Paytaxt küçələrində yaranan nəqliyyat sıxlığının əsas səbəblərindən biri maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrindən sonra avtomobillərin uzun müddət yolun hərəkət hissəsində saxlanılmasıdır. Halbuki qüvvədə olan qanunvericilik müəyyən hallarda sürücülərə nəqliyyat vasitələrini yolun kənarına çəkməyə və hadisə yerini tərk etməyə imkan verir. Mövzunun aktuallığını son günlər qeydə alınan iki yol-nəqliyyat hadisəsi də təsdiqləyir.
Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov Manset.az-a açıqlamasında bildirib ki, bəzən sürücünün yol şəraitini düzgün qiymətləndirməməsi, sürət həddini və ara məsafəsini düzgün seçməməsi səbəbindən maşın qarşıdakı nəqliyyat vasitəsinə çırpılır:
"Maddi zərərlə nəticələnən qəza zamanı iştirakçılar nəqliyyat vasitələrini uzun müddət yolun hərəkət hissəsində saxladıqları üçün həm əsas, həm də kəsişən yollarda nəqliyyatın hərəkəti çətinləşir və süni sıxlıq yaranır. Nəticədə digər hərəkət iştirakçıları əlavə vaxt itirirlər".
Onun sözlərinə görə, başqa bir nümunədə yük avtomobilinin sürücüsünün baş vermiş qəzadan sonra nəqliyyat vasitəsini vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırmadığı müşahidə olunur:"Bu zaman arxadan gələn minik avtomobilinin sürücüsünün diqqətsizliyi ikinci yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Bəzi sürücülər maddi zərərlə nəticələnən qəzalardan sonra avtomobilləri yolun kənarına çəkəcəkləri təqdirdə sığorta ödənişləri ilə bağlı problem yaşayacaqlarını düşünürlər. Halbuki qanunvericilik bu məsələyə aydınlıq gətirir və müəyyən şərtlər daxilində sürücülərə hadisə yerini tərk etməyə icazə verir.
"Yol hərəkəti haqqında" Qanun və İnzibati Xətalar Məcəlləsi bu mövzuda sürücülərə dəqiq çıxış yolu göstərir. Ümumi nəticə bundan ibarətdir ki, maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadığı və həmin yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa zərər dəymədiyi halda sürücü hadisə yerini tərk etməsinə görə inzibati məsuliyyətə cəlb edilmir.
Ancaq sürücülər onu da bilməlidirlər ki, "Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin 1 və 3-cü bəndlərinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir. Başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Sürücülər bir məsələyə xüsusi fikir verməlidirlər. Onlar unutmamalıdırlar ki, istənilən qəza baş verdikdə ilk növbədə hadisə haqqında polisə məlumat verilməlidir".