Türkiyənin məşhur ifaçısı Mustafa Cecelinin Azərbaycanda mətbuat konfransı baş tutub.
Manset.az xəbər verir ki, mətbuat konfransında sənətçi yeni mahnısı olan “Benim de Hakkım” barədə danışıb.
Mustafa Ceceli sözügedən mahnının klip çəkilişi ilə bağlı Bakıya gəldiyini bildirib. Onun sözlərinə görə, klipin bütün çəkilişləri Azərbaycan paytaxtında həyata keçiriləcək.
Klip üçün Bakının bir sıra tanınmış məkanlarından istifadə olunacaq. Belə ki, çəkilişlərin İçərişəhər, Şıxov, Ağ şəhər, Yanardağ, Heydər Əliyev prospekti, Dağüstü park və digər ərazilərdə aparılması nəzərdə tutulub.
Sənətçi “Benim de Hakkım” mahnısının əsas xüsusiyyətlərindən birinin duet formatında olmamasına da diqqət çəkib.
Mustafa Ceceli qeyd edib ki, azərbaycanlı sənətçilərlə birgə hazırladığı duetlərin klipləri ənənəvi olaraq Bakıda çəkilir. Lakin bu dəfə Bakıya tək ifa etdiyi mahnının klipini çəkmək üçün gəlib:
“Ümumilikdə, azərbaycanlı dostlarımızla duet mahnılar ifa etdikdə kliplər Bakıda çəkilir. Bu dəfə də mənə sual verildi ki, “Siz yenə də duet mahnı hazırlayırsınız və buna görə Bakıda çəkiliş ediləcək?”. Mən də bildirdim ki, “Xeyr, bura mənim öz Vətənim kimidir. Bura gəldikdə başqa bir ölkəyə getmiş kimi hiss etmirəm. Mən həmişə Bakıya bu düşüncə ilə gəlirəm. Buna görə də bu dəfə dedim ki, tək oxuduğum mahnıya məhz Bakıda klip çəkdirəcəyəm”.
Fidan Vəlisoy