logo
logo logo
logo

"Qərəzli hücumlarda sinxronluq təsadüfi olmur - Millət vəkili

13:06 - 13 Oktyabr 2026

\"Qərəzli hücumlarda sinxronluq təsadüfi olmur - Millət vəkili

Son günlər sosial şəbəkələrdə olduqca həssas mövzu ətrafında qızğın müzakirələr gedir, əksər hallarda hüquqdan və məntiqdən uzaq olan ziddiyyətli fikirlər səsləndirilir. Müzakirələrin qüsurlu tərəfi ondadır ki, dünyəvi dəyərlərlə dini dəyərlərimiz məqsədli şəkildə qarşı-qarşıya qoyulur, həqiqət təhrif edilir.


Dünyəviliyin məram və məqsədi qəsdən unudularaq guya ölkəmizdə İslam dəyərlərinin sıxışdırıldığı görüntüsü yaradılır. Halbuki dünyəvi dövlət modelinin üstünlüyü elə ondadır ki, vətəndaşın digər hüquqları ilə yanaşı, vicdan və dini etiqad azadlığına da təminat verir. Dini dəyərlərə dövlətimizin, rəsmi məqamların nə qədər həssas yanaşdığını görə bilmək üçün Qarabağda aparılan bərpa-quruculuq işlərinə diqqət yetirmək kifayətdir. İşğaldan azad olunmuş torpaqlarımızda ilk görülən işlərdən biri məscidlərin bərpası və yenilərinin inşası ilə bağlı oldu, 30 ildən sonra Qarabağda və Şərqi Zəngəzurda yenidən azan sədası ucaldı.

Bəziləri ədalət hissini unudaraq bu gerçəkliyi görməzdən gəlir, İslamı siyasi mübarizə ideologiyasına çevirməyə çalışırlar. Vətəndaşın nədənsə haqlı və ya haqsız narazılığı, şikayəti ola bilər. Lakin onların həlli məktəb binasını, avtomobilləri yandırmaqdan, yaxud hansısa həmvətənini daş-qalaq etməkdən yox, müvafiq dövlət orqanlarına sivil qaydada müraciətdən keçir. Sosial şəbəkələrdə, xüsusilə xaricdən idarə olunan internet resurslarında Azərbaycan əleyhinə məqsədyönlü informasiya təxribatının, çirkin qarayaxma kampaniyasının aparıldığını görməmək mümkün deyil.

Tarixi Zəfərimizdən ötən müddət ərzində dəfələrlə şahidi olduğumuz rəzil və rüsvayçı səhnəni yenidən müşahidə edirik: hədəfdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Azərbaycan iqtidarıdır. Diqqətdən o da yayınmamalıdır ki, bütün bunlar Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmağa çalışan dairələrin sosial media resurslarında fəallaşması və Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi 8 oktyabr tarixli növbəti qərəzli qətnaməsi ilə eyni vaxta təsadüf edir. Bu cür çirkin hücumlarda sinxronluq heç vaxt təsadüfi olmur.

Sosial şəbəkələrdə və digər internet resurslarında ictimai rəyə sırımağa çalışırlar ki, guya Prezident İlham Əliyev və onun komandası “İslamın düşmənləridir”. Siyasi dələduzluqlarını inanclı insanların həssas hissləri arxasında gizlətməyə çalışanlara və onları idarə edənlərə Azərbaycan Prezidentinin sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının üzv və müşahidəçilərindən, Yəhya Bakuvi Beynəlxalq Konfransının həmtəşkilatçılarından və Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşündə səsləndirdiyi bu açıqlamanı bir daha xatırlatmağı zəruri hesab edirəm: “Bizim dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir. Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs “Qurani-Kərim”ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir. Biz də nə qoymalıyıq bunun qabağına? Ancaq birliyimizi!”

Müsəlman ölkələrinin dövlət başçıları arasında “İslam terrorizmi” damğasına  ictimai şəkildə etiraz səsini ucaldan və dini dəyərlərimizi cəsarətlə müdafiə edən Lider nümunəsi, təəssüf ki, elə də çox deyil. Bu böyük həqiqəti görməmək üçün ya gərək allahsız olasan, ya da ədalət hissini unudub kimlərinsə siyasi avantürasına qoşulasan. Ona görə nə belələri, nə də onlardan müvəqqəti alət kimi istifadə edən dairələr özlərini əbəs yerə yormasınlar. İslamı məqsədli şəkildə siyasi mübarizənin ideoloji platformasına  çevirməyə və müstəqil Azərbaycanın dünyəvi dövlət əsaslarını dəyişməyə cəhd göstərənlər birdəfəlik bilməlidirlər ki, ölkəmizdə daxili sabitliyi təhdid edə və ictimai konsensusu poza bilməyəcəklər! Buna çalışanlar, ilk növbədə qanun, vicdanını itirməyənlər isə həm də öz vicdanları qarşısında cavab verməli olacaq!

Ülvi Quliyev, 

Milli Məclisin deputatı


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az