- XXI əsrin birinci onilliyində dünyada gedən tendensiyalar fonunda televiziya və radio nəzəriyyəçiləri ilk dəfə olaraq inqilabi dəyişikliklərə hazır olmağın anonsunu verdilər.
Bu
anonslarda daha çox narahatlıqlar görünürdü.
Onda isə
kütləvi auditoriyası və əlçatan təbiəti ilə müasir həyatın tanış bir hissəsinə
çevrilən radio, nəinki 21-ci əsrdə onun gələcəyinin perspektivsizliyini iddia
edən skeptiklərin dediyi kimi, yerini
kompüter və şəbəkə texnologiyalarına verərək məğlub vəziyyətdə bazarı tərk
etdi, əksinə, onların bu dəfə də açıq şəkildə yanıldıqlarını göstərərək, özünü yeni
layihələrin etibarlı kontetlərindən biri kimi ortaya qoydu. O spektiklər növbəti
dəfə sürətli texnoloji irəliləyişlərin ictimai kommunikasiyanın əsas
kanallarından biri olduğunu, radio yayımının kütləvi cəlbediciliyini və hər
yerdə mövcudluğunun fakta çevrildiyini qəbul etmək zorunda qaldılar. Bugünkü
çoxtərəfli informasiyanın qarşılıqlı əlaqəsi sistemində radio yayımı
populyarlığını qorumaqla yanaşı, həm də yeni metodlar (məlumat-əyləncə,
interaktivlik) və fəaliyyət formaları (yayım formatları) əldə etdi. İnternet
sayəsində radio, yayımının əhatə dairəsini genişləndirmək, dinləyicilərin
populyarlığını daha da artırmaq və təşkilati, struktur və peşəkar-yaradıcı
potensialını reallaşdırmaq gücündə olduğunu təsdiqlədi. Hələlik əldə edilən nəticə
onu göstərir ki, kütləvi kommunikasiya bu gün ən geniş şəkildə radio yayımı ilə
təmsil olunur və bu, peyk rabitəsinin və internetin inkişafından yeni təkan
alaraq demək olar ki, hər yerdə yayıla bilib.
Bütün bunlar 1926-cı il noyabrın 6-da, Azərbaycan Radiosunun “Diqqət, danışır Bakı” sözləri ilə yayımlanması fonunda növbəti dəfə regionda “ilk”ə imza atmasından qərinələr keçəndən sonra ortaya çıxan gerçəkliklər fonunda üzbəüz qaldığımız reallığa dönəcək. İrəli getmədən, o məsələni qeyd edək ki, həmin tarix nəinki Azərbaycanda, habelə Yaxın Şərqdə ilk radio yayımı günü kimi mədəniyyət salnaməmizə yazıldı. Sovet Azərbaycanının paytaxt küçə və meydanlarında quraşdırılan reproduktorlardan yayılan o səs ancaq ingilis fiziki Uilyam Kruksun 54 il əvvəl elektromaqnit dalğalarından istifadə edərək yaratdığı simsiz teleqraf rabitəsinin praktik təcrübələrinin neft Bakısında tətbiqi hadisəsi deyildi. Bu, unudulmaz azərbaycanlı maarifpərvər, milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin görmək istədiyi mətbuatın irəliyə doğru atdığı möhtəşəm addımı idi.
Fəaliyyətə başladığı ilk vaxtlardanca insanların “sehrli qutu” adlandırdığı Radio ancaq əsas informasiya mənbəyi olmadı, o, maarifçilyin tribunasına çevrildi. Radio öz dinləyiciləri arasında nitq mədəniyyətini formalaşdıran, ayaq aça bildiyi bütün coğrafiyada Azərbaycan ədəbi dilin yayılmasını təşviq edən müəllimə çevrildi. Savadsızlığın-oxumaq-yazmaq bilməyən və yaxud bunları öyrənməkdə çətinlik çəkən insanların böyük əksəriyyət təşkil etdiyi mühitdə bunun nə qədər vacib amil oduğunu söyləmək belə, artıqdır. Bu, həm də, sosial ünsiyyətin ilkin kərpicləri idi və cəmiyyətdə o kərpiclərin qoyulmasında radionun təsəvvürolunmaz xidmətləri əvəzolunmaz idi. Bir sözlə, radio həmin dövrlərdə və ondansonrakı mərhələdə ən vacib sosial-siyasi, iqtisadi və mənəvi problemləri ortaya qoymaq, işıqlandırmaq və aradan qaldırmaq prosesində bütün sosial qurumların və sistemlərin nümayəndələri – jurnalistlərlə vətəndaşlar, həmçinin müxtəlif elm-sənət adamlarının birgə yaradıcılıq emalatxanasına çevrildi. Bu, həmçinin o vaxtlarda, Azərbaycan jurnalistikasının elə də böyük olmayan tarixinə yenilikərin daxil olduğu məqamlar idi və həmin məqamlarda baş verənlər fərdin doğumu ilə başlayan sosial mühitdə fəaliyyət prosesinin parçasına beləcə çevrildi. Sosial mühit fərdin inkişafı üçün zəruri olan sosiallaşma komponentlərini yaradırdı ki, bu da ailə, təhsil, hüquq, media, siyasət və din institutları tərəfindən dəstəklənən, son nəticəsi dramaturgiyamızın parlaq imzalarından birinə çevrilən Cəfər Cabbarlının dediyi kimi, “insanların şüurunda inqilab yaradan” başlıca sosial hadisələrdən biri oldu.
