Sentyabrın 8-də
AMEA-nın Rəyasət Heyətinin iclas zalında Azərbaycan Milli Elmlər Akademiyasının
fəxri üzvü, dünya şöhrətli görkəmli alim, Nobel mükafatı laureatı, professor
Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans
keçirilib.
Manset.az xəbər verir ki, konfransa onlayn
qoşulan professor Əziz Səncər geniş nitq ilə çıxış edib. Həmin nitqi təqdim
edirik:
“Fəaliyyətimə yüksək qiymət
verdiyi və məni “Şöhrət” ordeni ilə təltif etdiyi üçün Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident hörmətli
Mehriban xanıma minnətdarlığımı bildirirəm.
Mənə dəyər verdiyiniz
və 80 illik yubileyimi qeyd etdiyiniz üçün Sizlərə də minnətdarlığımı bildirirəm. Mənim üçün çox gözəl sözlər söylədiniz, çox
sağ olun, təşəkkür edirəm.
Bəli, mən türk elminə
xidmət etmişəm. Lakin məndən soruşsanız, Qarabağı azad etmək
üçün canını verən azərbaycanlı əsgərlərimiz mənim qədər türklük üçün fədakarlıq
etmişdir. Bunu heç vaxt
unutmayın. Qarabağ həmişə mənim ağlımdadır. Qarabağın azad edilməsi mənim üçün,
Türk dünyası üçün bir dönüş nöqtəsidir.
Çünki Türkiyə
Cümhuriyyətinin 1922-ci ildə düşməni Türkiyədən təmizləməsi və 2020-ci ildə Azərbaycanın
Qarabağı işğaldan azad etməsi ilə biz Türk dünyası olaraq artıq vətənimizə
sahib olduq. Bundan sonra bizə düşən elm yaratmaq və sivilizasiya sahəsində,
sivilizasiyada qabaqcıl dövlətlər səviyyəsinə çatmaqdır. Bu baxımdan Qarabağ
müharibəsində şəhid olan, qazi olan övladlarımızı, qardaşlarımızı heç vaxt
unutmayın. Mən unutmuram. Ümid edirəm ki, heç bir azərbaycanlı qardaşım da
unutmaz. Bu, mənim həmişə ağlımdadır.
Təbii ki, bir elm
adamı olaraq mənim elm haqqında xüsusi fikirlərim var. Biz Türk dünyası olaraq
böyük insan gücünə sahibik. Çox istedadlı gənclərimiz var. Bu gənclərə imkan
verib onları elmə yönəltsək və çalışmalarını təşviq etsək, Türk dünyasının elmdə
dünyanın ən qabaqcıl səviyyəsinə çata biləcəyinə inanıram.
Biz keçmişimizlə fəxr
edirik. Özbəkistandan Azərbaycana, Türkiyəyə, Balkanlara qədər bizim böyük bir
keçmişimiz var. Lakin Türk dünyası keçmişdə elmə və insanların ortaq
sivilizasiyasına böyük töhfələr verməsinə baxmayaraq, yaxın zamanlarda bunu edə
bilməmişdir. Biz keçmişlə öyünməklə heç bir yerə çata bilmərik. Biz bu gün nə
edəcəyimizlə, nə etdiyimizlə fəxr etməliyik və buna görə elmə və texnologiyaya
ağırlıq verməliyik.
Uşaqlarımıza kiçik
yaşlardan etibarən təcrübə aparmağı və sual verməyi öyrətməli, qız və oğlan
uşaqlarımıza eyni təhsil imkanlarını təmin etməliyik. Elm adamlarına ləyaqətə əsaslanan
imkanlar və azad iş mühiti yaratmalıyıq.
Türk dövlətlərindən məqsədim Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti, Özbəkistan,
Türkiyə və Türkmənistanın universitetləri, araşdırma mərkəzləri, düşüncə
institutları və elm adamları arasındakı əməkdaşlığı gücləndirməkdən ibarətdir.
Düşüncə qurumlarımızın elmi biliklə qərarvermə prosesləri arasında güclü bir
körpü qurması Türk dünyasının gələcəyi baxımından əhəmiyyətlidir.
Bir-birimizi
tanımalı, birlikdə araşdırma aparmalı və xüsusilə gənc elm adamlarımızın ortaq
çalışmalar aparmasının, birlikdə istehsal etməsinin qarşısını açmalıyıq.
Mənim üçün ən mühüm məsələlərdən
biri Türk dünyasının inkişafı və türk gənclərinin elmdə ən yüksək sıralarda yer
almasıdır. Bunun yolu bəllidir: Elm yaradacağıq və elm yaratmaq üçün də çox
çalışacağıq.
Bakıdakı bu
toplantının Türk dünyasında elm, təhsil və texnologiya əməkdaşlığının daha da
güclənməsinə töhfə verməsini arzulayıram. Ümid edirəm ki, bütün Türk və Azərbaycan
xalqı bu toplantıdan xəbərdardır və ya dinləyirlər. Ortaq çalışmamız və ya elmi
inkişaf etdirməyimiz lazımdır.
Mən, əlbəttə, bir müəllim
olaraq saatlarla danışa bilərəm. Lakin burada sözü qısa kəsirəm. Sözümü bitirməzdən
əvvəl, bildirmək istəyirəm ki, azərbaycanlıların hamısı mənim qardaşımdır.
Azərbaycan haqqında,
Türk dünyası haqqında deyəcəyim şeylər çoxdur. İnşallah, yenidən fürsət olar,
sizləri ziyarət edərəm və üz-üzə danışar, bunları müzakirə edərik.
Kosovodan Kaşqara qədər
türk vardır. Ümid edirəm ki, bunu hamınız ağlınızda saxlayarsınız. Türk yalnız
Türkiyədə deyil, yalnız Azərbaycanda deyil, Kosovodan Kaşqara qədər uzanan
böyük bir insan topluluğudur və bu böyük topluluğun həm böyük maddi, həm də insani
gücü vardır. Onlardan istifadə etməli və dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət
apara biləcək vəziyyətə gəlməliyik.
İnşallah... 80
yaşındayam, Allah nə qədər ömür verərsə, o qədər yaşayaram, amma inşallah, həyatımda
bunun təsirini görərəm.
Sağ olun, var olun.
Tanrı Türkü qorusun.”