Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Kür çayının daşması ilə bağlı məlumatlara aydınlıq gətirib.
Manset.az xəbər verir ki, qurum məsələ ilə bağlı açıqlama yayıb.
“Kür çayının Zərdab rayonunun Şıxbağı, Əlibəyli və Mehdilər kəndlərinin ərazisindən keçən hissəsində suyun birinci bəndi yararaq, bir neçə evi və əkin sahələrini su basdığı barədə məlumat verilib. Məsələ ilə əlaqədar bildiririk ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin proqnoz məlumatlarına əsasən, gursululuq dövründə (aprel, may, iyun ayları) su ehtiyatlarının ötən illərlə müqayisədə daha çox olacağı gözlənilir.
Bu nəzərə alınaraq, Mingəçevir su anbarı və Şəmkir su anbarında ehtiyat su həcmlərinin saxlanılması məqsədilə Mingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 700 kubmetr həcmində su buraxılışı həyata keçirilir. Buraxılan suyun maneəsiz və təhlükəsiz şəkildə Xəzər dənizinə ötürülməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidməti tərəfindən müvafiq qabaqlayıcı tədbirlər görülür”, - açıqlamada deyilir.
Həmçinin bildirilib ki, Zərdab rayonunun qeyd olunan kəndlərində müşahidə olunan subasma halları əsasən çayın mühafizə zonasında inşa edilmiş fərdi yaşayış evlərinin həyətyanı sahələrini əhatə edib:
“Bu hal son günlərdə intensiv yağıntılar nəticəsində Kür çayına tökülən Türyançay, Girdmançay, Qarqarçay və digər çaylarda suyun səviyyəsinin artması ilə əlaqədardır. Hazırda bir sıra ərazilərdə Kür çayında suyun səviyyəsində azalma müşahidə olunur. Xidmətin rəhbərliyi ərazilərdədir, yerli istismar idarələri tərəfindən mütəmadi monitorinqlər aparılır və vəziyyət tam nəzarət altındadır”.