- Azərbaycan İşgüzar Qadınlar təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycanın mədəni irsi, qadınların inkişaf imkanları və gələcəyin formalaşdırılmasında onların rolu diqqət mərkəzində olub.
Azercell-in tərəfdaşlığı
ilə Azərbaycan İşgüzar Qadınlar (Azerbaijan Business Women, ABW) təşkilatının təsis
etdiyi SHE platforması çərçivəsində “Fabric of the Future” (“Gələcəyin
toxuması”) adlı xüsusi tədbir keçirilib. Azərbaycanın qədim tətbiqi sənət növlərindən
olan quramadan ilhamlanan konsepsiya keçmişdən miras aldığımız dəyərlərlə gələcək
üçün yaratdığımız yeni imkanlar arasında əlaqəni əks etdirib. Proqramda ənənəvi
sənətkarlığın müasir yaradıcılıqda yaşadılması, eləcə də qadınlar üçün yeni
sosial və iqtisadi imkanların yaradılması mövzularına yer verilib.
Tədbirdə qurama sənətinin
dirçəldilməsi, tədqiqi və beynəlxalq səviyyədə təbliği istiqamətində çalışan
Əminə Məlikovanın yeni kolleksiyası təqdim olunub. Dünyanın müxtəlif ölkələrindən
toplanmış minlərlə qalstukdan yaradılan əsərlər qurama ənənəsini müasir bədii
ifadə ilə birləşdirərək, fərqli parçalardan yeni bir bütövün yaranması
ideyasını əks etdirib.
Tədbirin açılışında
çıxış edən Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin
Əliyeva qadınların imkanlarının genişləndirilməsində texnologiyanın və məsuliyyətli
biznesin rolundan danışıb:
“Texnologiya mədəni
irsimizi yalnız qorumağa deyil, onu yeni iqtisadi imkanlara çevirməyə də kömək
edir. Rəqəmsal bacarıqlar və texnologiyalara çıxış sayəsində qadınlar ənənəvi sənətkarlıq
nümunələrini daha geniş auditoriyaya təqdim edə və bizneslərini inkişaf etdirə
bilərlər. Bizim məqsədimiz keçmişdən miras qalan mədəni dəyərləri qorumaqla
yanaşı, gələcək nəsillər üçün daha geniş imkanlar yaratmaqdır”.
Şirin Əliyeva, həmçinin
Azercell-in qızların və qadınların təhsilinə, fərdi inkişafına və sosial
rifahına dəstək məqsədilə həyata keçirdiyi təşəbbüslər haqqında məlumat verib.
Tədbirdə
Azercell-in təşkilatçılığı ilə “Gələcəyimizi formalaşdırmaq” mövzusunda panel
müzakirəsi də keçirilib. Müzakirədə cəmiyyətin qadınlardan gözləntiləri, rəqəmsal
təhsil, eləcə də qadın və qızların dəstək xidmətlərinə çıxışı barədə fikir
mübadiləsi aparılıb.
Paneldə iştirak edən
Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova
qadınların sosial və iqtisadi müstəqilliyinin gücləndirilməsi və qızların
inkişaf imkanlarının genişləndirilməsi məsələlərinə toxunub. O, şirkətin dəstəyi
ilə fəaliyyət göstərən “Qadın Dəstək Xətti” və “Oflayn Qadınlar” rəqəmsal
platforması haqqında məlumat verərək, bu təşəbbüslərin çətin həyat şəraitində
olan qadınların vaxtında dəstək almasına xidmət etdiyini bildirib. Sona
Abbasova Azercell abunəçilərinin “Qadın Dəstək Xətti”nə ödənişsiz zəng edə,
“Oflayn Qadınlar” platformasından isə internet paketi olmadan yararlana bildiklərini
qeyd edib. O, bu imkanların qadınların ehtiyac duyduqları anda dəstək xidmətlərinə
çıxışını asanlaşdırdığını vurğulayıb.
Azərbaycan İşgüzar
Qadınlar təşkilatının sədri və SHE platformasının təsisçisi Tatyana Mikayılova
tədbirin ideyası və əhəmiyyəti haqqında danışıb:
“Bəzən böyük
ideyalar gözlənilməz bir görüşdən, bir söhbətdən, hətta bir kitabdan yaranır.
Əminə Məlikovanın qurama sənətinə həsr etdiyi kitabdan ‘Fabric of the Future’
ideyası doğuldu. Daha sonra bu ideya Əminə xanımı yeni kolleksiya yaratmağa
ruhlandırdı. Dünyanın müxtəlif ölkələrindən toplanmış minlərlə qalstukdan
yaradılan bu əsərlər onun istedadı və milli irsimizə müasir baxışı sayəsində
keçmişlə gələcək arasında özünəməxsus bir dialoqa çevrildi.
Amma bizim məqsədimiz
yalnız incəsənəti təqdim etmək deyildi. Azərbaycan İşgüzar Qadınlar təşkilatının
və SHE platformasının fəaliyyətinin əsasında üç əsas prinsip dayanır: təhsil,
iqtisadi müstəqillik və qadınların öz həyatlarına dair müstəqil qərarlar vermək
imkanı. Tədbirdəki müzakirələr bu prinsiplərin nə qədər aktual olduğunu bir
daha göstərdi. Azercell-in tərəfdaşlığını xüsusilə dəyərli edən şirkətin bu dəyərləri
bölüşməsi və belə təşəbbüslərin uzunmüddətli təsirini anlamasıdır. Bizim üçün tədbirin
keçirilməsi deyil, ondan sonra nə baş verdiyi daha vacibdir. Aldığımız rəylər
göstərir ki, həmin axşam başlayan söhbətlər hələ də davam edir, insanları
düşünməyə və hərəkətə keçməyə sövq edir. Əslində, gələcəyin toxuması da belə
yaranır: fərqli ideyalar, insanlar və imkanlar bir araya gələrək yeni bir bütöv
yaradır”.
Proqram aktyor və
teleaparıcı Kamran Ağabalayevlə Əminə Məlikovanın söhbəti ilə davam edib. Söhbət
zamanı qurama sənətinin tarixi, onun müasir yaradıcılıqda yeni ifadə imkanları
və kolleksiyanın yaranması ideyası diqqət mərkəzində olub.
Əminə Məlikova
kolleksiyanın əsas ideyasını belə izah edib:
“QURAMA:
Qalstuklardan toxunan hekayələr” Azərbaycanın ənənəvi qurama sənətindən
ilhamlanan layihədir. Burada müasir geyimin ən tanınmış elementlərindən biri
olan qalstuk yeni bədii məna qazanaraq yaddaşın, kimliyin və şəxsi hekayələrin
bir parçasına çevrilir. Layihə çərçivəsində vaxtilə müxtəlif insanlara məxsus
olmuş qalstuklardan 11 tekstil kompozisiyası yaradılıb. Bu əsərlər bir araya gələrək
insan talelərinin və xatirələrinin qeyri-adi arxivini formalaşdırır”.
Azercell bu tərəfdaşlıqla
qadınların bacarıqlarını reallaşdırmasına və yeni imkanlar qazanmasına dəstəyini
ifadə edib. Şirkət təhsil, rəqəmsal bacarıqlar və sosial dəstək sahələrində təşəbbüsləri
ilə qadınların cəmiyyətin sosial və iqtisadi həyatında daha fəal iştirakını təşviq
edir.