- Azərbaycan Dillər Universitetinin ev sahibliyi etdiyi “Dil müəllimləri - 2026” Forumu müasir təhsil sistemində baş verən dərin elmi-pedaqoji transformasiyaların müzakirəsi baxımından mühüm akademik hadisə kimi yüksək səviyyədə keçirilmişdir. 400-dən çox müəllim, tədqiqatçı, metodist və təhsil eksperti bu forumda iştirak etmiş, dil tədrisinin konseptual əsasları, texnoloji inteqrasiya imkanları və müasir müəllimin dəyişən rolu ətrafında geniş elmi müzakirələr aparılmışdır.
Forumun rəsmi açılışı ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Qəribova tərəfindən edilmiş, tədbir çərçivəsində TEDx formatlı çıxışlar, elmi təqdimatlar və panel diskussiyalar təşkil olunmuşdur.
Forumun əsas elmi istiqamətlərindən biri müasir müəllimin kimliyi və onun pedaqoji funksiyasının transformasiyası olmuşdur. Müzakirələrdə qeyd olunmuşdur ki, müasir müəllim artıq klassik bilik ötürücüsü modelindən çıxaraq öyrənmə prosesini planlaşdıran, idarə edən və yönləndirən strateji pedaqoji liderə çevrilmişdir. Bu yeni yanaşmada müəllim yalnız informasiya verən subyekt deyil, həm də öyrənənlərin idraki fəaliyyətini təşkil edən, onların düşünmə prosesini aktivləşdirən və tənqidi təfəkkürü inkişaf etdirən “zehin rejissoru” kimi çıxış edir. Müəllimin rolu getdikcə daha çox dizaynedici və reflektiv xarakter alır.
Dil tədrisinin mahiyyəti forumda xüsusi elmi dərinliklə təhlil edilmişdir. Vurğulanmışdır ki, dil yalnız kommunikasiya vasitəsi deyil, eyni zamanda insanın düşüncə sistemini formalaşdıran fundamental idraki mexanizmdir. Bu səbəbdən dilin öyrədilməsi prosesi yalnız qrammatik və leksik biliklərin ötürülməsi ilə məhdudlaşmamalı, daha geniş kognitiv və funksional çərçivədə həyata keçirilməlidir. Forum iştirakçıları “dil biliyi = test nəticəsi” yanaşmasının elmi baxımdan kifayət qədər məhdud olduğunu qeyd etmiş, bu modelin real dil kompetensiyasını əks etdirmədiyini vurğulamışlar. Əsl dil bacarığı şagird və tələbələrin dili real situasiyalarda istifadə etməsi, düşünməsi və problemləri həmin dildə həll etməsi ilə formalaşır.
Forumda şagird və tələbələrin öyrənmə prosesində aktiv
subyekt kimi rolu xüsusi diqqət mərkəzində olmuşdur. Qeyd edilmişdir ki,
öyrənənlər yalnız bilik qəbul edən tərəf deyil, həm də bilik yaradan, analiz
edən və tətbiq edən aktiv iştirakçılardır. Onların öyrəndikləri dildə düşünməyə
təşviq edilməsi dil mənimsənilməsinin ən vacib mərhələlərindən biridir. Bu
yanaşma dil öyrənməni passiv prosesdən çıxararaq onu dinamik, interaktiv və
kontekstual fəaliyyətə çevirir.
Fənlərarası inteqrasiya prinsipi forumun digər əsas
elmi istiqamətlərindən biri olmuşdur. Dil tədrisinin digər fənlərlə əlaqəli
şəkildə həyata keçirilməsi öyrənmənin funksional xarakterini gücləndirir. Bu
yanaşma şagird və tələbələrə dili yalnız akademik kontekstdə deyil, real həyat
situasiyalarında da istifadə etmək imkanı yaradır. Beləliklə, dil tədrisi daha
tətbiqyönlü və praktik xarakter alır.
Süni intellektin təhsil prosesinə inteqrasiyası
forumda geniş elmi müzakirə predmeti olmuşdur. Qeyd edilmişdir ki, müasir
dövrdə əsas məsələ süni intellekt alətlərinin mövcudluğu deyil, onların
pedaqoji məqsədlərə uyğun şəkildə istifadəsidir. Süni intellekt müəllimi əvəz
edən deyil, əksinə onun pedaqoji fəaliyyətini gücləndirən, öyrənmə prosesini
fərdiləşdirən və şagird və tələbələrin idraki inkişafını daha şəffaf edən
vasitə kimi çıxış edir. Müasir dil müəllimi bu texnologiyaları sinif mühitinə
inteqrasiya edərək daha effektiv və interaktiv dərs mühiti yaradır.
Bu çərçivədə ADDIE modeli (təhlil, dizayn, inkişaf, tətbiq və qiymətləndirmə) tədrisin sistemli planlaşdırılması üçün mühüm metodoloji baza kimi təqdim olunmuşdur. Model müəllimə öyrənənlərin ehtiyaclarını müəyyən etməyə, dərs prosesini məqsədyönlü şəkildə qurmağa və nəticələri elmi əsaslarla qiymətləndirməyə imkan verir. Bu yanaşma tədrisin keyfiyyətini artıran strukturlaşdırılmış bir sistem kimi dəyərləndirilmişdir.
Forumda müəllimin emosional vəziyyəti və peşə məmnunluğunun tədris prosesinə təsiri də xüsusi vurğulanmışdır. Müəllimin daxili motivasiyası, pozitiv emosional vəziyyəti və peşəkar inkişafı birbaşa olaraq şagird və tələbələrin öyrənmə davranışlarına təsir göstərir. Pozitiv pedaqoji mühit öyrənənlərin daha aktiv iştirakını təmin edir, onların özünüifadə və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirir.
Eyni zamanda etik məsələlər də geniş şəkildə müzakirə olunmuşdur. Süni intellektdən istifadə zamanı akademik dürüstlük, məlumat təhlükəsizliyi və pedaqoji məsuliyyət əsas prinsiplər kimi qeyd edilmişdir. Müəllim bu prosesdə həm texnologiyanın istifadəçisi, həm də etik çərçivənin qoruyucusu kimi çıxış edir. Bu isə təhsil sistemində balanslı və məsuliyyətli rəqəmsal transformasiyanın vacibliyini göstərir.
Nəticə etibarilə forum göstərmişdir ki, təhsil sistemi
ciddi transformasiya mərhələsindədir və bu prosesdə dil müəllimləri strateji
rol oynayır. Müəllim sinfi artıq fiziki məkan sərhədlərini aşaraq qlobal və
rəqəmsal öyrənmə mühitinə inteqrasiya olunur. Şagird və tələbələr isə bu yeni
ekosistemdə yalnız bilik alan deyil, həm də düşünən, analiz edən və yaradan
aktiv subyektlərə çevrilirlər. Bu transformasiya təhsilini gələcək inkişaf
istiqamətlərini müəyyən edən əsas faktor kimi çıxış edir.
Firuzə Rzayeva
Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsinin dekanı
Pedaqogika üzrə elmlər doktoru