Azərbaycanda “T-Kredit” və “Fintrend” adlı Bank Olmayan Kredit Təşkilatlarının lisenziyası ləğv edilib.
Manset.az xəbər verir ki, bununla bağlı Mərkəz Bank məlumat yayıb.
Bildirilib ki, “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun (Qanun) 25-ci maddəsinə müvafiq olaraq, “T-Kredit” Bank olmayan kredit təşkilatı” MMC tərəfindən təqdim edilmiş ərizədən irəli gələrək, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 29 sentyabr tarixli Qərarı ilə “T-Kredit” Bank Olmayan Kredit Təşkilatı” MMC-yə verilmiş 28.07.2026-cı il tarixli, BKT-51 nömrəli lisenziya ləğv edilib.
Həmçinin İdarə Heyətinin yuxarıda göstərilən Qərarı ilə Qanunun 25-ci maddəsinə əsasən, prudensial tələblərə riayət etməməklə Mərkəzi Banka təhrif olunmuş hesabatların təqdim olunmasına görə “Fintrend” Bank Olmayan Kredit Təşkilatı MMC-yə verilmiş 05.06.2014-cü il tarixli, BKT-24 nömrəli lisenziya ləğv edilib.
Qanuna əsasən, BOKT lisenziyasının ləğv edilməsi haqqında qərarın qüvvəyə mindiyi gündən fəaliyyətini dayandırır və Azərbaycanın Mülki Məcəlləsində müəyyən olunmuş qaydada ləğv edilir.
Qeyd edək ki, “T-Kredit” MMC “Bank BTB” ASC-nin təşkilati-hüquqi formasını dəyişərək BOKT-a çevrilməsi nəticəsində yaranıb.
“Bank BTB” hazırda ağır cinayətlərdə ittiham olunan Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ailəsinə məxsusdur.