Bunları
haqlı olaraq onun meydana çıxdığı vaxtdan 30 il sonra – 1956-cı il fevralın
14-də fəaliyyətə başlayan Azərbaycan Televiziyasına gedən yolun başlanğıcı kimi
də qəbul edənlər var və fikrimizcə, bu qənaətdə olanlar tamamilə haqlıdırlar.
Bunlardan əlavə, televiziya və radio jurnalistikamızda, həmçinin ictimai həyatımızda
başlıca informasiya təminatçısına çevrilməklə maarifləndirici, əyləndirici
funksiyasında əsas ağırlığı öz üzərinə götürdü, sosial və siyasi proseslərə təsir
göstərməkdə alternativsizliyini ortaya qoydu. Təsadüfi deyil ki, kommunikativ və
təşkilati funksiyada dialoq platforması kimi çıxış edən bu tandem vaxtaşırı
televiziya və radio mütəxəssislərinin nəzəri mülahizələrinin əsas subyektinə
çevrildi. Gözlənilən faktorlar isə ona işarədir ki, həmin tendensiya
qarşısıalınmaz proses olaraq qalmaqda davam edəcək.
Dəyərli həmkarlarımızı 22 İyul Milli Mətbuat günü -
peşə bayramı münasibəti ilə təbrik edərək xatırlatmağı zəruri sayırıq ki, hər
bir prosesin korreksiyasını şərtləndirən faktorlar zamanın diqtəsi ilə yazılır.
Əbədi
görünən faktorlar müasir çağırışların bəzən kəsişdiyi, bəzənsə paralel getdiyi
günümüzdə televiziya və internet məzmununun konvergensiyasında bu, aydın
görünür. Hər bir televiziyanın siması hesab edilən aparıcılarının öz sosial
media kanallarını yaratmağa, bloqçuların televiziyada görünməyə can atdığı məqamları
telekanalların niyə bloqçulara ehtiyacı olduğunu, onların məzmununun televiziya
məzmunundan necə fərqləndiyini, proqramların hansı formatda təşkili barədə
debatların getdiyi vaxtlarda inkarolunmaz gerçəklik fakta çevrilir: televiziya
nəzəriyyəçilərinin reallığa çevrilən gerçəklik qarşısında “uduzduğu” mütləq
kimi görünür. Yaranan mənzərə televiziya və internet auditoriyası arasındakı
“antaqonizmin”- televiziya tamaşaçılarının xətti yayım və ənənəvi proqram
formatlarına öyrəşmiş yaşlı insanlarla məzmunu əsasən onlayn istehlak edilən,
özləri üçün əlverişli vaxtda izləmək və yaradıcılarla qarşılıqlı əlaqədə olmaq
imkanındakı gənc tamaşaçıların praktik situasiyanın tablosudur. Bu tabloda
“klassiklərlə” “sürrealistlər” arasında “axan yeraltı suların” hansısa fəsadlar
yaratmadan axması nikbinlik üçün əsaslar verir. Televiziya kanalları ənənəvi
televiziya məzmunu istehlak modelinin dəyişdiyini və auditoriyanı cəlb etmək
üçün yeni formatları nəzərdən keçirməli olduqlarını qəbul etməkdən savayı,
“yenilənmənin” qaçılmaz olduğunu etiraf etməklə praktik addımlar atırlar.
