Yəməndə husilər müvəqqəti paytaxt Ədənin 80 kilometrliyinə qədər irəliləyərək 2015-ci ildən bəri cənub istiqamətində ən genişmiqyaslı hərbi əməliyyatlardan birini həyata keçiriblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının neft obyektlərini, hava limanlarını və hərbi bazalarını raketlərlə hədəfə alan qruplaşma Qırmızı dənizdə ABŞ hərbi gəmilərinə qarşı da hücumlar təşkil edir. Terrorçu təşkilat hazırda Yəməndəki müharibə ilə yanaşı, qlobal enerji təchizatına və dəniz ticarətinə də təsir göstərmək imkanına malik regional hərbi qüvvəyə çevrilib.
Beynəlxalq xəbər agentliklərinə danışan dörd hərbi mənbənin məlumatına görə, husilərin silahlı qüvvələri Taiz və Ədən arasındakı strateji yol üzərində yerləşən Əl-Məqatirə rayonunu ələ keçirərək Tur əl-Baha istiqamətində irəliləyiblər. Toqquşmalar Ədənə gedən əsas avtomobil yollarından birinin yaxınlığındakı hərbi düşərgədə şiddətlənib.
Husilərin sentyabr ayında Qırmızı dəniz sahillərində başlatdığı hərbi əməliyyatlar oktyabrda Taiz şəhərinin mühasirəyə alınması və Ədənə raket hücumlarının həyata keçirilməsi ilə genişlənib.
Yəmənin beynəlxalq səviyyədə tanınan hökuməti isə Səudiyyə Ərəbistanının havadan dəstəyi ilə əks-hücum əməliyyatları həyata keçirir.