ATƏT Parlament Assambleyasının İpək Yolu Qrupunun 17-ci iclası oktyabrın 8-də Andorra la Vella şəhərində qurumun Payız Sessiyası çərçivəsində keçirilib.
Manset.az xəbər verir ki, iclasda
əsas diqqət dənizə çıxışı olmayan ölkələrin üzləşdiyi bağlantı problemlərinə və
ATƏT məkanında parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsi
imkanlarına yönəldilib.
İpək
Yolu Qrupunun sədri Azay Quliyev çıxışında geosiyasi qeyri-müəyyənlik, iqtisadi
təzyiqlər və ənənəvi təchizat zəncirlərində baş verən fasilələr fonunda
bağlantı məsələsinin strateji əhəmiyyətinin getdikcə artdığını vurğulayıb. O qeyd edib ki, müasir dövrdə
bağlantı anlayışı artıq yalnız
avtomobil və dəmir yollarını, limanları və
ticarət marşrutlarını əhatə etmir. Bu anlayış ölkələr və cəmiyyətlər arasında
açıq, etibarlı və dayanıqlı əlaqələrin qorunması imkanını da özündə ehtiva
edir.
İclasda
ATƏT PA-nın Baş katibi Roberto Montella da çıxış edərək İpək Yolu Qrupunun
fəaliyyətinə dəstəyini ifadə edərək ATƏT
məkanında dayanıqlığın, bağlantının və iqtisadi əməkdaşlığın
gücləndirilməsində İpək Yolu
platformasının mühüm rolunu qeyd edib.
ATƏT
PA-nın vitse-prezidenti Luis Qrasiya isə İpək Yolu Qrupunun bağlantı sahəsində
parlamentlərarası əməkdaşlığın və parlament
diplomatiyasının inkişaf etdirilməsi istiqamətində fəaliyyətini
yüksək qiymətləndirib. O, nəqliyyat, ticarət və iqtisadi əlaqələrin
gücləndirilməsinin yalnız iqtisadi inkişafa deyil, həm də ölkələr arasında
qarşılıqlı anlaşma, etimad və əməkdaşlığın möhkəmlənməsinə xidmət etdiyini
bildirib.
Tədbirdə Andorranın Enerji Keçidi, Nəqliyyat
və Mobillik üzrə Dövlət Katibliyinin direktoru Karles Qrasiya xüsusi təqdimatla
çıxış edib. Karles
Qrasiya dənizə çıxışı olmayan ölkə kimi Andorranın üzləşdiyi nəqliyyat və
bağlantı problemləri barədə məlumat verib, ölkənin iqtisadi inkişafı və
beynəlxalq əlçatanlığının təmin edilməsində etibarlı nəqliyyat infrastrukturu,
sərhədyanı əməkdaşlıq, mobillik və dayanıqlı nəqliyyat həllərinin əhəmiyyətini
vurğulayıb.
İclasda,
həmçinin İpək Yolu Qrupunun yaradılmasının 10-cu ildönümü və Qrupun VI
Beynəlxalq Konfransının 2027-ci ildə Xorvatiyada keçirilməsi ilə bağlı hazırlıq
məsələləri müzakirə olunub. İpək
Yolu Qrupunun sədr müavini, Xorvatiyanın ATƏT
PA-da nümayəndə heyətinin
rəhbəri Mihael Zmayloviç yubiley tədbiri və konfransın keçirilməsi ilə bağlı
ilkin planları təqdim edib. O
bildirib ki, Qrupun 10 illik yubileyi yalnız ötən onillik ərzində görülmüş
işlərin qiymətləndirilməsi baxımından deyil, həm də qarşıdakı illər üçün yeni
və perspektivli fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm
imkan yaradacaq.
İclas iştirakçıları
İpək Yolu Qrupunun 10 illik
yubileyi və VI Beynəlxalq Konfransın 2027-ci ilin 14-15 aprelində Xorvatiyada keçirilməsi haqqında qərar qəbul ediblər.