Nəticədə qloballaşmanın ən dərin təzahürü KİV şəbəkələri
kontekstində fərdlər və bütövlükdə dünya, xalqlar və ölkələr arasında sıx
münasibətlərin formalaşmasıdır. İnternet resurslarının sürətlə həyatımıza daxil
olmasına baxmayaraq, müasir televiziya zəmanəmizin ən qabaqcıl kütləvi
informasiya-mədəniyyət vasitəsinə çevrilmiş və bu istiqamətdə işini davam
etdirir. Müasir televiziya mediası hələ də zəngin, çoxşaxəli və çoxölçülü
kompleksi olmaqla kütləvi kommunikasiya vasitəsi və dəyər daşıyıcılarının ən
mühüm komponenti hesab olunur. O, nəinki bütün zamanların cəmiyyətlərlərində ən
etibarlı informasiya daşıyıcısı, həmçinin sosial durumun barometri kimi qəbul
edilir.
Bu
yazıda müasir mühitdə TV-nin nə dərəcədə aktual olduğunu araşdırmamıza
başlamazdan əvvəl onu xatırladaq ki, sürətlə dəyişən media mənzərəsində Azərbaycan
telekanalları rəqəmsal mühitə assimilyasiya prosesi hiss olunmayacaq qədər üzvi
şəkildə baş verdi. Günümüzdə televiziyanın texniki və funksional təkamülünü izləməklə
sosial şəbəkələrdə televiziya mediasının yaranmasına nəyin səbəb olduğunu və
inkişaf tendensiyalarını proqnozlaşdıra bilmək, televiziyalar arasında oxşarlıq
və əsas fərqləri müəyyənləşdirərək nəticələri perspektiv fəaliyyətimizdə tətbiq
etmək, mövcud yerli və xarici analoji seqmentlərdə monitorinqlərin aparılmasını
metodiki olaraq həyata keçirmək qaçılmazdır.
Sosial təfəkkürdə televiziya istehsalının böyük əksəriyyətində
məzmunun aşağı səviyyədə olmasından narahatlıq ifadə olunur, digərləri isə
televiziyanın sosial şəbəkə mediasından geridə qalması riski barədə fikirləşirlər.
Nəticədə neçə illərdir qaçılmaz yeniliklərlə “əbədi funksionallıq qaynağı” olan
klassiklər arasında müasir televiziyanı inkişaf tendensiyaları ətrafındakı “Nə
etməli?” sualı aktual olaraq qalır. Həm kütləvi kommunikasiya tədqiqatçıları, həm
də müasir televiziya kanallarında çalışan praktiklər arasında mübahisə və
müzakirələrə səbəb olan bu sualın hər iki tərəfdən eşidilən cavabları nə qədər
arqumentli səslənsə də, yaranmış situasiyada dominantlıq ab-hava yaratmaqdan
uzaq görünür.
Müasir
telekanalların proqramlaşdırılması prinsiplərinin dəyişdirilməsi, dominant
yayım şəbəkəsinin strukturlaşdırılması üçün reytinq yanaşması siyasətində media
bazarına əsaslı təsir edən tendensiyaların dəyişməsi qaçılmazdır. O dəyişilkliklərdən
yayınmaq intuitiv olaraq ortaya çıxan gerçəklik effektini saxlayır və bunun
bariz ifadəsinin necə baş verdiyini yetmiş və yüz yaşını qeyd edəcək Azərbaycan
Televiziyası və Radiosunun nümunəsində müşahidə edilir.
“Böyük dövlət xadimlərinin fəaliyyət izi hər bir
xalqın həyatının bütün sahələrində özünü göstərir”- deyimini xatırlatmaqla onu
qeyd etmək yerinə düşər ki, Ana Televiziyamızın inkişafında yaddaqalan hadisələr
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmə
düşür. O vaxtkı Azərbaycanının ictimai-siyasi və mədəni həyatında yeni texniki
vasitə olaraq daxil olan Azərbaycan Televiziyası təkcə xalqımızn keçmiş şərəfli
tarixinin ən parlaq səhifələrinin təbliği ilə məşğul olmur, həm də milli- mənəvi
dəyərlərimizin, yetişən gəncliyin şüurunda özünə yuva qurmasında başlıca
missiyanı yerinə yetirirdi.
