Qidalı səhər yeməyi yalnız nahara qədər toxluq hissi yaratmır, həm də uzunmüddətli perspektivdə sağlamlığın möhkəmlənməsinə kömək edə bilər. Mütəxəssislər tərkibində iltihabəleyhinə xüsusiyyətlərə malik faydalı məhsullar olan sadə səhər yeməyi variantını açıqlayıblar.
Manset.az Qaynarinfo-ya istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, xroniki iltihabla mübarizədə ən çox tövsiyə olunan səhər yeməyi tam taxıllı çörək üzərində avokadolu tost, pomidor və yumurtadan ibarətdir.
Dietoloq Tobi Amidor bildirib ki, bu səhər yeməyi "tam taxıllı məhsullar, zülal, faydalı yağlar və tərəvəzləri özündə birləşdirən balanslaşdırılmış yeməkdir. Bu inqrediyentlərin hər biri iltihabın azalmasına kömək edir".
Amidorun sözlərinə görə, tərkibində doymamış yağlar olan avokadonun iltihabı azaltmağa kömək etdiyi sübut olunub.
Diyetoloq Loren Manaker isə qeyd edib ki, pomidor orqanizmi C vitamini, kalium və likopen kimi antioksidantlarla zənginləşdirir. C vitamini zərərli sərbəst radikalları neytrallaşdıraraq və iltihaba səbəb ola bilən oksidləşdirici stressi azaldaraq iltihab proseslərinin zəifləməsinə kömək edə bilər.
Amidorun sözlərinə görə, yumurtanın tərkibində olan lutein və zeaksantin kimi fitonutrientlər də iltihabı azaltmağa kömək edə bilən digər antioksidantlardır.