28 il əvvəl dünya geosiyasi məkanında «Əsrin müqaviləsi» ilə uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atan Azərbaycanın həyata keçirdiyi milli enerji siyasəti, enerji diplomatiyası ilk növbədə, respublikamızın təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb, dünyanın enerji xəritəsini dəyişib. “Əsrin müqavilsəsi” Azərbaycan üçün ən mühüm strateji hadisələrin yadda qalması üçün əsas oldu. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşü çərçivəsində Ulu öndər Heydər Əliyev, Gürcüstan prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tibilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzalandı. Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən “İstanbul Bəyannaməsini” imzaladılar. Bununla da Azərbaycanın Qərblə iqtisadi-siyasi münasibətlərində yeni mərhələ başlandı”.
Manset.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsini üzvü Aydın Hüseynov bildirib.
Millət vəkli qeyd edib ki, 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istifadəyə verilməsi ilə Azərbaycanın Avropaya enerji nəqli başlandı. “BTC nəhəng neft marşrutu kimi regionda əsas boru kəmərinə çevrildi.Qazaxıstan və Türkmənistanın dünya bazarına çıxması və enerji təhlükəsizliyi sisteminə qoşulmasında bu kəmərin flaqman olması öz təsdiqini tapdı. Qazaxıstan neftinin Xəzər dənizi və respublikamızın ərazisindən nəql edilməsi və BTC neft boru kəməri vasitəsilə dünya bazarına çıxarılması mühüm əhəmiyyət daşıdı və qazax nefti bu kəmərlə dünya bazarına çıxarıldı.2010-cu ildə isə Türkmənistan öz neftini BTC ilə nəql etməyə başladı. Beləliklə, “Bakı-Tbilisi-Ceyhan” regionun enerji xəritəsini dəyişdi”.
A. Hüseynov qeyd edib ki, “Əsrin müqaviləsi” yeni enerji müqavilələrinin, enerji dəhlizlərinin, neft-qaz sektorunda mühüm hadislələrin baş verməsinə səbəb oldu. Trans-Anadolu boru kəməri (TANAP), Trans Adriatik boru kəməri (TAP) layihələri məhz 1994-cü ildə əsası qoyulmuş uğurlu neft strategiyasının mühüm nəticəsidir. Həmçinin, “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın milli gəlirlərinin artmasında da mühüm rol oynamaqdadır. “Neft strategiyasının əsas başlıca prinsiplərindən biri neft gəlirlərin ədalətli bölgüsü və şəffaflığın təmin edilməsidir. Bu məqsədlə 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunun fəaliyyəti ölkəmizdə neft vəsaitlərinin ədalətli bölüşdürülməsi konsepsiyasının nə qədər düzgün olduğunu təsdiqləyir. “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın milli gəlirlə\rinin artması, neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinə yönəldilməsi, iqtisadiyyatın şaxələndirilməsi və Azərbaycanın strateji valyuta ehtiyatlarının artmasında da mühüm rol oynayıb.