2026-cı il mayın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib, “PAŞA Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalanıb.
Manset.az xəbər verir ki, tədbirdə VK Rəyasət Heyətinin üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, “PAŞA Holding”inHüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar.
Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.
Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiyanın sədri Anar Bağırov iştirakçıları salamlayaraq ölkəmizdə vəkillik institutunun keçdiyi inkişaf yolundan bəhs edib, son illərdə həyata keçirilən genişmiqyaslı islahatların bu sahənin institusional baxımdan daha da möhkəmlənməsinə mühüm töhfə verdiyini bildirib.
Sədr vəkillərin sayında müşahidə olunan dinamik artım, peşə hazırlığının gücləndirilməsi, davamlı tədris proqramlarının tətbiqi, elektron xidmətlərin genişləndirilməsi, eləcə də regionlarda yaşayan vətəndaşların keyfiyyətli hüquqi yardıma çıxış imkanlarının artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Həmçinin Anar Bağırov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin 1999-cu il 28 dekabr tarixində imzaladığı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun Azərbaycan vəkilliyinin tarixində mühüm dönüş nöqtəsi olub. Bildirilib ki, həmin qanunun qəbulundan sonra ilk dəfə olaraq vəkillik müstəqil hüquqi təsisat kimi formalaşıb, hakimiyyətin heç bir qolundan asılı olmayan peşə birliyi statusu qazanıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində məhkəmə prosesində bərabərhüquqlu tərəf kimi iştirak etməyə başlayıb.
Sədr çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş dəyişikliklərinvəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, dövlət başçısının bu sahəyə göstərdiyi ardıcıl diqqət və dəstək hüquq sisteminin təkmilləşdirilməsinə, müdafiə hüququnun daha səmərəli təmin olunmasına və vəkillik institutunun fəaliyyət imkanlarının genişlənməsinəşərait yaradıb.
Anar Bağırov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf xətti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sədr çıxışının davamında qeyd edib ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi əhatə dairəsi baxımından əhəmiyyətli şəkildə genişləndirilib və bu müddət ərzində ümumilikdə 17 test imtahanı təşkil olunub. Həmin imtahanlarda 7 000-dən çox namizəd iştirak edib, onlardan 2 103 nəfəri icbari təlim mərhələsini uğurla başa vuraraq and içib və Kollegiyanın üzvü olub.
Diqqətə çatdırılıb ki, bugünkü mərasimdə daha 64namizəd təntənəli şəkildə and içərək Kollegiyanın sıralarına qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 950 nəfərə çatıb. Yeni qəbul edilən vəkillərdən 43 nəfəri kişi, 21 nəfəri qadındır. Onlardan 4 nəfəri regionlarda, 60 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni üzvlərin qəbulu nəticəsində qadın vəkillərin sayı 670 nəfərə yüksəlib ki, bu da ümumi vəkil korpusunun təxminən 23 faizini təşkil edir.
Namizədlər sırasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədr müavini olmuş Sona Salmanova və əvvəllər hakim işləmiş 6 namizəd də yer alır.
Anar Bağırov çıxış zamanı əlavə edib ki, Kollegiyanın son illərdə dövlət və özəl sektor nümayəndələri ilə əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişlənib, müxtəlif qurumlarla tərəfdaşlıq münasibətləri qurulur. Bildirilib ki, “PAŞA Holding”lə “LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandumun imzalanması tərəflər arasında əməkdaşlığın daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyacaq. VK ilə “PAŞA Bank” arasında daha əvvəl imzalanmış əməkdaşlıq Memorandumuna da toxunan sədr həmin tərəfdaşlığı yüksək qiymətləndirib.
Eyni zamanda mərasimdə Kollegiyanın üzvü, VK-nınAğsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov çıxış edərək namizədləri təbrik edib, gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.
Tədbirdə çıxış edən “PAŞA Holding”in Hüquq və dövlət qurumları ilə əlaqələr departamentinin direktoru, “LEGİS Hüquq Forumu”nun təşkilat komitəsinin rəhbəri Aytac Qasımova Kollegiya ilə əməkdaşlığa dair Memorandumun imzalanmasını çox müsbət hal hesab edərək bunun hüquq sahəsində institusionaləməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.
O qeyd edib ki, bu cür əməkdaşlıq hüquq sahəsində müasir yanaşmaların tətbiqinə, peşəkar hüquqi mühitin inkişafına və hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsinə xidmət edəcək. Kollegiya ilə qurulan əməkdaşlıq çərçivəsində həyata keçiriləcək təşəbbüslər hüquq sahəsində dayanıqlı və faydalı nəticələrin əldə olunmasına imkan verəcək.
Daha sonra mərasim çərçivəsində “PAŞA Holding”lə“LEGİS Hüquq Forumu” layihəsi üzrə əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd hüquqi yardım sahəsi üzrə birgə layihələrin həyata keçirilməsi, müasir texnologiyaların və elmi inkişafın nəticələrinin istifadəsinin qarşılıqlı əlaqələndirilməsi, birgə seminar, treninq, konfrans və akademik tədbirlərin təşkili və həyata keçirilməsi, müxtəlif qanunvericilik sahələri üzrə informasiya mübadiləsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasındaqarşılıqlı əməkdaşlığı nəzərdə tutur.
Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarındanuğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.
Mərasim zamanı onlara vəkil vəsiqələri təqdim olunub.
Tədbirdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini bildiriblər.
Həmçinin mərasimdə dördüncü “Yüksəliş” müsabiqəsinin mentorluq proqramı çərçivəsində layihə qalibi olmuş Səbuhi Göyüşova tövsiyə məktubu, diplom və qiymətli hədiyyə təqdim edilib.
Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub.





