Azərbaycan Televiziya və Radiosu keçdiyi yolda
qazanılan zəngin təcrübəsi ilə yaratdığı, milli dəyərlər, dövlətçilik təfəkkürü
əsasında yaradılmış məktəbə çevrilib və bu gün də ölkənin televiziya məkanında
aparıcı rolunu saxlamaqdadır. İstər özünün maddi-texniki bazasının zənginliyi,
istərsə də uzun illərdən bəri formalaşan ən yaxşı ənənələr əsasında yetişən peşəkar
yaradıcı heyəti ilə AZTV rəngarəng mövzuları, təqdimat formaları ilə seçilən,
teleməkanda öz auditoriyasını qazanan, gizlətmədiyi iddiaları ilə inkişaf
yolunda yeni addımlar atan, gündən-günə mövqelərini möhkəmləndirməkdə olan
quruma çevrilməkdədir. Ölkəmizin Prezidenti cənab İlham Əliyevin hamiliyi ilə
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin bazasında 2009-cu il
fevral ayının 1-də yaradılan “İdman”, 2011-ci il fevral ayının 14-də təsis
olunan “Mədəniyyət” telekanallarının fəaliyyətinin, xüsusilə, Azərbaycan
Televiziyasında zamanın tələblərinə uyğun olaraq aparılan islahatların nəticəsidir
ki, onun efirində təqdim edilən, müxtəlif formatlarda və aktual mövzularda
hazırlanan proqramlar nəinki tamaşaçıların maraqla qarşıladıqları, həmçinin
etimad göstərdiyi verilişlərə çevrilib. Bu sırada İctimai-siyasi proqramlar
Studiyasının hazırladığı, ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda baş verən
aktual ictimai-siyasi hadisələrin təhlil olunduğu “Həftə”, ölkədə baş verən
diqqətçəkən məsələlər üzərində qurulan və aparıcıların qonaqlarla birlikdə baş
verən hadisəni canlı olaraq müzakirə olunduğu “Hədəf”, “Sözümüz İmzamızdır”,
“Tarixin oyunu”, Telesəhər”, “Meqalayihə-Azərbaycan”, “Bərəkətli olsun”, “Kökümüz”,
“Səssiz səslər”, “Sərvətimiz...” və digərləri ancaq informativ deyil, həm də
maarifçilik yükü olan proqramlardandır. Hər gün 11 dəfə–08:00, 09:00, 10:00,
12:00, 14:00, 16:00, 16:30 (iqtisadiyyat), 18:00, 19:00 (region), 20:00,
00:00-da efirə çıxan “AZTV XƏBƏR” proqramının ancaq ölkə daxilində deyil, həmçinin
ölkə xaricində də stabil auditoriyası olması informasiyanın operativ və peşəkarlıqla
çatdırılması ilə izah oluna bilər.
Göründüyü kimi, Azərbaycan Televiziyasının şəxsində
biz teleməkanımızda müsbət dinamikanı yaşayır və bu istiqamətdə zamanın müasir
çağırışlarına qoşulma prosesini müşahidə edirik. Bu kontekstdən 2026-cı ilin
fevral ayında Prezident cənab İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal
inkişaf strategiyasına həsr olunmuş müşavirənin nəticəsi olaraq rəqəmsal
inkişaf üzrə Fəaliyyət Planının təsdiqlənməsini, Azərbaycanın Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan
Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılmasını bu yönümdə dövlət
siyasətinin praktik gələcəyinə hesablanır. Şuranın ilk iclasında qarşıdakı üç
il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya
ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsinin müəyyən olunduğunu
bildirən Birinci vitse-prezident bəyan etdi: “Süni intellekt artıq gələcəyin
deyil, bu günün əsas inkişaf amilidir”.
Media diskursunun diqqətəlayiq mövzularından birinə
çevrilmiş konvergensiya indi müxtəlif kontekstlərdə-sənaye hadisəsi kimi, təşkilati
və idarəetmə qərarlarının məcmusu kimi, jurnalist fəaliyyətinin yeni xüsusiyyəti,
yeni medianın yaranması üçün ilkin şərt kimi nəzərdən keçirilir. Əlbəttə,
bunlar müsbət amillərdir ancaq o halda ki, insan faktorunun dünyanı bürüyən
“süni intellekt dövründə” belə ikinci plana keçəcəyi ilə bağlı yanlış təsəvvürlərin
illüziyasında qalmayaq. Bu gün müşahidə edilən ən böyük yanlış təsəvvür ondan
ibarətdir ki, guya Sİ sadəcə yeni bir texnologiyadır. Əslində isə o, mətbəənin
XV əsrdə, radionun XX əsrin əvvəllərində və internetin XX əsrin sonlarında
yaratdığı qədər böyük bir kommunikasiya inqilabıdır. Bu səbəbdən onun mətbuata
və xüsusilə televiziyaya təsiri təkcə texniki deyil, həm də fəlsəfi, etik,
iqtisadi və mədəni olacağı şübhəsizdir.
