Zelenski Rusiya və İran vətəndaşlarına qarşı sanksiya tətbiq etdi

21:02 - 15 Mart 2026

Zelenski Rusiya və İran vətəndaşlarına qarşı sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hərbi-sənaye kompleksinə xidmət göstərən Rusiya və İran şirkətlərinə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan fərmanlar imzalayıb.


Manset.az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Sanksiya paketinə hərbi-sənaye kompleksi ilə əlaqəli 130 fiziki və 48 hüquqi şəxs daxil edilib. Onların arasında Rusiyanın pilotsuz uçuş aparatları və raketlərində istifadə olunan "Kometa" seriyalı peyk naviqasiya avadanlığının istehsalı üçün komponentlər tədarük edən şirkətlər də var.

Bundan başqa, "Oreşnik" raket kompleksinin istehsalında iştirak edən müəssisələr də sanksiya siyahısına salınıb. Sənəddə qeyd olunub ki, siyahıya həmçinin İran pilotsuz aparatları və raketlərinin hazırlanması ilə əlaqəli olan İran şirkətləri və vətəndaşları, eləcə də Rusiyada "Şahed" dronlarının istehsalının qurulmasına və genişləndirilməsinə kömək edən şəxslər daxil edilib.

Sanksiyalar həmçinin Ukrayna şəhərlərinə və enerji obyektlərinə hücumlarda istifadə olunan "Şahed" PUA-larının operatorlarını hazırladıqları iddia edilən iranlı təlimatçılara da şamil olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az