Bakıda Beynəlxalq Türk Dövlətləri Universitetinin fəaliyyəti, türk dövlətləri arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi və birgə akademik layihələrin inkişafına həsr olunan mətbuat konfransı keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə Beynəlxalq Türk Dövlətləri Universitetinin rektoru Bahadır Turayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və media təmsilçiləri iştirak ediblər.
Mətbuat konfransında çıxış edən Bahadır Turayev bildirib ki, universitetin əsas missiyası türk dövlətlərinin ali təhsil potensialını vahid akademik platformada birləşdirmək, ortaq təhsil proqramlarını genişləndirmək və elmi-tədqiqat sahəsində əməkdaşlığı gücləndirməkdir. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycan universitetləri ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Rektor qeyd edib ki, ötən il universitetin elan etdiyi 50 dövlət təqaüdü üçün 600-dən çox müraciət qeydə alınıb. Özbəkistan hökuməti tərəfindən maliyyələşdirilən təqaüdlərin hamısı müxtəlif xarici ölkələrdən olan tələbələrə təqdim edilib. Bu il də eyni sayda təqaüdün ayrılması nəzərdə tutulur.
Bahadır Turayev vurğulayıb ki, gələcək mərhələdə türk dövlətlərinin hökumətlərinin də bu təşəbbüsə qoşularaq öz vətəndaşları üçün təqaüd proqramları ayırması məqsədəuyğun hesab edilir. Eyni zamanda, təqaüdlərin akademik nailiyyətlər və elmi göstəricilər əsasında verilməsi mexanizminin tətbiqi planlaşdırılır.
Konfrans zamanı universitetin Azərbaycan ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivləri də geniş müzakirə olunub. Bildirilib ki, Beynəlxalq Türk Dövlətləri Universiteti ilə Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Bakı Ali Neft Məktəbi arasında ortaq təhsil proqramlarının yaradılması istiqamətində razılaşmalar əldə olunub. Bu əməkdaşlığın tələbə və müəllim mübadiləsinin genişlənməsinə, ikili diplom proqramlarının inkişafına və birgə elmi layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyi qeyd edilib.
Rektor xatırladıb ki, Beynəlxalq Türk Dövlətləri Universiteti 2025-ci ilin yanvarında Özbəkistan Prezidentinin qərarı ilə təsis edilib. Hazırda universitetdə tibb, elektrik mühəndisliyi, qida texnologiyaları və digər istiqamətlər üzrə türk dövlətlərinin aparıcı ali məktəbləri ilə ortaq proqramlar həyata keçirilir.
Bahadır Turayev universitet diplomlarının türk dövlətlərində və beynəlxalq səviyyədə tanındığını da diqqətə çatdırıb. O bildirib ki, Özbəkistanda ali təhsil sahəsində həyata keçirilən islahatlar universitetlərin beynəlxalq rəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artırıb. Qarşıya qoyulan əsas hədəflərdən biri isə yaxın illərdə ölkənin ən azı beş ali təhsil müəssisəsinin dünyanın ilk 500 universiteti sırasında yer almasına nail olmaqdır.
Mətbuat konfransında çıxış edənlər türk dövlətləri arasında ali təhsil sahəsində inteqrasiyanın dərinləşdirilməsinin, ortaq elmi məkanın formalaşdırılmasının və gənclərin keyfiyyətli təhsil imkanlarının genişləndirilməsinin Türk dünyasının gələcək inkişafı baxımından strateji əhəmiyyət daşıdığını vurğulayıblar.