Binəqədi rayonunda keçmiş Azərbaycan Beynəlxalq Universitetinin qarşısındakı avtobus dayanacağında qanunvericiliyin tələbləri pozulub.
Manset.az xəbər verir ki, sözügedən dayanacaqda 3, 88, 93 nömrəli avtobuslar dayanır. Asfaltda dayanacaqla bağlı yol nişanı göstərilsə də, buradan hansı avtobusların keçdiyini işarə edən nə göstərici dirək, nə də sərnişin pavilyonu var. Bu da vətəndaşlar üçün çətinlik yaradır.
Məsələ ilə bağlı saytımıza açıqlama verən nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, Bakı üçün xarakterik haldır:
“Biabırçılıq olsa da, paytaxtın bəzi yerlərində belə halla rastlaşırıq. Ya asfalta işarə qoyulur, yol kənarında göstərici dirək olmur, ya da əksinə. Bir çox yerdə isə sərnişinlər üçün dayanacaq pavilyonu yoxdur. Bakı Nəqliyyat Agentliyi nəqliyyatın intellektual idarəetməsindən, piyadayönümlü şəhərdən danışır. Bu cür qüsurları isə nədənsə görmür. Bütün bu problemlərin həlli BNA-nın səlahiyyətindədir”.
Bakı Şəhər İcra Hakimiyyətindən isə saytımıza bildirilib ki, məsələyə baxılacaq.