Ulm Universitetinin alimləri müəyyən ediblər ki, uzunmüddətli kədər yalnız emosional vəziyyətə deyil, həm də ürək-damar sisteminin stressdən sonra bərpa olunma qabiliyyətinə fiziki təsir göstərir.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, yaxın insanın itkisi ən güclü həyat travmalarından biri hesab olunur. Psixoloji təsirlərlə yanaşı, kədər vəziyyəti orqanizmdə stress hormonlarının artması, yuxu pozuntuları və ürək-damar xəstəlikləri riskinin yüksəlməsi kimi fizioloji dəyişikliklər yaradır. Yeni araşdırma göstərib ki, mərhumla bağlı xatirələr belə qan təzyiqini real şəkildə yüksəldə bilər.
Aparılan tədqiqata 50–70 yaş arası 67 nəfər qatılıb. Onlar valideyn, həyat yoldaşı, bacı-qardaş və ya övlad itkisini 6–24 ay əvvəl yaşamışdılar. İlk mərhələdə iştirakçılar sakit vəziyyətdə istirahət ediblər, daha sonra onlardan itkini xatırlamaları və xüsusilə tənha olduqları anı təsəvvür etmələri istənilib.
Nəticələr göstərib ki, bu xatirələr bütün iştirakçılarda həm sistolik, həm də diastolik təzyiqin artmasına səbəb olub. Lakin ən diqqətçəkən nəticə uzunmüddətli yas yaşayan insanlarda qeydə alınıb.
Bu qrupda ilkin qan təzyiqi daha yüksək olub və stressdən sonra orqanizmin normaya qayıtması xeyli yavaşlayıb. Əksər iştirakçılarda təzyiq 10 dəqiqə ərzində azalmağa başlasa da, uzunmüddətli yas yaşayanlarda yüksək səviyyədə qalmağa davam edib.
Müəlliflərin fikrincə, bu gecikmiş bərpa prosesi mühüm bioloji siqnal ola bilər. Stress reaksiyasının tez "söndürülə” bilməməsi ürək və damar sisteminə əlavə yük yaradır və uzunmüddətli hipertoniyanın, eləcə də digər ürək-damar xəstəliklərinin riskini artıra bilər.