Son yüz ildə televiziya əsasən xəbərin çatdırılması
funksiyasını yerinə yetirib, günümüzdə isə xəbər artıq saniyələr ərzində sosial
şəbəkələrdə yayılır. Sabah onu süni intellektin yazacağı şübhəsizdir. Belə olan
halda televiziya niyə lazımdır?
Onu da əminliklə deyək ki, gələcəyin televiziyası xəbəri
yox, xəbərin mənasını izah edəcək. Məsələn, əvvəl televiziya deyirdi:
"Filan ölkədə fian hadisə baş verdi"
Gələcəyin televiziyası isə deyəcək: bunun geosiyasi
nəticəsi nə olacaq, iqtisadiyyata təsiri nədir, region üçün hansı riskləri
yaradır, tarixi analoqları hansılardır? Bu isə o deməkdir ki, faktdan çox
interpretasiya ön plana çıxacaq və ona görə bizə elə gəlir ki, XXI əsrin ikinci
yarısının ən böyük media problemi
Sİ-nin televiziya dilini necə dəyişməsi, aparıcının
psixoloji rolunun necə transformasiya olunması, etimadın hansı yeni mexanizmlərlə
qurulacağı, süni intellektin jurnalistikanın etik sərhədlərini necə dəyişdirəcəyi,
milli televiziyaların qlobal alqoritmlər dövründə öz kimliyini necə qoruya biləcəyidir.
Ortaya çıxan "Süni intellekt insanı əvəz edəcəkmi?"- sualı isə “Süni
intellekt insanı deyil, insanın mexanik fəaliyyətini əvəz edəcək, amma o,
insanı daha yaradıcı, daha məsuliyyətli və daha etik olmağa məcbur edəcək. Əgər
jurnalistin üstünlüyü yalnız xəbəri oxumaqdırsa, onu alqoritm əvəz edə bilər,
yox, əgər onun üstünlüyü həqiqəti anlamaq, kontekst qurmaq, mürəkkəb hadisələrə
mənəvi və mədəni məna verməkdirsə, onda onun rolu daha da artacaq. Mütəxəssislərin
barəsində polemikaya girdikləri digər məsələ- “Gələcəyin ən böyük media
kapitalı nə olacaq?” barədə isə tərəddüdsüz belə demək olar: O, nə texnologiya,
nə də sürət yox, etibar və mənalandırma qabiliyyəti olacaq. İnsanlar
informasiyadan yorulacaqlar, amma doğru izahı, dürüst analizi və vicdanlı sözü
həmişə axtaracaqlar. Şübhəsiz ki, televiziya məhz bu keyfiyyətləri qoruyub
inkişaf etdirə bilsə, süni intellekt dövründə də cəmiyyət üçün əvəzolunmaz
institut olaraq qalacaq. Gələcəyin ən böyük jurnalisti nə ən sürətli adam, nə məşhur
aparıcı, nə gözəl nitq sahibi yox, etibarlı insan olacaq. Fikrimizi əsaslandırmaq
üçün xatırladaq ki, əgər McLuhan televiziyanı "soyuq media"
adlandırırdısa, gələcəyin televiziyasını "empatik media" adlandıran
insanların sayı az deyil. Bu qənaətin mənbəyi isə budur: çünki süni intellekt mətn
yaza, səs yarada, video hazırlaya bilsə də, insanın yaşadığı hissi yaşaya
bilmir. Empatiya hələ də insanın üstünlüyü olaraq qalmaqdadır. Deməli, gələcəyin
televiziya aparıcısı əslində, emosional etibarın memarı olacaq. Onu isə hər
birimiz unutmamalıyıq ki, televiziyaya münasibət bildirən mütəxəssislər bu
mövzuya yalnız media tədqiqatçısı kimi yox, mədəniyyət tədqiqatçısı kimi
görünürlər. Bu, çox vacib fərqdir, çünki televiziya sadəcə texnologiya deyil,
xalqın kollektiv yaddaşı, danışıq tərzi, onun estetik zövqü, etikası, gündəlik
həyat fəlsəfəsidir. Əgər televiziya dəyişirsə, əslində cəmiyyətin özünü
danışdırma üsulu dəyişir. Süni intellektin idarə olunması və inkişafı ilə bağlı
çoxları belə sual verir: "İnsan nəyi itirəcək?", lakin "İnsan nəyi daha çox qorumalı
olacaq?" sualı daha aktual görünür. Biz o sualın cavabını belə görürük: həqiqəti,
vicdanı, mərhəməti, məsuliyyəti, mədəni yaddaşı, ana dilinin incəliklərini,
canlı ünsiyyətin istiliyini qoruaq onun başlıca qayğısına evriləcək”.
