Suraxanı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın üzvləri “Ümid Yeri” uşaq sığınacağını ziyarət ediblər.
Manset.az xəbər verir ki, görüşdə “Ümid Yeri” İctimai Birliyinin sədri və sığınacağın rəhbəri Nigar Mənsimova, sığınacağın psixoloqu Rabia Aslan və digər əməkdaşlar iştirak ediblər.
Ziyarət zamanı uşaqların hüquqlarının müdafiəsi, onların rifahının təmin olunması, mövcud vəziyyət və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, “Ümid Yeri” İctimai Birliyinin fəaliyyəti, sığınacaqda həyata keçirilən işlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Komissiya üzvləri sığınacaqda yaradılan şəraitlə yaxından tanış olub, uşaqların təhlükəsiz və qayğıkeş mühitdə böyüməsinin vacibliyini vurğulayıblar.
Görüşdə uşaqların hüquqlarının daha effektiv müdafiəsi, onların sosial rifahının yüksəldilməsi istiqamətində birgə fəaliyyətin və qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti qeyd edilib.