Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:
- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin yanğın su hovuzu nasaz vəziyyətdədir;
- obyekt daxili yanğın kranları ilə təmin olunmayıb;
- obyekt ilkin yanğınsöndürmə vasitələri, eləcə də odsöndürən balonlarla tam təmin edilməyib,
- obyektdə mallar arasında yanğına qarşı ara məsafələri gözlənilməyib;
- obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb;
- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;
- işçilər yanğın təhlükəsizliyi ilə bağlı təlimatlandırılmayıb, müvafiq jurnal tərtib olunmayıb;
- obyektin daşınmaz əmlakının icbari sığorta şəhadətnaməsi təqdim olunmayıb;
- obyektin tikinti və layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş, Bakı şəhəri, Qaradağ rayonu, Bakı-Salyan şossesinin 29-cu kilometrliyində yerləşən anbarın fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.