Kibertəhlükəsizlik üzrə tədqiqatçılar bildiriblər ki, kibercinayətkarlar kriptovalyuta və bank kartı məlumatlarını oğurlamaq məqsədilə dünyanın ən çox ziyarət edilən internet saytlarından bəzilərinə müdaxilə ediblər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik üzrə tədqiqatçı Skott Helme açıqlamasında JavaScript proqramlaşdırma dili ilə yazılmış zərərli kodun kriptoaktivləri və bank kartı məlumatlarını oğurlamaqla yanaşı, istifadəçilərin cihazlarına virus yükləmək üçün də istifadə edildiyini bildirib.
Helme qeyd edib ki, sözügedən kod rəqəmsal optimallaşdırma platforması olan “Optimizely” vasitəsilə müxtəlif sahələrdə fəaliyyət göstərən 178 şirkətin internet saytına yerləşdirilib.
Hücumdan zərər çəkən qurumlar arasında “IKEA”, “Salesforce”, “Equifax”, BBC və CNN ilə yanaşı, “Zoom”, “GitLab”, “HSBC”, “Air France-KLM”, “Ledger” və “Peacock” kimi tanınmış platformalar da var.
Kibertəhlükəsizlik şirkəti “HudsonRock” da bu üsulla zərərli kodun yayıldığını təsdiqləyib. Lakin hücum nəticəsində neçə istifadəçinin zərər çəkdiyi hələlik məlum deyil.