Texnologiya nə qədər inkişaf etsə də, bunlar yalnız
texniki bacarıqlar deyil, insani keyfiyyətlərdir. Onları qorumaq isə
jurnalistikanın, televiziyanın və ümumilikdə mədəniyyətin əsas missiyası olaraq
qalacaq. Bir sözlə, texnologiya medianın formasını dəyişə bilər, amma onun mənəvi
missiyasını yalnız insan müəyyən edir."
Prezident cənab İlham Əliyevin iştirak etdiyi və
dünyanın aparıcı nəşrlərində geniş işıqlandırılan IV Şuşa Qlobal Media
Forumunun proqramına və müzakirələrinə baxanda görünür ki, onun mərkəzi mövzusu
süni intellekt, dezinformasiya, etimadın bərpası, rəqəmsal platformaların təhlükəsizliyi
və strateji kommunikasiyadır. Forumun mahiyytini özündə ehtiva edən mövzusu
buna görə təsadüfi seçilməmişdi: "Sülhün təşviqində medianın missiyası: Həqiqətin
bərpası və etimadın yenidən qurulması". Buna görə idi ki, Forumun
mövzularında "etimad" sözü çox işlənirdi. Bu, təsadüfi deyil, çünki gələcəyin
problemi informasiya qıtlığı yox, etibar qıtlığıdır. Bu baxımdan Forumun əsas
mesajı belə səslənir: Media gələcəkdə diqqət uğrunda yox, etibar uğrunda rəqabət
aparacaq. Bu, çox ciddi münasibət dəyişikliyi kimi görünür, amma daha çox
televiziyanın antropoloji böhranıdır. Bəlkə də bu ifadə bir qədər qəribə səslənsə,
də etiraf edək ki, əlli il ərzində televiziya insanın gözünə, qulağına,
emosiyasına xitab edirdi. Süni intellekt isə insanın düşünmə prosesinə daxil
olur. Bu, tamamilə başqa mərhələdir. Artıq söhbət kommunikasiyadan yox,
koqnitiv əməkdaşlıqdan gedir.
O əməkaşlığın konturlarına diqqət yetirəndə istər-istəməz
"Sİ-dən istifadə etməklə Azərbaycan televiziyasının milli üslubunu necə
qoruyaq?"- sualı ilə baş-başa qalırıq. Əlbəttə, alqoritm Azərbaycan dilində
çox gözəl danışa bilər, amma Sİ Azərbaycan düşüncə tərzini, Azərbaycan
yumorunun incə çalarlarını, kənd məclisinin nəfəsini, muğamın sükutunu, Mirzə Fətəlinin
fəlsəfəsindəki narahatlıqların dərdə çevrilməsini, Hüseyn Cavid romantizinin
can atdığı mənzili, Cəlil Məmmədquluzadənin ironiyasını, Üzeyir Hacıbəyov
jurnalistikasındakı sarkazmı və Millətin inkişafı üçün ən vacib digər
komponentləri ortaya qoymaq üçün mütləq həmin Millətlə üzvi bağlı olmaq
lazımdır. Bu, daxili tələbatdırsa, insan faktorunun yeri minillər olduğu kimi
aktuallığını saxlayacaq. Onun üçün də yazımızı fransalı filosof və paleontoloq
Pierre Teilhard de Chardinin fikirləri ilə bitirmək istədik: “Texnologiya
insanı böyütmür. O, yalnız insanın daxilində olanı daha da görünən edir. Əgər cəmiyyət
vicdanlıdırsa, texnologiya bunu gücləndirəcək, etibarı itiribsə, texnologiya həmin
böhranı daha da dərinləşdirəcək”.
Elməddin
QULİYEV,
“Azərbaycan
Televiziya və Radio Verilişləri” QSC-nin şöbə rəisi