri Kontekstində Deportasiyaya Uğramış Şəxslərin Mülkiyyət Hüquqlarının Bərpası" ilə bağlı onları məlumatlandırıb.

Tədbirin son günündə Bakı Dövlət Universitetinin Hüquq klinikasının rəhbəri, Köln Universitetinin doktorantura üzrə məzunu Asif Mustafayev xaricdə hüquq təhsili və hüquq sahəsində karyera ilə bağlı təcrübə və tövsiyələrini bölüşüb.

Daha sonra, Dövlət Proqramı çərçivəsində Kaliforniya Universiteti, Berklinin Hüquq üzrə magistratura məzunu Ceyhun Xəlilov, Kembric Universitetinin “Beynəlxalq Hüquq” üzrə magistratura məzunu Cavid Rəhimli, İstanbu Universitetinin hüquq elmləri üzrə fəlsəfə doktoru Dilbər İskəndərova və Asif Mustafayev qayıdış hüququ ilə bağlı tələbələri məlumatlandırıblar.

Onlar tələbələrlə “Qayıdış Hüququ və Beynəlxalq Hüquq”,  “Deportasiya cinayətləri və insan hüquqları” mövzularında müzakirələr aparıblar. Sonda Oksford Universitetinin məzunu Sona Abdullayeva isə “Konstitusional demokratiyaya giriş” mövzusunda interaktiv sessiya keçirib.

Forum iştirakçıların hüquqi biliklərinin artırılması, beynəlxalq perspektivli düşüncə tərzinin formalaşdırılması və milli məsələlərə peşəkar yanaşmanın təşviqi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilib.

Tədbir bağlanış mərasimi, iştirakçılara sertifikatların təqdim olunması və xatirə fotosu ilə yekunlaşıb.

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Gənclər Fondunun “Konstitusiya və Suverenlik İli” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qaliblərindən biridir. “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi bu kimi təşəbbüslərlə gənclər üçün aktual mövzular ətrafında müzakirə və dialoq platformalarının yaradılmasını davam etdirir.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az