“Azərsun Holdinq”də Səhiyyə Nazirliyi
Respublika Qan Bankının dəstəyi ilə ənənəvi qanvermə aksiyası keçirilib.
Manset xəbər verir ki, könüllülük prinsipi əsasında təşkil olunan bu
layihənin məqsədi talassemiya və digər hematoloji xəstəliklərdən əziyyət çəkən şəxslərə
həyat vermək, onların müalicəsinə dəstək olmaqdır.
Qanvermə aksiyasında “Azərsun Holdinq”in rəhbərliyi
və əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən holdinqin Müşahidə
Şurasının sədri Tahir Gözel bildirib ki, bu layihə cəmiyyət arasında donorluq mədəniyyətinin
formalaşmasına, insanlarda sosial məsuliyyət hissinin artırılmasına xidmət
edir.
Respublika Qan Bankının icraçı direktorunun müavini Kamran Rəhimov isə “Azərsun
Holdinq”ə bu istiqamətdə atılan addımlara, təşkil edilən qanvermə aksiyalarına
görə minnətdarlığını qeyd edib.
Toplanan qan Respublika Qan Bankının Klinik
Diaqnostik Laboratoriyasında analiz edildikdən sonra talassemiya, hemofiliya və
digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərin müalicəsində istifadə ediləcək.
Layihə çərçivəsində ötən illər ərzində “Azərsun” əməkdaşları tərəfindən
ümumilikdə 1000 litrdən artıq qan təhvil verilib ki, bu da yüzlərlə insanın həyatının
xilas edilməsinə töhfə olub.