Sumqayıt şəhəri “Sunset” istirahət mərkəzində baş verən partlayışla bağlı Sumqayıt Tibb Mərkəzi məlumat yayıb.
Manset.az xəbər verir ki, bu gün saat 19:12 radələrində Sumqayıtın Sahil küçəsində partlayış olması barədə Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasına çağırış olub.
Çağırışla əlqədar hadisə yerinə iki briqada cəlb olunub. Məlum olub ki, Corat-Novxanı yolunda, Sahil küçəsində fəaliyyət göstərən “Sunset” istirahət mərkəzində suqızdırıcının (kombi) partlaması nəticəsində orada çalışan üç əməkdaş müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Xəsarət alan 1972, 1969-cu il təvəllüdlü iki qadın və 1963-cü il təvəllüdlü kişi Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.
Vəziyyətləri ağır olan hər üç şəxs təcili tibbi yardım avtomobili ilə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə yola salınıb.
***
Xəbər verdiyimiz kimi, "Sunset" restoranında dəhşətli partlayış baş verib.
Bununla bağlı Manset.az-a açıqlama verən restoranın adminstratoru İbrahim Əliyev yaralıların olduğunu bildirib.
"İşçinin əlindəki siqaretlə qaz balonununu açması nəticəsində partlayış baş verib. Üç işçimiz müxtəlif dərəcəli bədən xəsarəti alıb".
Hazırda təcili tibbi yardım briqadaları hadisə yerindədir. Yaralılar xəstəxanaya aparılır.