- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) Kibertəhlükəsizliyin idarə edilməsi sektorunun əməkdaşı Əli Qəniyev açıq mənbə resursları bazasında yaradılmış MİSP (Malware Information Sharing Platform) platformasının yeni versiyasında təhlükəsizlik boşluğu müəyyən edib.
Manset.az xəbər verir ki, aşkarlanmış çatışmazlıq barədə operativ şəkildə
aidiyyəti üzrə platformaya müraciət edilib. Təqdim edilən texniki tapıntı
resurs sahibi tərəfindən yüksək qiymətləndirilib və qısa müddətdə müvafiq təhlükəsizlik
yenilənməsi həyata keçirilərək boşluq aradan qaldırılıb.
ETX əməkdaşının aşkarladığı təhlükəsizlik
boşluğu və onun aradan qaldırılması ilə bağlı məlumatlar artıq bir sıra beynəlxalq
resurslarda işıqlandırılıb və bu fakt azərbaycanlı kibertəhlükəsizlik mütəxəssislərinin
qlobal kibertəhlükəsizlik ekosistemində peşəkar bacarıqlarının göstəricisi kimi
dəyərləndirilib.
Qeyd edək ki, MISP kibertəhlükələrə dair məlumatların
paylaşılması, saxlanılması və təhlili üçün beynəlxalq səviyyədə geniş istifadə
olunan açıq mənbəli platformadır. Sistemdən müxtəlif ölkələrin dövlət
qurumları, CERT komandaları və kibertəhlükəsizlik üzrə mütəxəssislər istifadə
edirlər.